Məhkəmə qərarları › İş №e-2-2(117)-529/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-529/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-529/2024 06.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli GL952 nömrəli “xxxx” xətti ilə verilən subsidia tətbiq edilən X2 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd X1 avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 3441.05 manat gecikdirilmiş əsas borcu, 814.08 manat cərimə borcunun və 162.56 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixli AS 3560 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) lizinq obyektini bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı (İddiaçı ASC) isə xüsusi olaraq lizinq alana lizinq obyektini vermək məqsədilə qəbul edib qiymətini bu müqavilə ilə razılaşdırılmış qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, GL952 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən (İddiaçı ASC) lizinq obyektini lizinq alanın (Cavabdeh) müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində 36 ay müddətinə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan tərəfindın lizinq obyektinin razılaşdırılmış dəyərinin 20 % hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. 4.9-cu bəndinə əsasən lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə, lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1 %-nə bərabər həcmdə dəbbə pulu ödəməlidir. 5.2-ci bəndinə əsasən lizinq obyektinin lizinq verən tərəfindən lizinq verənin və lizinq alanın səlahiyyətli nümayəndəsi tərəfindən təhvil-təslim protokolunun imzalanması ilə həyata keçirilir. 6.1-ci bəndinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Lizinq müddəti ərzində lizinq alan lizinq obyekti üzərində yalnız sahiblik və istifadə hüquqlarına malikdir. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq alanın lizinq obyekti üzərində mülkiyyət hüququna malik olmasını ifadə etmir. 19.2-ci maddəsinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi ilə müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin (19.2.1; 19.2.2; 19.2.3) tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq obyektinin lizinq alandan geri götürülməsini tələb edə bilər. 19.6-cı bəndinə əsasən 19.6.3-cü yarımbənddə qeyd olunmuş lizinq alan tərəfindən lizinq ödənişlərinin 2 ardıcıl ay üçün ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt hal hesab olunur. 21.1-ci bəndinə əsasən müqavilənin 19.2-ci bəndinə uyğun olaraq defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Lizinq obyekti bu maddəyə əsasən geri alındıqda lizinq alan çəkdiyi hər hansı xərclərin əvəzinin ödənilməsini lizinq verəndən tələb etmək hüququna malik deyildir. xx.xx.2022-ci il tarixli, GL952 nömrəli lizinq müqaviləsinə 1 nömrəli Əlavədən göründüyü kimi cavabdehə ilkin dəyəri 16016 manat manat olan 1 ədəd X1 verilmişdir. Əlavənin “C” bəndinə əsasən bu Əlavə müqavilənin ayrılmaz tərkib hissəsidir. “D” bəndinə əsasən lizinq obyekti üçün iddiaçıya ödənilməli kredit məbləği 8135,36 manat təşkil etmişdir. İlkin ödənişin məbləği 3696 manat təşkil edir. Kredit məbləğinin 1%-i olan 81,35 manat komissiya olaraq İddiaçı ASC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən 3696 manat məbləğində ilkin ödəniş, 81,35 manat komissiya xərci və lizinq predmeti cavabdehə təhvil verildikdən sonra 400,65 manat kredit ödənişi edilmiş, gecikdirilmiş borc 3441,05 manat təşkil etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli №GL952 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 (otuz altı) ay müddətinə ödəmə şərti ilə 8135.36 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 16016 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 3696 manat ilkin ödəniş və 81.35 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 3441.05 gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 814.08 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə xx.xx.2024-cü il tarixində xs/ 1147/24 nömrəli prentenziya məktubu rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə Cavabdeh arasında iddiaçı Global Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 3441.05 manat gecikdirilmiş əsas borcu, 814.08 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransa da, cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 400.65 manat ödəniş etmişdir. Cavabdeh iddia tələbinə etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən onun istifadəsinə verilmiş avadanlığın istifadəsindən narazı qalmış və həmin avadanlığın geri götürülməsini bildirsə də, heç bir məlumat almamışdır. Avadanlıqdan cəmi 16 gün istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada ünvanı üzrə xx.xx.2024-cü il tarixdə bildiriş şəxsən təqdim olunmuş, iddiaçı iddia tələbinə qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Lizinq müqaviləsi, Lizinq müqaviləsinə 1 nömrəli Əlavə, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə tələbin lizinq müqaviləsinə xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissəsində təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GL952 nömrəli lizinq müqaviləsinin 19.2-ci bəndinə əsasən defolt hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. 19.6-cı bəndinə əsasən 19.6.3cü yarımbənddə qeyd olunmuş lizinq alan tərəfindən lizinq ödənişlərinin 2 ardıcıl ay üçün ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi defolt hal hesab olunur. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin geri qaytarılması tarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi ilə müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin (19.2.1; 19.2.2; 19.2.3) tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq obyektinin lizinq alandan geri götürülməsini tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə lizinq müqaviləsinə xitam verilməsi, pul tələbi, lizinq obyektinin mülkiyyətçiyə saz və işlək vəziyyətdə qaytarılması ilə bağlı pretenziya məktubu ünvanlanmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirmədiyindən iddiaçı müqaviləyə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh borc öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçının bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ tərəflərin razılaşmasından irəli gəlmiş (19.2) və cavabdeh müqaviləni imzalamaqla həmin müqavilənin şərtlərini təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GL952 nömrəli lizinq müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Qeyd edilən müqavilə qanunvericiliyin tələbinə əsasən atrıq ləğv edilmişdir. Bundan başqa məhkəmə tələbin avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılması və 3441,05 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GL952 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən (İddiaçı ASC) lizinq obyektini lizinq alanın (Cavabdeh) müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində 36 ay müddətinə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən lizinq alan tərəfindən lizinq obyektinin razılaşdırılmış dəyərinin 20 % hissəsi ilkin ödəniş qaydasında lizinq verənə ödənilir. 21.1-ci bəndinə əsasən müqavilənin 19.2-ci bəndinə uyğun olaraq defolt halının baş verməsi zamanı lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra qalan məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və 3441,05 manat gecikdirilmiş əsas borc öhdəliyi yaranmışdır. Cavabdeh hazırki vaxtadək həmin öhdəliyini icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin tələbindən də (21.1-ci bənd) göründüyü kimi öhdəlik cavabdeh tərəfindən icra edilmədikdə lizinq verən lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Tərəflərin razılaşmasında qanuvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti iddiaçının müstəsna mülkiyyətindədir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 6.1-ci bəndindən də göründüyü kimi lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 3441.05 manat əsas borc cavabdehdən tutulmalı, həmçinin lizinq predmeti iddiaçının mülkiyyətində olduğundan iddiaçı əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb edir ki, bunda da haqlı olmuşdur və bu səbəbdən lizinq predmeti də iddiaçıya qaytarılmalıdır. Cavabdeh iddia tələbinə etiraz ərizəsini məhkəməyə təqdim etmiş, lakin etirazını sübut edə bilməmişdir. Məhkəmə tərəfindən etirazın əsasını təşkil edəcək sübutların 5 gün müdddətində məhkəməyə təqdim edilməsi, əks təqdirdə işə işdə olan sübutlar əsasında baxılacağı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh etirazını əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bundan başqa məhkəmə 814,08 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.9-cu bəndinə əsasən lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə, lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1 %-nə bərabər həcmdə dəbbə pulu ödəməlidir. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən məhkəmə dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən 100 manat cərimə tutularaq iddiaçıya ödənilməsi daha ədalətli və ağlabatan olmaqla qanuni hesab edilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 162,55 manat təşkil edir. İddiaçı tərəfindən 100 manat lizinq predmetinin qaytarılması, 62,56 manatı isə pul tələbi üzrə ödəmişdir. Lizinq predmetinin qaytarılması ilə bağlı tələb tam təmin edildiyindən həmin tələbə üzrə ödənilmiş 100 manat iddiaçıya qaytarılmalı, 62,96 manat dövlət rüsumu ödənilmiş pul tələbi isə qismən təmin edildiyindən 10,56 qəpik iddiaçıya aid edilməli, 50 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh lizinq predmeti olan 1 ədəd X1 avadanlığı saz və işlək vəziyyətdə alınaraq İddiaçı ASC-yə qaytarılsın. Cavabdeh 3441,05 manat əsas, 100 manat cərimə borcu və 150 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar