Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-525/2022 28.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixli 02/00842 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2200 manat borcun və 60 manat mediasiya xərcinin Cavabdeh tutuaraq İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin Cavabdeh qarşı “cavabdehdən 2200 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/00842 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilənin 1-ci bəndinə əsasən istidadəyə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə istifadəyə verir, lizinq alan isə texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərclərdən asılı olmayaraq 5500 manat məbləği lizinq verənə cari ilin son gününü ötürməmək şərti ilə tam şəkildə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci və 2.2.3-cü bəndlərinə əsasən istifadəçi ödəniş məbləğini müqavilə müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür, əks təqdirdə lizinqə verənin tələbi ilə qeyd-şərtsiz texnikanı qaytarır və borc məbləğinni ödəyir. İddiaçı tərəfindən kənd təsərrüfatı texnikası cavabdehin istifadəsinə verilmiş, işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, 3300 manat ödəniş etmiş, 2200 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, 2014-cü il buraxılışı olan TC-5050 markalı 66K125 qeydiyyat nişanlı Taxılyığan kombayın X1 tərəfindən təhvil alınmış, xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 02/00842 nömrəli müqavilə üzrə müqavilə məbləği 5500 manat təşkil edir, borcdan 3300 manat ödəniş etmiş, hazırkı borc 2200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Qeyd edilən məhkəmə bildirişinin cavabdeh tərəfindən alınmasına dair məhkəmə bildirişinin kötüyü məhkəməyə daxil olmamış, Azərpoçt MMC-nin veb səhifəsindən elektron qaydada poçtun izlənməsi bölməsindən xx.xx.2022-ci il tarixdə SS773652015AZ nömrəsi üzrə axtarış edildikdən sonra məhkəmə bildirişinin xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırıldığı məlum olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Akt, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə görə, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İddiaçı tərəfindən kənd təsərrüfatı texnikası cavabdehin istifadəsinə verilmiş, işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, 3300 manat ödəniş etmiş, 2200 manat ödənilməmiş borcu qalmışdır. Tərəflərin imzaladığı müqavilənin 1.3-cü bəndinə əsasən 2021-ci ilin 31 dekabr tarixi bitdiyi və cavabdeh tərəfindən tam ödəniş edilmədiyi üçün iddiaçının hazırkı məbləği tələb etmək hüququ yaranmışdır. Ona görə də qeyd edilən borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda 60 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 02/00842 nömrəli operativ lizinq müqaviləsi üzrə 2200 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 42 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-525/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-525/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver