Məhkəmə qərarları › İş №e-2-2(117)-497/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-497/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-497/2022 19.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “18.05.2020-ci il tarixli AZTX/145 nömrəli texniki xidmət müqaviləsinə əsasən ödənilməmiş qalan 5426,50 manat əsas borc, 755,06 manat dəbbə pulu, 271,32 manat cərimə məbləğinin və 85 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sifarişçi Cavabdeh arasında bağlanmış bağlanmış 18.05.2020-ci il tarixli AZTX/145 nömrəli texniki xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş tikinti avadanlıqları icraçının fəaliyyət göstərdiyi Bakı-Şamaxı şosesi 15-ci km ünvanda yerləşən servis mərkəzində önəcədən razılaşdırılmış qiymətlər ilə texniki-təmir xidmətlərinin göstərilməsini və həmin texnikaları ehtiyat hissələri ilə təchiz etməyi, sifarişçi isə müqaviləyə əsasən müəyyən edilmiş texniki-təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.6-cı bəndinə əsasən icraçı tərəfindən nəqliyyat vasitəsinə xidmət başlamazdan qabaq sifarişçi əvvəlcədən tam məbləğin 50 %-ni, işi təhvil aldıqdan sonrakı 30 gün müddətində ödənişin qalan hissəsini təmin etməlidir. 3.2-ci bəndinə əsasən, müqaviləyə əsasən göstəriləcək xidmətlərin dəyəri bu müqavilənin ayrılmaz hissəsi hesab edilən təhvil təslim aktı və Azərbaycan Respublikasının normativ aktları ilə müəyyən edilmiş elektron qaimə faktura, elektron hesab fakturalar əsasında Azərbaycan manatı ilə bu müqavilənin 2.6-cı bəndi ilə müəyyən edilmiş qaydada və müddətdə köçürmə yolu ilə ödəniləcəkdir. 3.3-cü bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı və ehtiyat hissəsi dəyəri köçürmə yolu ilə icraçının bank hesabına ödənilir. 4.5-ci bəndinə əsasən sifarişçi bu müqavilə üzrə göstərilən xidmətlərin dəyərini müqavilədə göstərilən müddət bitdiyi gündən sonra ödənişin gecikdirildiyi hər günə görə həmin ödənişin gecikdirilmiş hissəsinin 0,1 % məbləğində dəbbə pulu ödəməyə borcludur. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək sifarişçinin sifarişi əsasında 17.08.2020-ci il tarixli elektron qaimələrlə 744,77 manat və 496,80 manat, 28.08.2020-ci il tarixli elektron qaimə ilə 601,58 manat, 16.12.2020-ci il tarixli elektron qaimə ilə 2574,85 manat və 21.01.2021-ci il tarixli elektron qaimə ilə 1008,78 manat dəyərində servis xidməti göstərmiş, buna baxmayaraq sifarişçi olan cavabdeh xidmətlərin dəyərini tam ödəməmişdir. Bu səbəbdən cavabdehin 5426,50 manat borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin borc hazırki vaxtadək ödənilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.05.2020-ci il tarixli texniki xidmət müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsinə xidmətə başlamazdan qabaq Cavabdeh MMC əvvəlcədən tam məbləğin 50% -ni, işi təhvil aldıqdan sonraki 30 gün müddətində ödənişin qalan hissəsinin təmin etməlidir. Hal-hazırda cavabdehin "xxxx" MMC-yə 5426,50 manat əsas borcu yaranmışdır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 22.04.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Elektron qaimələr, Servis xidmətləri üçün sifariş orderi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə sifarişçi Cavabdeh arasında bağlanmış 18.05.2020-ci il tarixli AZTX/145 nömrəli texniki xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş tikinti avadanlıqları icraçının fəaliyyət göstərdiyi Bakı-Şamaxı şosesi 15-ci km ünvanda yerləşən servis mərkəzində önəcədən razılaşdırılmış qiymətlər ilə texniki-təmir xidmətlərinin göstərilməsini və həmin texnikaları ehtiyat hissələri ilə təchiz etməyi, sifarişçi isə müqaviləyə əsasən müəyyən edilmiş texniki-təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək sifarişçinin sifarişi əsasında 17.08.2020-ci il tarixli elektron qaimələrlə 744,77 manat və 496,80 manat, 28.08.2020-ci il tarixli elektron qaimə ilə 601,58 manat, 16.12.2020-ci il tarixli elektron qaimə ilə 2574,85 manat və 21.01.2021-ci il tarixli elektron qaimə ilə 1008,78 manat dəyərində servis xidməti göstərmiş, buna baxmayaraq sifarişçi olan cavabdeh xidmətlərin dəyərini ödəməmiş və 5426,50 manat borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürüdüyü öhdəliyi lazımında yerinə yetirmədiyindən yaranmış 5426,50 manat əsas borc cavabdehdən tutularaq ödənilməlidir. Məhkəmə iddia tələbinin 755,06 manat dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh servis xidmətlərinin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada 30 gün müddətində ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş və dəbbə pulunun artmasına şərait yaratmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən yerinə yetirilməsə də, iddiaçı üzərinə düşən hərəkətləri yerinə yetirməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 755,06 manat deyil, 200 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 271,32 manat cərimə məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 % həcmində 5426,50 x 5% = 271,32 manat cərimə borcunu tələb edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçı əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada dəbbə pulu tələb edir ki, belə olan halda gecikdirilmiş vaxt üçün faiz tələb edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 84,53 manat olmalıdır ki, iddiaçı tərəfindən 85 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən cavabdehdən 73,70 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, qalan 10,83 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 18.05.2020-ci il tarixli AZTX/145 nömrəli müqaviləyə əsasən 5426,50 manat əsas borc, 200 manat dəbbə pulu və 73,70 manat dövlət rüsumu alınaraq idddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 10,83 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar