Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-515/2025 06.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən əsas borc üzrə 72557.73 manat, dəbbə pulu üzrə 14511.55 manat, ümumilikdə 87069.28 manat pul vəsaitinin və 351.21 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “Satıcı”) ilə Cavabdeh MMC (bundan sonra “Alıcı”) (birlikdə “Tərəflər”) arasında iyun 2024-cü il tarixində № 43/2024 saylı Alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilənin 4.2-ci maddəsinə əsasən, bu Müqavilənin əlavələrində başqa hal müəyyən edilməyibsə, malların ödənişi mallar təhvil verildiyi gündən 30 (otuz) gün ərzində Satıcı tərəfindən təqdim edilmiş hesab-faktura, qiymət razılaşdırma və elektron qaimə əsasında Alıcı tərəfindən ödənilməlidir. Müqavilənin 9.3-cü bəndinə əsasən, Alıcı mallar üzrə ödənişi bu Müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə, Satıcı hər gecikən gün üzrə, ödənməyən məbləğə görə Alıcıya həmin məbləğin 1 (bir) faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququna malikdir, lakin bu məbləğ həmin borcun 20 (iyirmi) faizindən artıq olmamalıdır. Malların təhvil-təslim aktına görə müvafiq mallar xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixli təhvil-təslim aktları əsasında Alıcıya təhvil verilmişdir. X1 çərçivəsində Satıcının hüquqlarını pozaraq ödənişi etməmişdir. Elə bu səbəbdən də alıcının hüquqları pozulmuş və maddi zərərlə üzləşmişdir. Belə ki, alıcının müqavilə üzrə bu günə olan borcu əsas məbləğ üzrə 72 557.73 manat (yetmiş iki min beş yüz əlli yeddi manat yetmiş üç qəpik), dəbbə pulu üzrə 14 511.55 manat (on dörd min beş yüz on bir manat əlli beş qəpik), cəmi 87069.28 manat (səksən yeddi min altmış doqquz manat iyirmi səkkiz qəpik) təşkil edir. xx.xx.2025-cı il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya yollanmasına baxmayaraq, cavabdeh öz öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş, məhkəmə iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2024-cü il tarixli AGV 43/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı bu müqaviləyə əlavələrdə (qiymətlərin razılaşdırılma protokolu) göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. həmin müqavilənin 9.3-cü bəndinə əsasən alıcı mallar üzrə ödənişi müqavilənin 4.2-ci bəndinə müəyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə alıcıya həmin məbləğin 1 % məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. İş materaiallarında olan təhvil-təslim aktlarından görünür ki, malların hər birinin adı, miqdarı və yekun qiyməti göstərilməklə xx.xx.2024-cü il tarixdə 32804,135 manat, xx.xx.2024-cü il tarixdə 1193,4 manat, xx.xx.2024-cü il tarixdə 6410,7 manat və xx.xx.2024-cü il tarixdə 40161,1445 manat olmaqla cəmi 80569,38 manat dəyərində mallar cavabdeh şirkətə təhvil verilmişdir. Həmin aktlar iddiaçı və cavabdeh şirkətin imza və möhürləri ilə təsdiq edilmişdir.
8. İş materiallarında olan 10113765 nömrəli xx.xx.2024-ci il tarixli, 10339061 nömrəli xx.xx.2024-cü il tarixli, 10657305 nömrəli xx.xx.2024-cü il tarixli, 10121756 nömrəli xx.xx.2024-cü il tarixli, 10753513 nömrəli xx.xx.2024-cü il tarixli, 10900808 nömrəli xx.xx.2024-cü il tarixli, 10112162 nömrəli xx.xx.2024-cü il tarixli, 10113769 nömrəli xx.xx.2024-cü il tarixli, 10112414 nömrəli xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş elektron qaimələrdə cavabdehin iddiaçıya müxtəlif tarixlərdə ödəməli olan borc məbləğləri göstərilmişdir.
9. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə aralarında bağlanan müqavilə əsasında xx.xx.2024-cü il tarixdə 9498,79 manat və 501,21 manat olmaqla cəmi 10000 manat məbləğində ödəniş edilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. V. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
VI. Məhkəmənin mövqeyi:
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
13. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
14. Məhkəmə ilk öncə 72557.73 manat həcmində əsas borcun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, idda bu hissədə qismən təmin edilməlidir.
15. Belə ki, Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə nəzərdə tutulan təhvil-təslim aktarı üzrə cəmi 80569,38 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə malların bir qisminin yəni 10000 manat həcmində (iş materiallarında olan ödəniş qəbzlərinə əsasən) dəyərini ödəmiş, yerdə qalan 70569,38 manat (80569,38-10000=70569,38) hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan təhvil-təslim aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. İddia tələbində göstərilən 72557.73 manat borcun yaranması isə tam şəkildə sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia qismən təmin edilməli və əsas borc üzrə 70569,38 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 9.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı mallar üzrə ödənişi müqavilənin 4.2-ci bəndinə müəyən olunmuş vaxtda həyata keçirmədikdə, satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə alıcıya həmin məbləğin 1 % məbləğində dəbbə pulu tətbiq etmək hüququ vardır.
17. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli AGV 43/2024 nömrəli alqı-satqı müqaviləsi üzrə 3528,46 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
18. Beləliklə, yuxarıda göstərilən normalara və qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 04 iyun 2024-cü il tarixli, AGV 43/2024 nömrəli alqı - satqı müqaviləsi üzrə 70569,38 manat əsas borc, 3528,46 manat cərimə borcu olmaqla cəmi 74097,84 manat borc tutularaq İddiaçınə ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
19. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 312,29 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
20. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməldir. Vİl. Nəticə:
21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən 04 iyun 2024-cü il tarixli, AGV 43/2024 nömrəli alqı - satqı müqaviləsi üzrə 70569,38 manat əsas borc, 3528,46 manat cərimə borcu olmaqla cəmi 74097,84 manat borc və 312,29 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova