Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-50/2022 30.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “5185,90 manat pulun, 71,86 manat dövlət rüsumunun və 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC və Cavabdeh arasında 28.12.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Şirkət mülkiyyətində müxtəlif növ məhsulları Müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Şirkət bu müqavilə qüvvəyə mindikdən sonra Müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları Müştəriyə nağd və ya nisyə satış qaydasında faktura əsasında verir və Müştərinin özü və ya səlahiyyətli nümayəndəsi “Təhvil-Qəbul Aktı”nı imzalamaqla onları qəbul edir. Həmin Müqavilənin 5.15-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 1 il ərzində qüvvədə hesab olunur. 23.11.2021-ci il tarixli “X2”ndan görünür ki, həmin tarixə Cavabdeh 5185,90 manat məbləğində borcu mövcuddur. 04.08.2021-ci il tarixli elektron qaimə ilə 1 qutusunun dəyəri 7,915 manat olan 653 ədəd Yurdum Günəbaxan yağının (5 Litrlik) yəni, ümumilikdə 5168,66 manat məbləğində məhsulun cavabdeh tərəfindən alınması müəyyən olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh onlardan mal almış və həmin malların pulunu ödəməmişdir. Cavabdehin telefon danışığında dair səs yazısı vardır, həmin səs yazısında da o, ödədiyi borcun bir hissəsinin nəzərə alınmadığını bildirməklə borcunu etiraf etmişdir. Həmin səs yazısının məhkəmədə sübut kimi səsləndirilməsinin mümkün olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, 2016-2017-ci illərdə müvəqqəti icarəyə ərzaq mağazası götürüb işlətmiş, həmin vaxt digər mağaza sahibləri kimi iddiaçı təşkilatdan bitki yağları, düyü, çay almış, lakin dəyərini tam ödəyib qurtarmışdır. Həmin məhsullar mağaza tərəfindən alındıqdan sonra 25 gün müddətində dəyəri ödənilirdi. Hazırda iddiaçıya borcu yoxdur. O qeyd etdi ki, tərəflər arasında imzalanmış 23.11.2021-ci il tarixli üzləşmə aktı onun tərəfindən imzalanmamış, lakin 28.12.2018-ci il tarixli Elektron qaimə adlı sənəd onun tərəfindən imzalanmış və adı və soyadı özü tərəfindən yazılmışdır. Buna baxmayaraq iddiaçı tərəfindən malın təhvil verilməsinə dair sənəd təqdim etmədiyindən iddia əsassızdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, müqaviləni yazılı sübut olaraq qəbul etmirlər, çünki iddiaçının təqdim etdiyi müqavilə möhürsüz və imzasızdır. Həm də elektron qaimə malların verilməsini göstərir, bu isə malların cavabdeh tərəfindən təhvil alınması demək deyildir. İddiaçının təqdim etdiyi həmin qaimə Vergilər Nazirliyinin saytından götürülən məlumatda passiv kimi görünür. Ona görə də hesab edir ki, həmin qaimə passiv olduğundan iddia tələbi də əsaslı deyildir. Həmin qaimə reyestrə daxil edildiyi vaxtdan xeyli müddət keçdikdən sonra çap edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara 28.12.2018-ci il tarixli alqı-satqı müqaviləsi, 23.11.2021-ci il tarixli “X2”, 04.08.2021-ci il tarixli elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndələrinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC və Cavabdeh arasında 28.12.2018-ci il tarixli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən təsdiq edilməmişdir. Qeyd edilən hala münasibətdə qanunvericiliyin normalarının nəzərdən keçirilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM)-in : 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən normaların tələbləri baxımından iddiaçı tərəfindən məhkəməyə yazılı müqavilə olaraq təqdim edilən sənəd qanunvericiliyin tələblərinə cavab vermədiyindən məhkəmə qeyd edilən sənədi sübut kimi qəbul etmir. Buna baxmayaraq, cavabdeh tərəfin məhkəmədə verdiyi izahatları ilə müəyyən edilir ki, tərəflər arasında 2017-ci ildə bitki yağı, düyü və digər ərzaq məhsullarının alqı-satqısı ilə bağlı müqavilə münasibətləri olmuşdur. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş 23.11.2021-ci il tarixli üzləşmə aktındakı imzanın məhkəmə iclasında ona məxsus olmadığını Cavabdeh bildirsə də, 28.12.2021-ci il tarixli elektron qaimədə təhvil alan qrafasındakı fiziki olaraq icra edilmiş imzanın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə tərəfindən cavabdehə və onun nümayəndəsinə üzləşmə aktında olan imzanın ona məxsusluğunun yoxlanılması ilə bağlı ekspertizanın keçirilməsini təklif etmiş, cavabdeh tərəf buna müsbət cavab verməmiş və bu məsələnin məhkəmənin səlahiyyətinə buraxdıqlarını bildrmişlər. Məhkəmə iclasında cavabdehin üzləşmə aktında olan imzanın ona məxsus olmadığını bildirməyinə baxmayaraq, cavabdeh tərəfindən fiziki olaraq imzalanmış elektron qaimənin mövcudluğunu inkar edə bilməmişdir. İddia tələbini sübut edən ən azı bir mötəbər sənədin mövcud olmasını əsas tutaraq məhkəmə iş üzrə ekspertiza keçirilməsini zəruri hesab etməmişdir. Məhkəməyə təqdim edilmiş 28.12.2021-ci il tarixli elektron qaimədən müəyyən edilir ki, vahidinin dəyəri 7,915 manat olan 653 ədəd Yurdum Günəbaxan yağının (5 Litrlik) yəni, ümumilikdə 5168,66 manat məbləğində məhsul İddiaçı MMC tərəfindən təqdim edilmiş Cavabdeh tərəfindən alınması təsdiq edilir. Elektron qaimə bir maliyyə (vergi) sənədi olaraq qanunvericiliyin tələbinə uyğun olaraq yalnız elektron qaydada təqdim edilir. Qeyd edilən sənəd elektron qaydada verilsə də, cavabdeh tərəfindən fiziki olaraq imzalanmışdır. Məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən həmin sənədin fiziki olaraq imzalanması həmin sənəddə olan borcu qəbul etməsi anlamına gəlir. Düzdür elektron qaimə təqdim edilərkən cavabdeh tərəfindən deyil, sistem tərəfindən təsdiq edilmişdir. Bu hal isə həmin elektron qaimənin qanuni olmasını şübhə altına almır. Vergi Məcəlləsinin: 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;71-1.5.2. malların qaytarılması barədə….. Məhkəmənin müəyyən etdiyi işin faktiki hallarına əsasən müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi (yazılı müqavilə istisna edilsə də, tərəflərin etirafına əsasən) bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Malların cavabdehə təhvil verilməsi, cavabdehin nümayəndəsi tərəfindən təhvil alınması iş materiallarında olan elektron qaimə və həmin sənədə cavabdeh tərəfindən edilən fiziki imza ilə təsdiq edilir. Beləliklə, iddiaçının cavabdehə alınmış malların dəyərini ödəməməsi və malların dəyəri məbləğində borclu olması işin halları ilə təsdiq olunur. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə -, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Cavabdehin tərəf elektron qaimənin verildiyi tarixdən xeyli sonra çap edilib cavabdehə imzalanmaq üçün təqdim edilməsi ilə bağlı qanunvericiliyin normalarının pozulması halları mövcud olmasını qəbul etmir. Belə ki, cavabdeh tərəfin həmin sənəddə olan imzanın ona məxsus olmasını etiraf etməsi həmin sənəddə olan borcu qəbul etməsini də etiraf edir. Hazırki vəziyyətdə təqdim edilmiş elektron qaimə sonradan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalandığından X2na bərabər tutulur və yalnız malların cavabdehə göndərilməsini deyil, həmçinin, cavabdeh tərəfindən təhvil alındığını da təsdiqləyir. Odur ki, həmin elektron qaimə məhkəmə tərəfindən yalnız elektron sənəd qismində deyil, həm də iddia tələbini təsdiq edən sübut olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qeyd edilən elektron qaimədə borc məbləği 5168,66 manat göstərildiyindən və bu tərəflərin imzaları ilə təsdiqləndiyindən, iddiaçı borcun həmin hissədə ödənilməsini tələb etməkdə haqlıdır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, cüzi hissədə rədd edildiyindən, 71,86 manat dövlət rüsumu tam olaraq və 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 5168,66 manat borc, 71,86 manat ödənilmiş dövlət rüsumu və 100 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-50/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-50/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver