Məhkəmə qərarları › İş №e-2-2(117)-512/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-512/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-512/2024 21.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 19000 manat əsas borcun və 147 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 146/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcı tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəkildə olan qaimə-fakturalarda qeyd olunan malları alıcıya satmağı, sonuncu isə həmin malları qəbul edib, dərhal ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən satıcı sifarişi aldıqdan sonra 3 gün ərzində qaiməfakturada qeyd edilən malları alıcının təyinat yerinə çatdırır, alıcı qaimə-fakturanı təsdiq etdikdə mallar təhvil verilmiş hesab edilir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 1 il müddətinə qüvvədədir. xx.xx.2022-ci il tarixli 047872 nömrəli tərəflərin imzaları ilə təsdiq olunmuş elektron qaimədən görünür ki, cavabdehə təhvil verilməli 31 adda məhsulun ümumilikdə dəyəri 19000,27 manat təşkil edir. Həmin elektron qaiməni fiziki imzalamaqla cavabdeh qeyd edilən dəyərdə mal təhvil aldığını qəbul edir. İddiaçı öhdəliklərini yerinə yetirərək 19000,27 manat dəyərində malları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı malların dəyərinə görə ödənilməmiş 19000,27 manat borcu yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Bahadur oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 146/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh Bahadur oğluna ümumi dəyəri 19.000 manat məbləğində mal satılmışdır. Malların qəbul edilməsinə baxmayaraq cavabdeh tərəfindən bugünə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin VÖEN hesabına rəsmi qaydada pretenziya göndərilməsinə və pulun ödənilməsi üçün 3 gün müddət qoyulmasına baxmayaraq cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 146/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcı tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəkildə olan qaimə-fakturalarda qeyd olunan malları alıcıya satmağı, sonuncu isə həmin malları qəbul edib, dərhal ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən satıcı sifarişi aldıqdan sonra 3 gün ərzində qaimə-fakturada qeyd edilən malları alıcının təyinat yerinə çatdırır, alıcı qaimə-fakturanı təsdiq etdikdə mallar təhvil verilmiş hesab edilir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 1 il müddətinə qüvvədədir. İddiaçı öhdəliklərini yerinə yetirərək dəyəri 19000,27 manat olan malları cavabdehə təhvil verilmiş, lakin cavabdeh öhdəliyini ümumiyyətlə yerinə yetirmədiyindən ödənilməmiş 19000,27 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini ümumiyyətlə ödəmədiyindən onun ödənilməmiş 19000,27 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 047872 nömrəli elektron qaimə ilə təsdiq olunur. Həmin qaimə elektron qaydada qarşı tərəfə təqdim edilsə də cavabdeh eyni zamanda, fiziki olaraq qeyd edilən qaiməni imzalamış və malları təhvil aldığını təsdiq etmişdir. Məhkəmə qeyd edilən elektron qaiməyə münasibətdə də qeyd edir ki, həmin elektron qaimədə hər iki tərəfin imzası öz əksini tapmışdır. Bu səbəbdən həmin elektron qaimə birbaşa sübut qismində məhkəmə tərəfindən qiymətləndirilir və orada adı qeyd edilən malların cavabdehə təqdim edilməsi təsdiq olunur. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərddar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasına imkansız etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirməyərək təhvil aldığı malların dəyərini ödəmədiyindən və bu, hər iki tərəfin imzası əks olunmuş elektron qaimə ilə təsdiq olunsa da, iddiaçı 19000 manat borcun tutulması tələbi ilə müraciət etdiyindən 19000 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 147 manat olmalıdır. İddiaçı tərəfindən 147 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən 147 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19000 manat məbləğində pul və 147 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar