Məhkəmə qərarları › İş №e-2-2(117)-50/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-50/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-50/2025 15.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1628 manat əsas borc, 2795.14 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 3356 manat əsas borc, 4341.05 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1628 manat əsas borc, 2795.14 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 3356 manat əsas borc, 4341.05 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1479- GL/15 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 4 880 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 6 100 manat olan, Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı 2 ədəd texnika üzrə 2440 manat ödəniş edilmiş, güzəştdən sonrakı 4 880 manat qalıq məbləği isə 5 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. xx.xx.2015-cİ il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, bir ədədinin qiyməti 6100 manat dəyərində olan Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı 2 ədəd texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 2379- GL/17 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 6 583 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilənin spesifikasiyasından görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən qiyməti 17 600 manat olan, Ot, küləş presləyən PLCKUP Baler 1547S markalı texnika üzrə 3 977 manat ödəniş edilmiş, güzəştdən sonrakı 6 583 manat qalıq məbləği isə 5 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir xx.xx.2015-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, 17 600 manat dəyərində olan Ot, küləş presləyən PLCKUP Baler 1547S markalı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. Həmin Müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. Həmin Müqavilələrin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə 1628 manat əsas borcu yaranmış, iddiaçı həmin borca 2795.14 manat cərimə borcu hesablamış, xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 3356 manat əsas borcu yaranmış, iddiaçı həmin borca 4341.05 manat cərimə borcu hesablamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə məbləğindən 3252 manat ödəniş etmiş, nəticədə ödənilməmiş 1628 manat əsas borcu, xx.xx.2018-ci il tarixli 2379- GL/17nömrəli müqavilə məbləğindən isə 3227 manat ödəniş etmiş, nəticədə ödənilməmiş 3356 manat əsas borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddianın əsassız olduğunu və qəbul etmədiyini bildirmişdir. İddiaçı tərəfindən aralarında bağlanmış lizinq müqaviləsinə əsasən, qeyd edilən texnikaların saz vəziyyətdə təhvil-təslim aktı əsasında ona təhvil verilmədiyini, iddiaçı tərəfindən bunun əksini sübut edəcək sənədlərin məhkəməyə təqdim edilmədiyini bildirmişdir. İddiaçı tərəfin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən, yəni müqavilədə nəzərdə tutulan texnikaları təhvil-təslim aktına əsasən saz vəziyyətdə təhvil verməməsi səbəbindən iddiaçının həmin müqavilə üzrə ondan yaranacaq öhdəliklərini tələb edə bilməyəcəyini qeyd etmişdir. Tələb edilən məbləğin, vəkil xidmət haqqının şişirdilmiş olduğunu, əsas borcunun tələb ediləndən daha az olduğunu, cərimə borcunun isə ümumiyyətlə ağlabatan olmadığını bildirmişdir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini və iddianın əsassız olduğunu müəyyən etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa cavabdeh xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona verilməsi nəzərdə tutulan texnikaların əvəzində o, 40% məbləğində edilmiş güzəşt nəzərə alınmaqla iddiaçıya 10560 manat və 7320 manat olmaqla, ümumilikdə 17880 manat ödəməli idi. İddiaçı təşkilata borcunu tam şəkildə ödədiyini, məhkəməyə təqdim etdiyi qəbzlərdən göründüyü kimi o, 13446 manat ödənş etmişdir. Lakin bütün qəbzləri tapa bilməmişdir. Təqdim etdiyi qəbzlərə əsasən, onun iddiaçıya 4434 manat əsas borcu qalmışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə xx.xx.2015-ci il tarixli 036128 nömrəli, xx.xx.2015-ci il tarixli 036129 nömrəli, xx.xx.2015-ci il tarixli 171110 nömrəli, xx.xx.2015-ci il tarixli 171111 nömrəli,xx.xx.2015-ci il tarixli 194896 nömrəli, xx.xx.2015-ci il tarixli 194897 nömrəli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli 108537 nömrəli, xx.xx.2017-ci il tarixli 3 ədəd, xx.xx.2017-ci il tarixli 2 ədəd, xx.xx.2018-ci il tarixli 2 ədəd, xx.xx.2019-cu il tarixli olmaqla, ümumilikdə 16 ədəd, 13 446 manat dəyərində olan ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsilə cavabdeh tərəfindən “Kabitalbank” vasitəsilə edilmiş ödənişləri özündə əks etdirən xx.xx.2025-ci il tarixli çıxarış məhkəməyə təqdim edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, müqaviləyə 1 nömrəli əlavə, aktlar, maliyyə arayışı, ərizə, ödəniş qəbzləri, çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli və xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə 1628 manat borcu, xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 3356 manat borcu qalmışdır. Məhkəmə iddia tələbinin “xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə 1628 manat əsas borcun və xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 3356 manat əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı 2 ədəd texnikanın bir ədədinin qiyməti 6100 manat olmuşdur. Cavabdeh qeyd olunan texnikalar üçün 2440 manat ilkin ödəniş etmiş, iddiaçı 40% güzəşt tətbiq edərək həmin texnikaları cavabdehə ümumilikdə 4880 manata satmış, cavabdeh həmin məbləği isə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən daha sonra müqavilə məbləğindən 3252 manat ödəniş edilmişdir. Buradan aydın olunur ki, cavabdehin hazırkı tarixə 1628 manat (4880 – 3252 = 1628) ödənilməmiş əsas borcu vardır. Bundan başqa xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə Ot, küləş presləyən PLCKUP Baler 1547S markalı texnikanın qiyməti 17 600 manat olmuşdur. Cavabdeh qeyd olunan texnika üçün 3 977 manat ilkin ödəniş etmiş, iddiaçı 40% güzəşt tətbiq edərək həmin texnikaları cavabdehə ümumilikdə 6583 manata satmış, cavabdeh həmin məbləği isə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə məbləğindən 3227 manat ödəniş edilmişdir. Buradan aydın olunur ki, cavabdehin hazırkı tarixə 3356 manat (6583 - 3227 = 3356) ödənilməmiş əsas borcu vardır. Bundan əlavə olaraq məhkəmə cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı tərfindən qeyd edilən texnikaların saz vəziyyətdə təhvil-təslim aktı əsasında ona təhvil verilmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktlardan da göründüyü kimi Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı 2 ədəd texnika və Ot, küləş presləyən PLCKUP Baler 1547S markalı 1 ədəd texnika "xxxx" ASC tərəfindən Cavabdeh saz, nizamlanmış və komplekt halda təhvil verilmişdir. Bundan başqa cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş ümumilikdə 16 ədəd ödəniş qəbzi və iddiaçı tərəfindən eyni qaydada xx.xx.2025-ci il tarixində təqdim edilmiş çıxarış qarşılıqlı şəkildə araşdırıldıqda aydın olur ki, cavabdeh tərəfindən edilmiş ödənişlər sadəcə hazırkı iş üzrə müqavilələrdə nəzərdə tutulan Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı 2 ədəd texnika və Ot, küləş presləyən PLCKUP Baler 1547S markalı 1 ədəd texnika üçün ödənilməmiş, eyni zamanda həmin ödənişlər Kotan 4 gövdəli ALCP-4-14 markalı texnika üçün edilmiş ödənişləridə özündə əks etdirir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş 11 ədəd ödəniş qəbzi çıxarışda da öz əksini tapmış, eyni zamanda bunlardan əlavə olaraq çıxarışdan göründüyü kimi xx.xx.2020-ci il tarixində 1000 manat məbləğində də ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən həmin qəbzlər vasitəsilə edilən ödənişlər sadəcə bu müqavilə üzrə edilmiş ödənişlər deyildir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli 036129 nömrəli (50 manat), xx.xx.2015-ci il tarixli 171111 nömrəli (100 manat), xx.xx.2015-ci il tarixli 194897 nömrəli (50 manat), xx.xx.2017-ci il tarixli (30 manat), xx.xx.2018-ci il tarixli (30 manat) olmaqla, ümumilikdə 5 ədəd qəbzin ödəniş təyinatı müvafiq olaraq konsaltinq xidməti və məhkəmə rüsumudur. Qeyd edilən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə uyğunsuzluq olduğundan iddiaçı tərəfindən təqdim edilmiş ödəniş sənəldəri daha əhatəli və cavabdehin təqdim etmədiyi ödənişlərə dair sənədləri də təqdim etdiyindən iddiaçının sənədlərini daha mötəbər hesab edir. Belə vəziyyətdə isə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə məhkəmə lüzum görməmiş və iş üzrə ekspertiza təyin etməmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən və çıxarışdan cavabdeh tərəfindən hazırkı işdə qeyd edilən müqavilələr üzrə Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı 2 ədəd texnika və Ot, küləş presləyən PLCKUP Baler 1547S markalı 1 ədəd texnika üçün ümumilikdə 12 512 manat məbləğində ödəniş edilməsi təsdiq olunur. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş iş materialları və maliyyə arayışından göründüyü kimi iddiaçı cavabdeh tərəfindən ümumilikdə, 12 896 manat məbləğində ödəniş edildiyini bildirərək cavabdehdən hər iki müqavilə üzrə ümumilikdə 4984 manat məbləğində əsas borcunun qaldığını bildirərək cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən hesab edir ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən əsas borcun məbləği 4984 manat olaraq qəbul edilməli və iddia bu hissədə təmin edilməlidir. İddia tələbinin “xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə 2795.14 manat cərimə borcu və xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 4341.05 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin xx.xx.2015-ci il tarixli 1479- GL/15 nömrəli müqavilə üzrə 81.4 manat və xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 167.8 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, müqavilə üzrə cavabdeh Cavabdeh xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə 1628 manat əsas borc və 81.4 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 3356 manat əsas borc və 167.8 manat cərimə borcu tutulmalıdır. Bundan başqa məhkəmə cavabdeh tərəfin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı xahişinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər məhkəmə tərəfindən araşdırıldıqda görünür ki, cavabdehin əsas borcla bağlı münasibəti əsaslı deyil. Eyni zamanda cavabdehin ərizəsinin mahiyyətindən göründüyü kimi cavabdeh cərimə məbləğinin ağlabatan şəkildə hesablanmadığını bildirir ki, qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddia tələbinin sadəcə bu hissəsinə münasibətdə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini əsaslı hesab etmir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı və ədalətlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 54.56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 1479-GL/15 nömrəli müqavilə üzrə yaranmış 1628 manat əsas borc, 81.4 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 2379-GL/17 nömrəli müqavilə üzrə 3356 manat əsas borc, 167.8 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 250 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Ödənilməmiş 54.56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar