Məhkəmə qərarları › İş №e-2-2(117)-5/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-5/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-5/2023 31.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X10, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aqrokimyəvi xidmətlərin qüsurlu icrası nəticəsində dəymiş 402864 manat ziyan və 155000 manat qaz sərfiyyatı üzrə ziyan olmaqla, ümumilikdə 557864 manat pulun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Sifarişçi İddiaçı (bundan sonra mətndə-İddiaçı) ilə İcraçı Cavabdeh (bundan sonra mətndə-Cavabdeh) arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, bu Müqavilənin şərtlərinə görə müqaviləyə əlavə olunmuş “Xidmətlərin Həcmi və Ödəmə Şərtləri”ndə göstərilən xidmətləri razılaşdırılmış şərtlərlə sifarişçiyə göstərməyi, “Sifarişçi” isə həmin Xidmətlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətləri lazımi keyfiyyətdə və hazırki müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə göstərmək İcraçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən İcraçı tərəfindən Xidətlərin icrası bu müqavilə tarixindən başlayaraq xidmətləri tam başa çatdıraraq Sifarişçi ilə İcraçı arasında imzalanacaq Yekun Təhvil-Təslim Aktına əsasən Sifarişçiyə tam təhvil verəcəkdir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən Bu müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı Tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu müqavilə ilənəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə əssən tətbiq ediləcəkdir. Həmin Müqavilənin 9.3-ci bəndinə əsasən, Sifarişçidən bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə halları istisna olmaqla, “İcraçı” tərəfindən xidmətlərin yerinə yetirilməsinin müqavilə ilə müəyyən olunmuş müddətdə başa çatdırılması gecikdirildikdə, “İcraçı” hər gecikmə günü üçün bu müqavilənin ümumi dəyərinin 0,1% həcmində Sifarişçiyə dəbbə pulu ödəməlidir. Həmin Müqavilənin 15.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Müqaviləyə xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavədə xidmətlərin həcmi və ödəmə şərtləri aqrokimyəvi xidmətə görə ayda 1000 manat olmaqla, illik 12000 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə 30 sentyabr 2020-ci il tarixli 2 nömrəli Əlavədə Xidmətlərin Təhvil-Təslim Aktına əsasən, İcraçı Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli Müqaviləyə əsasən müəyyən olunmuş xidmətləri müqavilənin şərtlərinə əsasən sifarişçiyə göstərmişdir, Sifarişçi isə həmin xidmətləri İcraçıdan təhvil almışdır. İşə əlavə edilmiş Qurban və Rasim adlı şəxs arasında xx.xx.2020 il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr ərzində aparılmış “Whatsapp yazışmaları”nın ümumi məzmunundan görünür ki, həmin dövrlərdə İddiaçı MMC-nin Abşeron rayonu Zirə qəsəbəsində yerləşən istixanada pomidor bitkisinin yetişdirilməsi ilə bağlı işgüzar yazışmalar aparılmış, ortaya çıxan problemlər, işlərin aparılmasına nəzarət edən Qurban adlı şəxs ortaya çıxan problemləri mütəmadi olaraq Rasim adlı şəxsə bildirmiş, onun həlli yolları ilə bağlı məhsul yığımı və satışı ilə bağlı müzakirələr getmiş, eyni zamanda həmin pomidor bitkisinə qulluqla bağlı, dərmanlama və həmin məhsulun xaricə ixracı ilə bağlı problemlərin müzakirəsi aparılmışdır. İddiaçının nümayəndəsi təmsil etdiyi hüquqi şəxsin dövlət reyestrindən çıxrış təqdim etməmiş, lakin Rasim adlı şəxs vəzifəli şəxs olmaqla İddiaçı MMC-nin təsisçisi olmasını təsdiq etmiş,Qurban adlı şəxsin isə iddiaçıya cavabdeh tərəfindn təhkim edilən aqronom olan X11 olması müəyyən edilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-də Aqronomu və köməkçilərinin xx.xx.2021-ci il tarixli Təhvil-Təslim Aktından görünür ki, əkin sahəsinin təhvil-təslimi zamanı aşağıdakı çatışmazlıqlar və nəticələr aşkar olunmuşdur: 1.Virus- əkin sahəsinin B1 Və B2 bloklarında (7ha) 18150 ədəd bitkidə aşkarlanmışdır. Həmin bitkilər əkin sahəsindən kənarlaşdırılmalıdır, əks halda digər sağlam bitkilərə də virusu yoluxdura bilər; 2.Çiçək problemi – B2 blokunda 45000 ədəd bitkinin hərəsində bir ədəd olmaqla mayalanmamış çiçək aşkarlanmışdır; 3.Ağ unlu şeh (Külləmə) A blokunda 13600 ədəd bitkidə ciddi ziiyan müşahidə edilmişdir; 4.Kök problemi – İkin sahəsində A və B blokunda zəif köklər müşahidə edilmişdir. Bu isə məhsuldarlığın zəif olmasına səbəb olacaqdır; 5.Kalsium (Ca) - əkin sahəsində kalsium çatışmazlığı müşahidə edilmişdir. Bu isə bitkilərin meybələrində şürümə ilə nəticələnəcəkdir; 6.Salxım dəstək-Novas Agro MMC-nin əkin sahəsində A və B bloklarında 275000 bitkidə salxıma dəstək taxılmamışdır; 7.Tuta Absoluta - əkin sahəsində populyasiyası müşahidə edilmişdir; 8.Bemisica Tabacci (Ağ qanad) – bitkilərin virusa yoluxmasının artmasına səbəb olacaqdır. Bu təhvil-təslim aktı üzrə təhvil verən şəxs qismində İddiaçı MMC-nin X2 və köməkçiləri X6, X8 təhvil alan şəxslər qismində isə X7 və X9 iştirak etmiş və aktı imzalamışlar. İşə əlavə edilmiş Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, əvvəla, mexaniki tənzimləməni icra etmək üçün yetərli sayda işçi qüvvəsi ilə təmin olunmamışlar. Rusiyaya ixrac qadağan olunduqdan sonra rəhbərliyin qərarı ilə işçilərin sayı azaldılmış və mart aının əvvəllərindən hektara 7 nəfər olmaqla bərpa olunmuşdur. Dərmanlamanın vaxtında aparıla bilməməsinin səbəbi ilə dərmanların vaxtında alınmaması və işçi sayı az olduğuna görə yığım və qulluq işlərinin vaxtında aparıla bilməməsi olmuşdur. İqlimləmənin düzgün aparılmaması iddiası yanlışdır. Zərurət yaranarsa sistemə daxil olub bütün qrafikləri müşahidə etmək də mümkündür. Bəzi uyğunsuzluqların səbəbi isitmə qazanlarının tez-tez sıradan çıxması, texniki təminatının olmaması və qazın təzyiqində yaranan düşüşlər olub. Meyvələrin tez xarab olmasının səbəbi isə ancaq təsisçinin meyvəni daha çox saxlamaqla bağlı göstərişidi. Bitki üzərində olan meyvələr qış aylarında 3, maksimum 4 gündən bir dərilməlidir ki, bitki yüklənib zəifləməsin, lakin rəhbərlik icazə vermirdi. Rusiyaya ixrac edə bilmirdi, daxili bazarda isə ucuz qiymətə satmaq istəmirdi deyə yığım 3-4 gündən bir yox, 15-18 gündən bir olurdu, bu da öz növbəsində həm bitkiyə zərər vururdu, həm də meyvələrin zəifləməsinə səbəb olurdu. Bitki üzərində 24 meyvə olmaq əvəzinə, 35-36 meyvə olurdu ki, bu da öz növbəsində bitkini zəiflədirdi. Bundan əlavə göstəriş verilmişdi ki, dekabr ayından etibarən servis zonasında (meyvələrin yığımdan sonra yığıldığı yer) qətiyyən istilik verilməsin, bu da öz növbəsində həmin zonada rütubət, aşağı tempraturun olmasına səbəb olub, bu isə göbələk xəstəliyinin rahat qalmasına və inkişaf edib meyvələri sirayətləndirməsinə səbəb olub. Rəhbərlik həmçinin nəzərə almalı idi ki, tam qızarmış pomidor sərhədlərdə olan tıxaca görə 14-15 gün yolda qalacaq və xarab olacaq. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli X4 görünür ki, aşağıdakı qüsur və nöqsanlar aşkar edilmişdir: 1.İstixana daxilində bitkinin yarpaqlarında kütləvi TUTA ABSOLUTA süfrəsi və eyni zamanda uçuşa yetkin TUTA müşahidə edilmişdir. Səbəbi isə mexaniki təmizləmə, tuzakların syının düzgün olmaması və vaxtında dərman vurulmamasıdır; 2.Müşahidə olunan bitkilərdə kütləvi şəkildə sarı qıvırcıq virusu mövcuddur ki, bunun səbəbi istixana daxilində ağ kəpənəyin kütləvi popilosiyasıdır; 3.Digər problemlərdən biri funqal xəstəliklərindən olan BOTRİTUS CİNERA-dır. Səbəbi isə yüksək rütubət və artıq yarpaqların saxlanılmasıdır; 4.Digər funqal xəstəlik ağ unlu şeh problemidir. Səbəbi isə yüksək rütubətdir. Qeyd edilən problemlər məhsuldarlığın aşağı olması ilə nəticələnəcək və ümumilikdə cavabdeh şirkətin müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən iddiaçı şirkətə 557864 manat ziyan dəymişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İstixana daxilində bitkinin yarpaqlarında kütləvi TUTA ABSOLUTA süfrəsi və eyni zamanda uçuşa yetkin TUTA müşahidə edilmişdir. Səbəbləri isə 1.Mexaniki təmizləmə; 2.Tuzakların sayının düzgün olmaması 3. Vaxtında dərman vurulmamasıdır. Bundan əlavə, müşahidə olunan bitkilərdə kütləvi şəkildə sarı qıvırcıq virusu mövcuddur ki, bunun səbəbi istixana daxilində ağ kəpənəyin kütləvi popilosiyasıdır. Dərmanlama vaxtında aparılmadığı təqdirdə əmələ gəlir. Digər problemlərdən biri funqal xəstəliklərindən olan BOTRİTUS CİNERA-dır. Səbəbi isə yüksək rütubət və artıq yarpaqların saxlanılmasıdır. Digər funqal xəstəlik ağ unlu şeh problemidir. Səbəbi isə yüksək rütubətdir. İstixanada iqlimləmənin düzgün aparılmaması səbəbindən bəzi yerlərdə bitkilərdə inkişafdan qalmış çiçəklər müşahidə edildi. Eyni zamanda iqlimləndirmədən qaynaqlanan digər problem bitkilərdə vegetasiya prosesinin pozulmasıdır ki, bitkinin inkişaf edən yuxarı hissəsində incəlmə və ümumi bitkidə stress halı müşahidə edilir. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli Təhvil- Təslim Aktına yazılı izahatından görünür ki, həmin izahat Cavabdeh MMC-nin İddiaçı MMC-dəki nümayəndəsi X11 tərəfindən verilmişdir və aşağıdakılar qeyd edilmişdir: 1.Virus (TyLCV) və Bemisica Tabacci (Ağ qanad) – pomidor bitkisi bu virusa qarşı dayanıqsız və həssasdır. Bu virusun yayılmasının səbəbi isə ağcaqanadın populyasiyasının artmasıdır və Tuta absolutayla mübarizəyə üstünlük verilməsidir. Bundan əlavə, virusun lokal mənbəyi aşkarlandıqdan sonra isitmə kollektorunun arxasında şüşənin qırıq olması müşahidə olunmuşdur ki, isti şərait olduğundan sürətlə inkişaf edib və digər yerlərə yayılıb. Şüşənin qırıq olması aşkarlandıqdan sonra dərhal texniki şöbəyə məlumat verilmiş, həmin bölgə yapışqan sarı lentlə karantinə alınmış, ardıcıl hədəfli dərmanlama aparılmışdır. 2.Çiçək problemi – çiçəklərdə yaşanan mayalanma problemi istixananın B2 sektorunda müşahidə olunur. Buna səbəb B 2 blokunun 2,5 və 2,6 sensorlaırnın yanlış tempratur göstərməsi, yanvar və fevral aylarında bitkilərin həddindən artıq yüklü olmasıdır (normaldan artıq salxım və yarpaq sayı). Hər iki sensor təqribi 2-2,5 dərəcə aşağı tempratur göstərib. Bu da öz növbəsində bitkilərin güclü vegetativ yönümlü inkişafına səbəb olub. Bitkilərin vizual olaraq vegetativləşdiyi aşkarlandıqdan sonra yoxlama termometrlər həmin sektorlara qoyulub və anlaşılıb ki, 2,5 və 2,6 sensorları yanlış məlumat göstərir. Fevral ayının 2-dən sonra dərəcə fərqi kompensasiya olunub. Bundan sonra çiçəklərdə normal bitki inkişafı və çiçəklərin mayalanması getmişdir.

3. Ağ unlu şeh (külləmə) – bu xəstəliyin səbəbi yüksək nəmişlik və tempratur düşüş və qalxışlarıdır. Rusiya Federasiyası tərəfindən xx.xx.2020-ci il tarixindən Azərbaycan pomidor ixracına qadağa qoyulduqdan sonra bütün aqrotexnoloji işlərin ardıcıllığı pozulmuşdur. Bundan sonra məhsul yığımı rəhbərlik tərəfindən məhdudlaşdırılmışdır ki, icazə alınacaq müddətə qədər maksimum az məhsul yığılsın ki, daxili bazara aşağa qiymətlə satılmasın. Bitki üzərində normadan artıq 10-11 salxım (8-9 salxım əvəzinə və 24-25 yarpaq (normalda fevral ayı üçün 13-14 yarpaq olmalıdır) olduğu dönəmdə (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arası) şirkətə gələn yeni rəhbərlik tərəfindən qaz sərfiyyatını azaltmaq məqsədi ilə göstəriş verildi ki, gecə və gündüz tempraturları aşağı salınsın. Bu sayda yarpağın saxlanmasına səbəb isə bitki üzərində olan 2-3 salxım tam yetişmiş və qızarmış meyvələrin partlamasının qarşısını almaq idi. Tempratur aşağı salındıqdan sonra xəstəliyin surətlə yayılması müşahidə olundu. Bundan əlavə xx.xx.2021-ci il tarixindən istixananın iki qazanından biri 8 gün müddətində işləməyib. İstixana 1 qazanla işləyib, ona görə də içəridə tempraturun düşməsinin qarşısını almaq üçün gecə və gündüz pərdələrdən istifadə olunub. Pərdənin uzun müddət açıq vəziyyətdə qalması içəridə yüksək rütubətə səbəb olub, bu da öz növbəsində adı gedən xəstəliyin inkişafını surətləndirib. 4.Kök problemi – köklərin hal-hazırda nisbətən zəif olmasının səbəbləri ilk növbədə bitkilərin həddindən artıq meyvə və yarpaq baxımından yüklü olması və dönəmsəl olaraq qış ayı olduğudur. Bütün bu çətinliklərə baxmayaraq, hal-hazırda köklərdə heç bir problem yoxdur. Köklər tam sağlamdır.

5. Kalsium – kalsium çatışmazlığının müşahidə olunmasının səbəbi isitmə xətlərinin yanında olan bitkilərin normadan çox transpirasiya etməsi və istixanın şüşə olmasıdır. Qış rejimində olan bitki köklərinin tez reaksiya verə bilməməsidir. Laboratoriyaya verilən drip və drenaj nümunələrinin analiz cavablarında kalsium əskikliyi müşahidə olunmayıb.

6. Salxım dəstək – istixanada olan bitkilərdə ortalama iki salxıma salxım dəstəyinin taxılmamasının səbəbi salxım dəstəkləri ilə təmin olunmamasıdır. xx.xx.2020-ci il tarixində sifariş veriln ******* ədəd salxım dəstəkdə cəmi 900000 ədəd təmin olunub. Çalışsalar da alt salxımlardan yığımdan sonra toplayıb üst salxımlara taxmağa çalışsalar da bu mümükün olmamışdır. İşçilərin sayı 01 yanvar tarixindən hektara 6 nəfər azaldılmışdır. 7.Tuta absoluta – bu zərərverici ümumiyyətlə ölkə ərazisində çox yayılıb. xx.xx.2020ci il tarixində Rusiya Federasiyası tərəfindən tuta absoluta zərərvericisinin karantin obyekti olduğuna görə pomidor ixracına qadağan qoyulmuşdur. xx.xx.2020-ci ildə AQTA-nın vasitəçiliyi ilə video yoxlama keçirilmiş, yarpaq və pomidor nümunələri yoxlanılmaq üçün göndərilmişdir. xx.xx.2021-ci il tarixdə şirkətə rəsmi olaraq icazə verilmişdir. xx.xx.2021-ci il tarixdə aparılan monitorinq nəticəsində istixanaya tuta absoluta zərərvericisindən təmin statusu verilmişdir. Həmçinin, qeyd edilmişdir ki, 2020-ci ilin noyabr ayından 2021-ci ilin yanvar ayı da daxil olmaqla icraçı direktor, satış müdiri olmamış, aqronom heyəti olaraq istixananın bütün idarəetmsi, satışın təşkili, paketləmənin təşkili, müştərilərlə görüş, yüklərin çəkilməsi, yükün yola salınması və sair işlərin hamısı vəzifə borcu olmasına baxmayaraq aqronomlar tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı İddiaçı ilə Cavabdeh arasında dəymiş maddi ziyanın əvəzinin ödənilməsi ilə əlaqədar qaldırılmış iddianın araşdırılmasının nəticələri haqqında ekspertlərin rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: İddiaçıya məxsus torpaq sahəsində 11 ha ərazidə ən müasir istixana vardır ki, onların da ümumi sahəsi 110000 kv.m-dir. Cavabdeh tərəfindən iddiaçıya aqrokimyəvi xidmətlər faktiki olaraq davamlı göstərilmişdir. İstixanada çalışan mütəxəssislərin mülahizələrinə görə 2020-ci ilin yay-qış-yaz dövriyyəsində burda pomidorun Rusiya mənşəli tezyetişən, iri çəhrayı meyvəli Kinda F1 hibridi əkilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətlərə: konsaltinq, aqronom rəyi, istixanada bitkilərin yetişdirilməsinin təşkili, nəzarət və s. daxil olmaqla xidmətlərin göstərilməsi üçün ixtisaslı aqronomlar ayırmış və onlar 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayına kimi iddiaçıya məxsus istixanada pomidorun yetişdirilməsi ilə bağlı bütün işlərin təşkili və nəzarətini həyata keçirmişdir. Bununla bağlı ekspert rəyində bildirilmişdir ki, həmin dövrdə bitkilərin becərilməsi, aqrotexniki tədbirlərin nə dərəcədə düzgün aparılması, məhsulun toplanması, bitki qalıqlarının təmizlənməsi, istixananın dezinfeksiya olunması barədə indi dəqiq fikir söyləmək çox çətindir. Lakin, müqavilə əsasında xidmət göstərən "xxxx" MMC-nin verdiyi məlumata görə bitkilərdə zərərvericilər aşkar edilmiş, kənar mütəxəssis dəvət olunaraq tədbirlər görülsə də, ziyan dəymişdir. Qeyd edilənlərlə bağlı mütəxəssislər aşağıdakı məzmunda rəy vermişlər:

1. Müqavilədə nəzərdə tutulan xidmətlər əslində aqrokimyəvi deyil, aqrotexniki xidmətlər adlandırılmalıdır və bu xidmətlər – pomidor bitkisinin əkilməsi, suvarılması, dərmanlanması, yığılması, iqlim şəraitinin nəzarətdə saxlanılması, bu işlərlə bağlı göstəriş tövsiyələr verilməsi cavabdeh tərəfindən icra edilməlidir.

2. Rusiya mənşəli tezyetişən, iri çəhrayı meyvəli Kinda F1 hibridi toxumlarının keyfiyyətli olub-olmamasını, bu hibridin potensial məəhsuldarlığını indi müəyyən etmək mümkün deyildir. Əgər əkilən zaman orada düzgün aqrotexniki xidmət göstərilsəydi, hektarda 25 min bitki olsaydı, potensial məhsuldarlıq 250 t/ha ola bilərdi.

3. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilən qüsurlar cavabdeh tərəfindən aparılmalı, məhsul itkisinə yol verilməməli idi.

4. 03.03.2021-ci il tarixli mütəxəssis rəyindən göründüyü kimi, istixana kompleksində pomidor bitkisinin dərmanlanması vaxtında və düzgün həyata keçirilməmişdir.

5. İddia ərizəsindən göründüyü kimi, bu vaxt çox qaz sərfiyyatı olmuşdur. Ərizədə bu sərfiyyatın çox olması aqronomun səriştəsizliyi kimi izah edilsə də, nəzərə alınmalıdır ki, həmin dövrdə havanın orta aylıq tempraturu çox aşağı olmuşdur (müvafiq olaraq noyabr ayında 11,1 dərəcə, dekabrda 6,4 dərəcə, yanvarda 6 dərəcə, fevralda 5,5 dərəcə, martda 7,3 dərəcə). Qeyd edilməlidir ki, pomidorun normal böyüməsi və inkişafı üçün istixanada tempratur 22-25 dərəcə saxlanılmalıdır. Hesab edilir ki, bu dövrdə qazın başqa aylara çox sərf edilməsi təbiidir.

6. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən göründüyü kimi, istixana kompleksində sarı qıvırcıq virusu, Botritus cinera xəstəliyi olmuş və bu zərərli orqanizmlərə qarşı vaxtında dərmanlanma işi aparılmamışdır.

7. İstixana kompleksində pomidor bitkisinin məhsuldarlığının nə qədər aşağı olmasını indi təyin etmək mümkün deyildir. Bu hal müəyyən dərəcədə aqrotexniki xidmətin qüsuru olsa, həmin dövrdə istixanada Hollandiya mənşəli, tezyetişən Fujimaru F1, hibrid yox, Rusiya mənşəli Kinda F1 hibridinin əkilməsi, Abşeronda hava şəraitinin soyuq olması, nəhaayət ölkədə koronavirusun geniş yayılması ilə də bağlı ola bilər.

8. Pomidor məhsulunun Rusiyaya ixrac edilməsinə qoyulmuş müvəqqəti qadağa da məhsul itkisinə şərait yarada bilərdi. Pomidoru yetişdirmə dövründə kolda bir tərəfdən artıq saxlanması onun keyfiyyətinə, saxlanma qabiliyyətinə mənfi təsir edir. Əgər bu dövrdə lazımi aqrotexniki xidmətlərin həyata keçirilməsi ləngidilmişsə, onda cavabdehi günahlandırmaq olar. Yox əgər zəruri aqrotexniki tədbirlər suvarma, gübrələmə, normal istilik, havalanma, bicvurma və s. edilmişsə, onda cavabdehi buna görə cəzalandırmaq olmaz.

9. Yararsız məhsula və məhsul az olduğundan baş verən itkiyə görə qiymətin hesablanmasına gəldikdə isə bu gün onu hesablamaq çətindir. Əgər nəzərə alınsa ki, əkilən Kinda F1 hibridiinin potensial məhsuldarlığı 250t/ha-dır, o zaman iddiaçının dediyinə görə alınmış məhsul 230 t/ha olduğu üçün itirilən məhsulun miqdarı 20 t/ha təşkil edər və bu o dövrün bazar qiymətləri ilə 44000 manat olur. Bu zaman 11 ha-dan məhsul itkisi 220 ton və 484000 manat olur. İddiaçının dediyinə görə cavabdeh şirkətin üzərinə götürdüyü öhdəliyin 360t/ha olduğu nəzərə alınsa bu zaman itkinin daha çox olduğu ortaya çıxar. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə bitkiçilik və məhkəmə-iqtisad ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticələri aşağıdakılardan ibarətdir:

1. 4-cü sual üzrə: Pomidor bitkisinin dərmanlanması məqsədi ilə gübrələr alınmışdır. Lakin həmin gübrələrin nə zaman və nə məqsədlə istifadə olunması barədə heç bir sənəd təqdim edilmədiyindən həmin sual üzrə tam tədqiqat işlərinin aparılması mümkün olmamışdır.

2. 5-ci sual üzrə: xx.xx.2020-ci il tarixdn xx.xx.2021-ci il tarixədək İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Zirə qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən istixana kompleksində qaz sərfiyyatına əsasən pomidor bitkisinin yetişdirilməsi üçün normal istilik yaradılması mümkün ola bilər.

3. 8-ci sual üzrə: Əgər pomidorun yetişmə dövründə kolda meyvənin artıq saxlanması və aqrotexniki tədbirlərin düzgün həyata keçirilmədiyi halda keyfiyyətinə mənfi təsir edə bilər. Lakin pomidor bitkisinin konkret olaraq hansı qüsurlu qulluq nəticəsində keyfiyyətsiz olmasını müəyyən etmək mümkün deyildir.

4. 9-cu sual üzrə: Düzgün aqrotexniki qulluq göstərilsəydi Kinda F 1 hibridinin hektarda 25 min bitki olsaydı, potensial məhsuldarlığı 250 t/ha-dır. Lakin yararsız məhsul və ya əldə edilə bilməyən məhsulun miqdarı məlum olmadığından tam tədqiqat aparmaq mümkün olmamışdır. Baxış keçirilərkən aqronomun sözügedən dövr ərzində hər gündə gördüyü işlər haqqında qeydələr və görülmüş olmalı aqrotexniki tədbirlər haqqında hər hansı sənəd təqdim edilmədiyindən qərardadda qoyulmuş 1-3, 6-7 və 10-cu suallar üzrə tədqiqatın aparılması mümkün olmayıb, 4-5 və 8-9 suallar üzrə tədqiqat işləri qismən aparıldı. Tədqiqata təqdim edilmiş mülki iş materiallarında Azərbaycan Respublikası kənd Təsərrüfatı Nazirliyinin rəyi mülahizələrə və ehtimallara əsaslandığından həmin rəyə əsasən qərardadda qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün olmadı.

5. Qeyd edilən istixanalarda xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək yararsız hala düşmüş məhsulun miqdarı barədə məlumat olmadığından ekspert qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır. Məhkəməin sorğusuna cavab olaraq iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarında və xx.xx.2023-cü il tarixdə yazılı olaraq məhkəməyə təqdim etdiyi sorğuya cavab məktubunda tərəflər arasında bağlanmış müqavilənin icrası olaraq İcraçının aqronomları (nümayəndələri) tərəfindən iddiaçıya məxsus istixanada olan fəaliyyəti ilə bağlı elektron sistemdə və müvafiq qeydiyyat jurnallarında aparılmış qeydlər və dərmanlama ilə bağlı reseptlərin qeyd edildiyi sənədlərin saxlanılmaması səbəbindən məhkəməyə təqdim edilməməsinin mümkün olmadığını bildirmişdir. İşə əlavə olunmuş ölkə rəhbərliyinin iştirakı ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqin məzmunundan görünür ki, qeyd edilən dövrlərdə Rusiyaya Federasiyasına pomidor ixracının qadağan olunması problemi həqiqətən mövcud olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin rəsmi veb səhifəsindən çıxarışda xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə yerləşdirdiyi xəbərlərdə müəyyən müəssisələrin Rusiya Federasiyasına pomidor ixracına icazə verildiyi barədə məlumat verilmişdir. İşə əlavə edilmiş qeyd edilən veb səhifədən çıxarışdan görünür ki, İddiaçı MMC-nin Rusiyaya Federasiyasına pomidor ixracına xx.xx.2021-ci il tarixdə icazə verilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ixrac əməliyyatlarından görünür ki, həmin dövrdə 376045,5 manat məbləğində məhsul xaricə ixrac olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı Abşeron rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən istixana kompleksinə malik olmaqla, kənd təsərrüfatı məhsullarının pomidorun istehsalı, yetişdirilməsi, tədarükü, satılması və s. üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdehlə 01 sentyabr 2020-ci il tarixli xidmət müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh 12 ay ərzində iddiaçıya aqrokimyəvi xidmətlərinin göstərilməsini, iddiaçı isə öz növbəsində xidmət haqqının əvəzi kimi 12 000 manat pulun, hər ay 1000 manat olmaqla ödəniş edilməsini öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 30 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi, iddiaçı ilə cavabdeh qarşısında 01 sentyabr 2020-ci il tarixli xidmət müqaviləsi üzrə öhdəliklərini icra etmişdir. Hər iki tərəfə məlumdur ki, aqrokimyəvi xidmətlərin birdəfəlik olaraq deyil, 1 il müddətinə davamlı olaraq icrası tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilmiş və faktiki olaraq da aqrokimyəvi xidmətlər davamlı olaraq göstərilmişdir. Buna görə xidmət haqqı da hissəhissə, ayda bir dəfə olmaqla ödənilmişdir. Xidmətlərin görülməsi 30 sentyabr 2020-ci il tarixində tamamilə yekunlaşdırılmamış, aqrokimyəvi xidmətlərin görülməsinin yalnız bir hissəsi, sentyabr ayı üçün olan hissəsi təhvil verilmiş və buna görə ödəniş həyata keçirilmişdir. Qeyd edək ki, digər aylarda da tərəflər arasında xidmətlərin göstərilməsi və ödənilməsi münasibətləri bu qaydada həyata keçirilmişdir. Cavabdeh tərəf onlara ünvanladığı məktubunda da iddianı qəbul və etiraf etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, onlar aqrokimyəvi xidmətlər üzrə konsultasiya xidmətini göstərməyi üzərlərinə götürmüşlər. Həmçinin, aqronomlar tərəfindən reseptlər verilmişdir. İddia tələbi hər cəhətdən əsassız olduğundan rədd edilməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, məhsulu yetişdirdikləri istixana Zirə qəsəbəsində fəaliyyət göstərir və müasir texnologiya ilə qurulub. Novas Agro MMC-nin təsisçisi Rasim müəllim tərəfindən iş təklifi almış və iş təklifini qəbul etmişlər. Lakin istixanada çatışmazlıqlarolmuş, işlərin sayı az olmuş, anbar və anbardar olmamışdır. Qaz sayğacında problemlər olmuşdur. Bu çatışmazlıqlar barədə təsisçi Rasim müəllimə məlumat vermişlər, lakin nöqsanlar aradan qalxmamış, buna baxmayaraq işə başlamışldr. Bir müddət sonra Rusiya Federasiyası Azərbaycandan ixrac edilən pomidorlarda virus aşkarlandırığından ixrac dayandırılmışdır. Ona görə məhsulu Rusiya bazarlarına çıxara bilməmişlər və nəticədə təsisçi məhsulları sata bilməmişdir. Sonra təsisçi onlara xərclərin azaldılması və məhsulun yığılmaması barədə göstəriş vermiş, onlar da işçi sayını yox başqa xərcləri azaltmağa qərar vermişlər. Məcbur oldular ki, bitkiyə verilən gübrəni azaltsınlar. Gördükləri tədbirlər bitkinin gec inkişaf etdirə bilərdi. Bu haqda təsisçiyə məlumat verdilər. Sonra 2020-ci ilin dekabr ayında Rusiya Federasiyası pomidorun idxalına icazə verdi. O, təsisçi Rasim müəllimin dediyinə görə xərci azaltmışdılar və buna görə dediyi kimi gübrəni az verirdilər. Bu səbəbə görə bitkinin üzərində məhsul çox yetişmişdir. Rasim müəllim bildirdi ki, məhsul gecikir və vaxtında sata bilmirlər. Bundan sonra problemlər yarandı. Bu səbəbdən onar Novas Agro MMC başqa şirkət gətirdi və bir oradan ayrıldılar. Bir müddət sonra da barələrində hazırki iddianı qaldırdılar. Həmçinin, bildirmişdir ki, işləri yalnız aqrokimyəvi xidmətlər göstərmək, bitkinin inkişafı haqqında aqrokimyəvi reseptlər yazmaq və məsləhətlər vermək idi. Bu səbəbdən baş verən nöqsanlara görə onlar məsuliyyət daşımırlar. X3 xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, o, Azseeds MMC-də 2019-cu ilin iyulundan 2021-ci ilin yanvarına qədər işləmişdir. Novas Agro MMC ilə işə başlayan zaman istixana hələ yeni qurulurdu, sentyabr ayının ortalarında əkin üçün avadanlıqlar yaradılmış, ümumi əkilən sahə onların nəzarəti ilə 10 hektar təşkil etmişdir. İlk dəfə problem həmin “Plant-Layf” adlı ştil istixnası ilə yarandı. Onlara verilən ştillərin bir hissəsi zəif inkişaf etmiş, ştilləri isə həmin “Plant-Layf” adlanan istixanada yetişdirilirdi. O, bu nöqsanla bağlı akt tərtib etdi. Təsisçi də bu problemə narazılığını bildirdi. O, işlədiyi zaman direktor demək olar ki, yox idi. O, işlərlə bağlı təsisçi Rasim müəllimlə əlaqə saxlayırdı və bütün işləri onunla görürdü. İstixanada demək olar ki, bütün işləri o görürdü, işçilərə o nəzarət edirdi. İstixanada işçi heyəti ilə bağlı çatışmazlıqlar çox idi. O, bunları təsisçiyə demişdi. Sonradan istixana da ştillər inkişaf etdi və hər şey yaxşıya doğru getməyə başladı. Onlar artıq məhsul yığımına da başlamışdılar. Sonra Rusiya bazarı virusa görə onlardan məhsul almadı. Daxili bazarda məhsul çox ucuz olduğuna görə məhsul daxildə satılmadı. Təsisçi ona dedi ki, məhsulu sata bilmirlər daxili bazarda qiymət ucuzdu. Bu səbəbdən xərcləri azalt və ancaq bitkinin ölməməsi üçün çalış. O da bitkiyə verilən gübrəni azaltdı. Müəssisədə işçi sayı az idi. Onlar bitkiyə dərmanda demək olar ki, vermirdilər. Çünki təsisçi xərclərin azaldılmasını dair göstəriş vermişdi. Nəticədə bitki yaxşı inkişaf etmədi və zərərverici viruslar artdı. Sonra həmin zərərvericilərin onlarda olubolmaması barədə Rusiya tərəfindən yoxlama aparıldı. Yoxlamanın nəticəsində məhsulun ixracına icazə verildi. Bundan sonra təsisçi məhsulun tez hazır olması barədə göstəriş verdi. Onlar təsisçinin göstərişi ilə xərcləri azaltmışdılar bu səbəbdən məhsulun yetişməsi gecikdi. Nəticədə mübahisə yarandı. Onların qazla bağlı problemləri də var idi. Qaz sərfiyyatının çox olduğu deyildi. Bununla bağlı təsisçi Rüstəm Rüstəmov adında şəxsi yoxlama kimi gətirdi. Sonda məlum oldu ki, qaz sərfiyyatı normaldır. Ümumiyyətlə istixanada qaz mühəndisi olmadığından qazla bağlı problemlər yaranırdı. Onlar həmin mühəndisin olması ilə bağlı təsisçiyə məlumat verdilər və bildirdilər ki, qazın verilişinə nəzarət həmin mühəndisin işidir onların yox. Sonra təsisçi Rasim müəllimə dedilər ki, Azseeds MMC-nin aqronomları düzgün işləmir və nəticədə təsisçi ilə ayrıldılar. Təsisçi Rasim müəllim onlara dedi ki, qalsın onlarla birgə işləsin, qalan Azseeds MMC-nin əməkdaşları getsinlər. O, həmin təkliflə razılaşmadı və işləri təhvil verib getdi. X19 Yuryeviç xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, təsisçi Rasim müəllimi əvvəldən tanıyırdı, amma Azseeds MMC-nin məsləhəti ilə o, Novas Agro MMC-də direktor işlədi. Q.Qurbanov isə istixanada aqronom işləyirdi və bitkilərin düzgün yetişdirilməsinə nəzarət edirdi. Təxminən o, işdən çıxandan 4 ay sonra tərəflər arasında hazırki mübahisə baş verdi. Xeyr. Hazırki mübahisə məhsulun az olması və vaxtında satılmaması səbəbindəndir. O, 2020-ci ilin avqust, sentyabr və oktyabr aylarında qeyri-rəsmi olaraq Novas Agro MMC-də direktor kimi fəaliyyət göstərmişdir. Bu vəzifəyə onu təsisçi Rasim müəllim təyin edib. Qeyri-rəsmi işləsə də sənədləri o, imzalayırdı. Bəzi dediyi tələblər, məsələn: anbar, anbardar, mühəndis və.s. əməkdaşlar olmamasına görə o, məsuliyyəti üzərinə götürmək istəmədi. Nəticədə işdən çıxdı. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: podrat müqaviləsi, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur: 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər.

771. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 772.2. Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür.

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında xx.xx.2020ci il tarixdə müqavilə bağlanmış, bu Müqavilənin şərtlərinə görə müqaviləyə əlavə olunmuş “Xidmətlərin Həcmi və Ödəmə Şərtləri”ndə göstərilən xidmətləri razılaşdırılmış şərtlərlə sifarişçiyə göstərməyi, “Sifarişçi” isə həmin Xidmətlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş və mübahisə podrat müqaviləsi üzrə xidmətlərin lazımi qaydada göstərilməməsi ilə bağlı yaranmışdır. Bu səbəbdən iddiaçı iddia edir ki, cavabdeh tərəfindən icra edilməli iş lazımi keyfiyyətdə olmadığından gözlənilən məhsul alınmamış və ona ziyan dəymişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə aqrokimyəvi xidmətlərin dairəsi və mahiyyəti barədə ətraflı qeyd edilməsə də, iş üzrə araşdırma aparılan zaman, həmçinin əldə edilmiş mütəxəssis rəylərindən görünür ki, tərəflər aqrotexniki xidmətlər yəni, pomidor məhsulunun yetişdirilməsi ilə bağlı dərmanlama, suvarılma, istiliyin təmin edilməsi, məhsulun yetişdirilməsi üçün zəruri hərəkətlərin edilməsi, bu işlərlə bağlı göstəriş tövsiyələr verilməsi cavabdeh tərəfindən icra edilməli olmasından ibarətdir. Mülki Məcəllənin: 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə araşdırılmış sübutlar əsasında belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan aqrokimyəvi xidmətlərin Müqaviləyə ediləcək Əlavədə qeyd edilməsi ilə bağlı razılığa gəlsələr də bunu icra etmədiklərindən tərəflər arasında müqavilənin məzmunu baxımından aqrokimyəvi xidmətlər dedikdə yalnız pomidor bitkisinin dərmanlanması ilə bağlı göstəriş tövsiyə və tapşırıqları deyil, eyni zamanda, pomidor məhsulunun yetişdirilməsi ilə bağlı dərmanlama, suvarılma, istiliyin təmin edilməsi, məhsulun yetişdirilməsi üçün zəruri hərəkətlərin edilməsi, bu işlərlə bağlı göstəriş tövsiyələr verilməsi cavabdeh tərəfindən icra edilməli olması başa düşülür. Bu hal Müqaviləyə 1 nömrəli Əlavədə xidmətlərin qiyməti barədə razılaşma ilə də məntiqi olaraq təsdiqlənir. Belə ki, ayda 1000 manat müqabilində hər hansı icra edilməli olan öhdəlik barədə razılaşma istənilən hüquqi şəxs üçün qəbul edilən deyildir. İş materiallarında olan ekspert və mütəxəssis rəyləri isə qeyri-müəyyən verilmiş, qarşıya qoyulmuş sualların ətraflı cavablandırılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə müvafiq müqavilə bağlanmış, xidmətlərin dəyəri hər ay 1000 manat olmaqla müəyyən edilmiş, müvafiq sahə cavabdehə təqdim edilmişdir. İddiaçı iddia edir ki, aqrokimyəvi xidmətlərin qüsurlu icrası nəticəsində 402864 manat məbləğində ziyan dəymiş, eyni zamnada normadan artıq qaz sərfiyyatına görə aqronomların səriştəsizliyi ucbatından iddiaçıya 155000 manat məbləğində ziyan dəymişdir. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilə üzrə ziyanın vurulubvurulmamasını, ziyanın vurulmasında cavabdehin təqsirinin olub-olmamasını və qeyd edilən ziyanla cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin mövcud olub-olmamasını müəyyən etməlidir. Məhkəmə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, iddiaçıya məxsus Abşeron rayonunda yerləşən 11 hektar sahədə pomidor yetişdirmə üçün istixana mövcud olmuş, müqaviləyə əsasən həmin istixanada pomidor bitkisinin yetişdirilməsi ilə bağlı aqrotexniki xidmətlərin göstərilməsi cavabdehə həvalə edilmişdir. İş materiallarında olan digər sənədlərin və işdə iştirak edən şəxslərin verdikləri izahatların uzlaşdırılması nəticəsində tərəflər arasındakı münasibətlərin real və faktiki vəziyyəti, aqrokimyəvi xidmətlərin dairəsi və çatışmazlıq və nöqsanların səbəbləri müəyyən edilmiş, aşağıdakı qeyd edilən hallar araşdırılmışdır: İddiaçı MMC-də Aqronomların xx.xx.2021-ci il tarixli Təhvil-Təslim Aktına əsasən, əkin sahəsinin təhviltəslimi zamanı virus, çiçək problemi, ağ unlu şeh (Külləmə), kök problemi, kalsium (Ca), Tuta Absoluta, salxım dəstək, Bemisica Tabacci (Ağ qanad) kimi çatışmazlıqlar aşkar edilmişdir. Bu hallara səbəb isə dərmanlamanın vaxtında aparılmaması, yüksək rütubətlilik, məhsulun vaxtında yığılmaması olmuşdur. Bu təhvil-təslim aktı üzrə təhvil verən şəxs qismində İddiaçı MMC-nin X1 və X6, X8 təhvil alan şəxslər qismində isə X7 və X9 iştirak etmiş və aktı imzalamışlar. Həmin Təhvil- Təslim Aktına Cavabdeh MMC-nin İddiaçı MMC-dəki nümayəndəsi X11 tərəfindən izahat verilmiş və təhvil-təslim aktında qeyd edilən halları təsdiqləmişdir. Tərəflər arasında mübahisənin yarandığı dövrdə Rusiya Federasiyasına ixracın qadağan edilməsi halı Respublika səviyyəsində mövcud olmuş haldır və bu halları forsmajor hal kimi qəbul edilməlidir. Qeyd edilən halın baş verməsi müqavilə tərəflərinin iradəsindən kənar baş vermişdir. Çünki həmin dövrdə pomidor məhsulu əsasən Rusiya Federasiyasına kütləvi ixrac olunurdu və yalnız daxili bazar vasitəsilə qeyd edilən məhsulun satışının təşkili mümkünsüz idi. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, pomidor bitkisinin konkret olaraq hansı qüsur nəticəsində keyfiyyətsiz olmasını və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yararsız hala düşmüş məhsulun miqdarını müəyyən etmək mümkün olmamışdır. Digər suallar üzrə də dəqiq cavablandırma aparılması qeyri-mümkün olmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəylərini, Şəki Kommersiya Məhkəməsinin müvafiq qərardadına əsasən alınan mütəxəssis və ekspertiza rəyləri, tərəflərin izahat və ifadələri, əldə olunmuş sübutlar əsasında müəyyən edilir ki, iddiaçıya məxsus istixanada 2020-ci ilin noyabr - 2021-ci ilin yanvar ayı ərzində pomidor məhsulunun keyfiyyətsiz olması mövcud olmuş, bu zərərin səbəbi müxtəlif olmuşdur.

1. Azərbaycan Respublikasında pomidor bitkisinin Rusiya Federasiyasına ixrac edilməsi ilə bağlı həmin bitkilərdə aşkar edilmiş virus nəticəsində ixrac edilmədə 2020-ci ilin dekabr ayından 2021-ci ilin yanvar ayı da daxil olmaqla dayandırılma olmuşdur. xx.xx.2021-ci ildə İddiaçıMMC-yə Rusiya Federasiyasına pomidor ixrac etməsinə razılıq verilmişdir.

2. Qeyd edilən səbəbdən Sifarişçinin təsisçisi tərəfindən (Rasim müəllim- tərəflər qeyd edilən vatsapp yazışmalarının mövcudluğunu və qeyd edilən şəxsin səlahiyyətli şəxs olmasını qəbul edir) verilən göstərişlə qeyd edilən istixanada yetişdirilən pomidor məhsulunun gec yetişməsi məqsədi ilə xərclərin azaldılması barədə göstəriş verilmişdir.

3. Qeyd edilən göstəriş nəticəsində həmin bitkiyə verilən dərman-gübrə azaldılmış, istiliyin, yəni təbii qazın verilişi azaldılmışdır. Tərəflərin nümayəndələri arasında həmin dövrdə aparılan vatsapp yazışmalarında cavabdehin nümayəndəsi tərəfindən gübrənin olmaması, işçi sayının az olması, rütubətin çox olması, pomidor məhsulunun yığımının ləngidilməsi, istixananın şüşəsinin qırılması, Rusiya Federasiyasına ixraca icazə verilənədək məhsulun yetişməsinin gecikdirilməsinin mümkünsüzlüyünün bildirilməsi, eyni zamanda məhsulun yığılmamasının bütün istixanada yetişdirilən məhsulların zay olmasına gətirib çıxaracağı fikirlərin bildirildiyi məlum olur. Qeyd edilən yazışmalarda cavabdehin nümayəndəsinin hərəkətsizliyi, öz vəzifələrinə biganə yanaşması müəyyən edilmir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin aqronomları (nümayəndələri) tərəfindən verilən göstərişlər, yazılan reseptlər, tövsiyyələr qeydiyyat jurnallarında yazılmış, istixananın gündəlik vəziyyəti ilə bağlı elektron sistemdə qeydiyyat aparılmışdır. İddiaçının nümayəndəsi ilk əvvəl həmin sənədlərin mövcud olduğunu bildirsə də, məhkəməyə ünvanlanmış rəsmi cavabda həmin sənədlərin bəzilərinin saxlanmadığı, bəzilərinin ümumiyyətlə mövcud olmaması səbəbindən təqdim edilməsinin mükün olmadığı bildirilmişdir. Məhkəmə bildirir ki, nə qədər ki, cavabdehin aqronomu-nümayəndəsi iddiaçıya məxsus istixanada olan aqrotexniki tədbirlərin görülməsi ilə bağlı məsləhət, göstərişlər verir və ona nəzarət edir, bu hərəkətlər müəyyən sənədlərdə əksini tapmalıdır. Bu sənədlərin iddiaçıda olması məntiqlidir, həmin sənədləri isə iddiaçı sübut olaraq məhkəməyə təqdim etməmişdir. Ona görə də pomidor bitkisinin zay olmasına yeganə səbəb kimi cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya vurulmuş ziyanın baş verməsini təsdiq etmək mümkün deyildir. Bundan əlavə iddiaçı iddia edir ki, həmin dövrdə cavabdehin aqronomlarının səriştəsizliyi nəticəsində artıq qaz sərfiyyatı olmuşdur. Bununla bağlı işdə olan sübutlar cavabdehin təqsirli davranışını birmənalı təsdiq etmək mümkün deyildir. İlkin olaraq, iddiaçıya məxsus müəsissədə qaz mühəndisi olmaması, istiliyə nəzarət aparatının yararsızlığı, isitmə qazanlarından birinin bir neçə gün işləmədiyi ilə bağlı iş materiallarında dəlillər irəli sürülmüşdür. İddiaçı tərəfindən bu arqumentlərə dair hər hansı mülahizə bildirilməmişdir. Eyni zamanda, bununla bağlı məhkəmə tərəfindən əldə edilmiş müvafiq mütəxəssis rəyində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, həmin dövrdə havanın orta aylıq tempraturu çox aşağı olmuşdur (müvafiq olaraq noyabr ayında 11,1 dərəcə, dekabrda 6,4 dərəcə, yanvarda 6 dərəcə, fevralda 5,5 dərəcə, martda 7,3 dərəcə). Qeyd edilməlidir ki, pomidorun normal böyüməsi və inkişafı üçün istixanada tempratur 22-25 dərəcə saxlanılmalıdır. Hesab edilir ki, bu dövrdə qazın başqa aylara çox sərf edilməsi təbiidir. Məhkəmə yekun olaraq belə qənatə gəlir ki, iddiaçıya məxsus istixanada yetişdirilən pomidor məhsulunun xarab olması nəticəsində və artıq qaz sərfiyyatı ilə iddiaçıya vurulmuş ziyanda müvafiq xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürmüş yalnız cavabdehin təqsirinin olmasını bildirmək əsassızdır. Belə ki, qeyd edilən məhsulun ixrac edilməsində yaranmış Respublika səviyyəli məhdudiyyətin mövcud olması, bunun nəticəsində yetişdirilən məhsulun yetişmə tezliyinin uzadılması ilə bağlı çəkilən xərclərin azaldılması ilə bağlı verilən göstərişlər, nəticədə pomidor bitkisinə verilən istiliyin və dərmanın azaldılması, məhsulun yetişməsinə baxmayaraq salxım üzərindən yığılmasının dayandırılması olmuşdur. Bunla isə cavabdehin təqsiri üzündən baş verməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya müvafiq pomidor ixracına icazənin verilməsi monitorinqlər nəticəsində həmin məhsullarda yuxarıda qeyd edilən virusların aşkar edilməməsi olmuşdur. Bundan əlavə iddiaçı, cavabdehin aqronomlarının iddiaçıya məxsus istixanadakı vəziyyətlə bağlı apardıqları yazışmalar, verdikləri göstərişlər, tövsiyyələr və yazdığı reseptlərlə bağlı qeydiyyat jurnallarını, habelə elektron sistemdə qeyd edilən istixananın həmin dövrdəki gündəlik vəziyyəti ilə bağlı məlumatları təqdim etməmişdir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi - MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Hazırkı mübahisə üzrə iddiaçı tərəf iddiasını sübut etməklə bağlı vəzifələrini icra etməmiş, iddianın əsaslılığını sübuta yetirə bilməmişdir. Qeyd edilənlər nəticəsində məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilməli dövlət rüsumu və digər xərclər iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “aqrokimyəvi xidmətlərin qüsurlu icrası nəticəsində dəymiş 402864 manat ziyan və 155000 manat qaz sərfiyyatı üzrə ziyan olmaqla, ümumilikdə 557 864 manat pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 400 (dörd yüz) manat dövlət rüsumu İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar