Məhkəmə qərarları › İş №e-2-2(117)-503/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-503/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-503/2023 08.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən qaz sayğacına edilmiş müdaxiləyə görə 1296,20 manat borcun və 50 manat rüsum xərclərinin tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Ağsu rayonunda yerləşən qeyri-yaşayış obyektinə qazın verilməsi ilə bağlı AMX-3302/20 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. xx.xx.2020-ci il tarixdə Azəriqaz İB-nin Ağsu RQİİ-nin Ağsu xidmət sahəsinin əməkdaşları Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən cavabdehə məxsus qeyriyaşayış sahəsinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədilə açaraq götürmüş, bununla bağlı xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Qeyri-yaşayış sahəsindən açılmış G6 markalı, 1005AQ**********0 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2021-ci il tarixli 29/164000431-1 nömrəli akta əsasən müəyyən edilmişdir ki, sayğacın klapanı açıqdır, ekranda açıq işarəsi var. Sayğacın arxiv yaddaş proqramı oxunmuş və xx.xx.2021-ci il tarixdə alarm-1 rejimi aşkar edilmişdir. Qüsura görə qaz itkisi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii X1 pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədilə Azəriqaz İB-nin Ağsu Regional Qİİ-ə göndərilmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin Ağsu xidmət sahəsinin abonent bazasındakı **********00000 nömrəli abonent koduna sayğacın işləməməsi nəticəsində itirilmiş qazın həcmi 6480 m3 hesablanmaqla dəymiş ziyanın məbləği 1296,20 manat müəyyən olunmuşdur. İddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın ödənilməsi ilə bağlı pretenziya məktubu ünvanlanmış, lakin cavabdeh həmin məbləğin ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya ünvanı üzrə xx.xx.2023cü il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, dəymiş ziyanla bağlı tələbnamə, aktlar, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan 1296,20 manat borc istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə qeyd edir ki, əvvəla iddiaçı tərəfindən Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində (çörək sexi) quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı İB-nə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış verilməsi və ya belə bir çıxarışın olması ilə bağlı hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ümumiyyətlə aparılmış yoxlama qanunsuz olmuşdur. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X2”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın klapanının açıq olması, ekranda açıq işarəsinin olması, sayğacın arxiv yaddaş proqramı oxunaraq, xx.xx.2021-ci il tarixdə alarm-1 rejimi aşkar edilməsi) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı İB tərəfindən fiziki şəxs (fərdi sahibkar) Cavabdeh istifadəsində Ağsu şəhərində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğaçına baxış keçirilmiş və qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün açılaraq götürülmüş və bununla bağlı akt tərtib edilmişdir. Yoxlamanın nəticəsində sayğacın klapanının açıq olması, ekranda açıq işarəsinin olması, sayğacın arxiv yaddaş proqramı oxunaraq, xx.xx.2021-ci il tarixdə alarm-1 rejimi aşkar edilmiş və təbii qaz itkisi yaranmışdır, bununla bağlı aktla tərtib edilmişdir. İtirilmiş qaz 6480 m3 olmaqla dəyəri 1296,2 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan cavabdehin istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan iddiaçı daşıyır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı qazpaylayıcı tərəfindən həqiqətən də sayğacda qüsur aşkar edilməsi də iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qüsurları əks etdirən akt abonent tərəfindən imzalanmamış, daha doğrusu abonent imzalamaqdan imtina etmişdir. Eyni zamanda aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmiş və iddiaçının qurumu olan laborotoriyada sayğaçın yoxlanılması zamanı cavabdehin iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir ki, digər sübutetmə vasitələri olmadan iddiaçının qurumu olan laborotoriyanın rəyi mötəbər deyildir. Belə ki, laborotoriya iddiaçının qurumudur və sonuncunun mənafeyinə uyğun rəy verə bilməsi mümkündür. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Göründüyü kimi, tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əvvəla yoxlamanın qanunsuz aparılması müəyyən edilməklə, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqiqəti əks etdirsə belə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından borcun hesablanmasına dair iddiaçının hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 32,96 manat təşkil edir. İddiaçı mediasiya xərcini ödədiyindən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək imkanı əldə etmiş və iddia tələbi rədd edildiyindən ödənilməmiş 32,96 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən qaz sayğacına edilmiş müdaxiləyə görə 1296,20 manat borc və 50 manat rüsum xərclərinin tutularaq ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilməmiş 32,96 manat dövlət rüsumu İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar