Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-500/2021 06.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “08.04.2020-ci il tarixli 005/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 57230 manat məbləğində avans, həmin avans məbləğindən ərizənin təqdim edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş 4895,49 manat məbləğində faiz borcu, hüquqi xidmətlərə görə ödənilmiş 1770 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 63925,49 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “08.04.2020-ci il tarixli 005/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 57230 manat məbləğində avans, həmin avans məbləğindən ərizənin təqdim edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Vəkil 02.09.2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə müraciət edərək “08.04.2020-ci il tarixli 005/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 57230 manat məbləğində avans, həmin avans məbləğindən ərizənin təqdim edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş 4895,49 manat məbləğində faiz borcu, hüquqi xidmətlərə görə ödənilmiş 1770 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 63925,49 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 08.04.2020-ci il tarixli 0005/20 nömrəli malların alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya X2 göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə malları alıcıya təhvil verməmiş, iddiaçı ödənilmiş avansın qaytarlması ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 08.04.2020-ci il tarixli 0005/20 nömrəli malların alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən (X1) görünür ki, ümumilikdə 112768,47 manat məbləğində malların satılması nəzərdə tutulmuşdur. 09.04.2020-ci il tarixli 06/20 nömrəli hesab-fakturadan görünür ki, 08.04.2020-ci il tarixli 0005/20 nömrəli müqavilənin 3.1 saylı bəndinə əsasən müqavilə dəyərinin 30% həcmində 57 230 manat məbləğində avans ödənişi Cavabdeh MMC-nin "xxxx" ASC-dəki hesabına ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi Hesab-Faktura əsasında aparılır. Alıcı bu müqavilənin məbləğinin 30 faizini (məbləğin ödəniş günü valyuta kurs fərqi 5%-dən artıq olarsa, ödəniş yeni kursa görə yenidən hesablanacaq) 3 bank günü ərzində Satıcıya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Ümumi məbləğdən qalan 70 faizini Mal-materialların tam təhvil verilməsindən sonra 10 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Satıcı öz növbəsində ödənişi qəbul etdikdən sonra 10 iş günü ərzində bu Müqavilənin şərtlərinə əsasən Mal-materialların müvafiq qaimə-faktura əsasında Alıcıya təhvil verilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Mal-materiallar təhvil verilərkən X3-faktura təqdim edir. Alıcı və Satıcı əlavə olaraq Təhvil-Təslim Aktı imzalaya bilərlər. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən, Satıcı satılmış mal-materialları Alıcıyaya verməkdən imtina etdikdə bu Müqavilənin icrasından imtina etmək və malmaterialların əvvəlcədən ödənilmiş dəyərinin geri qaytarılmasını tələb etmək Alıcının hüquqlarından biridir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, təhviltəslim sənədləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər 08.04.2020-ci il tarixli 005/20 nömrəli alqı-satqı müqaviləsinə və qiymət razılaşdırma protokoluna əsasən əsasən satıcı alıcıya 112768,47 manat məbləğində malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi Hesab-Faktura əsasında aparılır. Alıcı bu müqavilənin məbləğinin 30 faizini (məbləğin ödəniş günü valyuta kurs fərqi 5%-dən artıq olarsa, ödəniş yeni kursa görə yenidən hesablanacaq) 3 bank günü ərzində Satıcıya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Ümumi məbləğdən qalan 70 faizini Mal-materialların tam təhvil verilməsindən sonra 10 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Satıcı öz növbəsində ödənişi qəbul etdikdən sonra 10 iş günü ərzində bu Müqavilənin şərtlərinə əsasən Mal-materialların müvafiq qaimə-faktura əsasında Alıcıya təhvil verilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Malmateriallar təhvil verilərkən X3-faktura təqdim edir. Alıcı və Satıcı əlavə olaraq Təhvil- Təslim Aktı imzalaya bilərlər. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən, Satıcı satılmış mal-materialları Alıcıya verməkdən imtina etdikdə bu Müqavilənin icrasından imtina etmək və mal-materialların əvvəlcədən ödənilmiş dəyərinin geri qaytarılmasını tələb etmək Alıcının hüquqlarından biridir. İş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya ümumilikdə 112768,47 manat məbləğində malların satılması nəzərdə tutulmuş, 08.04.2020-ci il tarixli 0005/20 nömrəli müqavilənin 3.1 saylı bəndinə əsasən müqavilə dəyərinin 30% həcmində 57 230 manat məbləğində avans ödənişi Cavabdeh MMC-nin "xxxx" ASC-dəki hesabına ödənilmişdir (09.04.2020-ci il tarixli 06/20 nömrəli hesab-faktura). Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “4895,49 manat faiz borcunun hesablanması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında sözügedən müqavilə 08.04.2020-ci ildə bağlanmış və 10 iş günü ərzində malların təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin müddət 26.04.2020-ci il tarixdə bitmişdir. 27.04.2020-ci il tarixdən artıq Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərin icrası pozulduğundan iddiaçı tərəfindən həmin vaxtdan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilən tarixədək (28.04.2020-ci il tarixdən 02.09.2021-ci il tarixədək) olan 493 gün üzrə illik bank uçot faiz dərəcəsi ilə faiz hesablanmışdır. Həmin dövr üçün bank içot faiz dərəcəsi 6,25 faizdir. Odur ki, gecikdirilmiş 1 gün üçün faiz məbləği 57 230*6,25%/360=9,93 manat təşkil edir. 493*9,93 manat=4895,49 manat. Odur ki, iddiaçı qeyd edilən faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.4-cü maddəsinə əsasən, satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə həmçinin bildirir ki, qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, həmçinin məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Tərəflərin təqdim etdikləri sübutlar isə məhkəmənin hazırkı nəticəyə gəlməsini təsdiq edir. İddia tələbinin “1770 manat hüquqi xidmətlərə görə ödənilən xidmət haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə xərcləri ağlabatan olmalıdır. Odur ki, iddiaçıya hüquqi xidmətlər üçün ümumi müqavilə xidmətləri deyil, konkret olaraq ödənilən vəsait 200 manat ödənilmiş, ona görə də hüquqi xidmətlər göstərildiyinə görə həmin məbləğin tutulması ağılabatan olmaqla məqsədəuyğundur. MPM-in: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, tutulan məbləği nəzərə alaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdehndən 08.04.2020-ci il tarixli 005/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 57230 manat məbləğində avans, həmin avans məbləğindən ərizənin təqdim edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş 4895,49 manat məbləğində faiz borcu, hüquqi xidmətlərə görə ödənilmiş 200 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 62 355,49 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-500/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-500/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver