Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-520/2025 14.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixli 24124 saylı müqaviləyə əsasən 1898.4 manat borc və 189.8 manat cərimə borcu olmaqla, cəmi 2088.20 manat pul vəsaitinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40.89 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 350 manat haqqın iddiaçının xeyrinə tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən xx.xx.2024-cü il tarixli 24124 saylı müqaviləyə əsasən 1898.4 manat borc və 189.8 manat cərimə borcu olmaqla, cəmi 2088.20 manat pul vəsaitinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40.89 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 350 manat haqqın iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbində əsas borcun həcmini azaldaraq 1700 manat məbləğində əsas borc tələb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 24063 nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, satıcı İddiaçı MMC adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaiməfaktura (və ya elektron qaimə faktura) və ya Əlavə Razılaşma ilə müəyyən edilən malları alıcı Cavabdeh satır, alıcı isə malı qəbul edib dəyərini müqaviləyə uyğun olaraq satıcıya ödəyir. Müqaviləyə əsasən, alıcı tərəfindən müvafiq olaraq müxtəlif vaxtlarda mal sifariş edilmişdir. Satıcı sifariş edilmiş malları müvafiq qaydada alıcıya təhvil vermiş və Malların sifarişlərə uyğun şəkildə çatdırılması və təhvil verilməsi müvafiq sənədlərlə də öz təsdiqini tapmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən, Alıcı sifariş etdiyi Malın dəyərinin 100%-ni Malın təhvil edildiyi gündən etibarən 20 (iyirmi) iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh 2365 manat borcu qalmışdır. Cavabdeh həmin borcdan qismən ödəniş etmiş və hal-hazırda1898.40 manat borcu qalmışdır. Malların müqaviləyə və sifarişlərə uyğun şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh 1898.40 manat vəsaiti İddiaçı MMC-ə ödəməmişdir. Həmçinin, müqavilənin 6.5-ci bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. Hal-hazırda ödənilməmiş 1898.40 manat vəsait üçün hesablanmış cərimə məbləği 189.8 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinin tələbinə görə bu müqaviləyə əsasən, satıcı adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri hər bir mal sifarişi üzrə tərtib edilən qaimə-faktura (və ya elektron qaimə faktura) və ya Əlavə Razılaşma ilə müəyyən edilən malları alıcıya satır, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəyir. 2.5-ci bəndinin tələbinə görə satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını 2 nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləridə alıcıya təqdim edə bilər. 3.1-ci bəndinin (vi) yarımbəndinin tələbinə görə alıcı onun tərəfindən qəbul edilmiş sifarişlərə görə məsuliyyət daşıyır, alıcı bu sifarişləri qəbul edib, ödənişi həyata keçirməlidir. 6.1-ci bəndinin tələbinə görə alıcı sifariş etdiyi malın dəyərinin 100%-ni malın təhviltəslim edildiyi gündən etibarən 20 iş günü müddətində nağd və ya nağdsız qaydada satıcının bank hesabına ödəməlidir. 6.3-cü bəndinin tələbinə görə qiymətlər tərəflər arasında yazılı formada razılaşdırıla bilər. Əgər müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa, qiymətlər bu müqavilənin 6.1-ci maddəsində göstərilən sənədlərdə və (və ya) tərəflər arasında razılaşdırılmış digər sənədlərdə öz əksini tapan qiymətlər olacaqdır. 6.5-ci bəndinin tələbinə görə alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məlumatdan göründüyü kimi cavabdeh həmin tarixə İddiaçı MMC-yə 2365 manat məbləğində borcunun olduğunu və 3 ay ərzində ödənişə başlayacağını bildirmişdir. Həmin məlumatın doğruluğunu öz imzası ilə təsdiqləmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron poçt vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıdan 2020-ci ildən 2024-cü ilin dekabr ayına kimi avtomobil mühərrik yağları alıb satmışdır. Bu dövr ərzində təxmini olaraq 150 000 manat dəyərində məhsul alıb pulunu ödəmişdir. Son dövrlərdə işlərdə olan zəiflik və müştərilərinin borclarını qaytarmaması səbəbindən iflas etmişdir. Buna baxmayaraq o, borcundan hər ay 100 manat, bəzən isə 200 manat ödəyir. Hal-hazırda iddiaçıya qalıq borcu 1700 manat təşkil edir. Son ödənişi fevral ayının 5-i olmuşdur. Məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” sosial şəbəkəsində olan yazışmalardan görünür ki, xx.xx.2024-cü il tarixli qəbzlə 200 manat ödəniş edilmiş, xx.xx.2024-cü il tarixli qəbzlə 100 manat ödəniş edilmiş, 1900 manat borcun qaldığı qeyd edilmiş, xx.xx.2025-ci il tarixli qəbzlə 100 manat ödəniş edilmiş, 1800 manat borcun qaldığı qeyd edilmiş, xx.xx.2025-ci il tarixli qəbzlə 100 manat ödəniş edilmiş və 1700 manat borcun qaldığı qeyd edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən qismən ödəniş edilmiş, hal-hazırda əsas borc 1700 manat təşkil edir. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə rəsmi qaydada Cavabdeh poçt vasitəsilə ünvanı üzrə çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, xx.xx.2024-cü il tarixli məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024cü il tarixli alqı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və onun 1700 manat ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məlumatdan göründüyü kimi cavabdeh həmin tarixə İddiaçı MMC-yə 2365 manat məbləğində borcunun olduğunu qəbul etmiş və öz imzası ilə bu məlumatın doğruluğunu təsdiqləmişdir. İddiaçı ilkin olaraq cavabdehin bu məbləğdən qismən ödəniş etdiyini və 1898.4 manat məbləğində borcunun qaldığını bildirmişdir. Lakin cavabdeh məhkəməyə müraciət edərək 1700 manat məbləğində borcunun olduğunu qəbul etmiş, lakin tələb edilən borcu qalan hissədə mübahisələndirərək həmin hissəni ödədiyini bildirmiş və tərəflər arasında olan “whatsapp” sosial şəbəkəsində olan yazışmaları məhkəməyə təqdim etmişdir. Həmin yazışmalardan göründüyü kimi ən son ödəniş xx.xx.2025-ci il tarixli qəbzlə 100 manat məbləğində olmuş və həmin yazışmada 1700 manat borcun qaldığı qeyd edilmişdir. Bundan sonra iddiaçı tərəf buna münasibətdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qismən ödəniş edildiyini, 1700 manat məbləğində borcunun qaldığını qəbul etmiş və bunun nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Belə ki, göründüyü kimi hər iki tərəf cavabdehin xx.xx.2024-cü il tarixli alqı-satqısı müqaviləsi üzrə 1700 manat məbləğində ödənilməmiş əsas borcunun qaldığını qəbul etdiyindən, iddia tələbi əsas borca münasibətdə 1700 manat həddində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “189.8 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.5ci bəndinin tələbinə görə alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.5%-i miqdarında cərimə ödəməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, 85 manat məbləğində (əsas borcun 5%-i həcmində) cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi daha ədalətli və ağlabatandır.
Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qeyd olunanlara əsasən, yekun olaraq 1700 manat məbləğində əsas borc və 85 manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, işə sadələşdirilmiş icraat qaydasında baxılması, yalnız müraciətlər formasında işdə iştirakı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq 40.89 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə 34.95 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə dövlət rüsumunun 5.94 manat hissəsi iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1700 manat əsas borc, 85 manat cərimə borcu, 250 manat vəkil xidmət haqqı və 34.95 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov