Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-53/2024 08.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi (təsisçi) Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən 177192 manat əsas borc, 26578 manat faiz borcu (penya 0.1% günlük) mediasiya prosesi üçün ödənilən 410 manat, dövlət rüsumu 100 manat və mənəvi zərərə görə isə 10000 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə Q01/23 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən yanacağın verilməsini öz öhdəsinə götürmüş, alıcı isə malın dəyərini elektron qaimə-faktura tərtib edildikdən sonra 5 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən yanacağın dəyəri ödənilmədikdə gecikdirilən hər gün üçün 0,01% penya hesablanır. 3.2-ci bəndinə əsasən alıcı ödənişin müddətini üzrsüz səbəbdən gecikdirərsə, satıcının müqaviləni pozmağa ixtiyarı vardır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 177192 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. xx.xx.2023-cü il tarixli Q01/23 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən müqavilə üzrə verilmiş dizel yanacağının qiyməti 0,80 manat və və Benzin Aİ-92 yanacağının qiyməti 1 manat razılaşdırılmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli üzləşdirmə aktı tərtib olunmuş və həmin akt üzrə 221490 litr yanacağın təhvil verilməsi hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, **********-Dizel adda yanacağın həcmi 221490 litr olmaqla dəyəri 177192 manat təşkil edir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli Q01/2023 nömrəli müqavilənin şərtlərində 2.2 göstərilmişdir ki,yanacağın dəyəri ödənilmədikdə gecikdirilən hər gün üçün 0.01% penya hesablanır. Nəzərə alınsa ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixli üzləşmə aktında təsdiqini tapdığı kimi 221490 litr dizel yanacağını alıcıya yəni Cavabdeh MMC-yə satıb bu zaman iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirib. Cavabdeh xx.xx.2023-cü il tarixdən bugünədək ödəmədiyi əsas borca penya kimi müqavilədə təsdiqini tapan 0.1 % faizi də ödəməlidir. Həmin penya borcu ümumilikdə 26578 manat (177192 * 0.1%*150 gün) təşkil edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli Q01/2023 nömrəli müqavilənin şərtlərinə və üzləşmə aktında malın təhvil verilməsi aktına əsasən cavabdehin əsas borcu 177192 manat, penya üzrə hesablanmış borcu isə 26578 manat təşkil edir. Bununla yanaşı cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün maddi zərərlə yanaşı mənəvi zərərlə də üzləşmişlər. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Qiymətlərin razılaşdırılması protokolu, Üzləşmə aktı, Elektron qaimə-faktura və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tələbi 3 hissədən - 177192 manat əsas borcun tutulması, 26578 manat penyanın tutulması, mənəvi zərərə görə isə 10000 manat pulun tutulmasından ibarətdir. İddianın 177192 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin ediməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdə Q01/23 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protoklunda göstərilən yanacağın verilməsini öz öhdəsinə götürmüş, alıcı isə malın dəyərini elektron qaimə-faktura tərtib edildikdən sonra 5 iş günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixli Q01/23 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən tərəflər arasında dizel yanacağının qiyməti 0,80 manat və və Benzin Aİ-92 yanacağının qiyməti isə 1 manat razılaşdırılmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək ümumilikdə 177192 manat dəyərində 221490 litr dizel yanacağını cavabdehə təhvil versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etməyərək borcunu ödəməmişdir. Tərəflər arasında xx.xx.2023cü il tarixli üzləşdirmə aktı tərtib olunmuş və həmin akt üzrə 221490 litr yanacağın təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturadan göründüyü kimi cavabdehə təhvil verilmiş dizel yanacağın həcmi 221490 litr olmaqla dəyəri 177192 manat təşkil etmişdir. Eyni zamanda məhkəmə xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturaya münasibətdə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malın alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə yanacaq təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan başqa iddiaçı 26578 manat borcu faiz borcu kimi tələb etsə də, ərizənin məzmunundan da göründüyü kimi iddiaçı həmin məbləği gecikdirilmiş əsas borca penya kimi hesablamışdır. Bu səbəbdən məhkəmə 26578 manat məbləğə dəbbə pulu olaraq hüquqi qiymət verir və həmin məbləğə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təhvil verilmiş yanacağın dəyərini müqavilə şərtinə uyğun elektron qaimə verildiyi gündən 5 gündək artıq vaxt keçməsinə baxmayaraq ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Belə ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən yanacağın dəyəri ödənilmədikdə gecikdirilən hər gün üçün 0,01% penya hesablanır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən müqavilə üzrə tələb olunan 26578 manat deyil, əsas borcun 5 faizi həcmində 8860 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa iddiaçı mənəvi zərərə görə 10000 manat pulun ödənilməsini tələb edir və bunu MM-in 21-ci maddəsi və Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumum qərarı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci madddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Göründüyü kimi başqası tərəfindən vurulmuş mənəvi zərərə görə təzminat tələb etmək hüququ yalnız fiziki şəxsə mənsubdur və istinad olunan qərarda məhz buna istinad edilərək zərərçəkmiş şəxsin keçirdiyi mənəvi sarsıntı və iztiraba görə təmzinat ala bilmə imkanlarını nəzərdə tutur. İddiaçı isə həmin maddəyə istinad edərək mənəvi zərərlə üzləşdiyini iddia edir ki, məhkəmə iddiaçının bu hissədə tələbi ilə razılaşmır və hesab edir ki, tələb bu hissədə rədd edilməlidir. Belə ki, hazırki vəziyyətdə iddiaçı hüquqi şəxs kimi mənəvi zərər iddia edir ki, göründüyü kimi mənəvi zərərin ödənilməsinin tələb edilməsi hüququ yalnız fiziki şəxsə mənsub olduğundan hüquqi şəxs tərəfindən belə bir tələb irəli sürülməsi mümkün deyildir. Hüquqi şəxs işgüzar nüfuzuna vurulmuş zərərlə bağlı iddia irəli sürmək hüququna malikdir ki, işgüzar nüfuzuna zərər vurulduğunu da sübut etməlidir. Şərh olunanla əsasən məhkəmə qeyd edir ki, hüquqi şəxsə mənəvi zərərin vurulması mümkün omadığından və iddiaçı onun işgüzar nüfuzuna zərərin dəyməsinə dair məhkəməyə sübut təqdim etmədiyindən iddia qiymət verilən hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəyə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (213770 manat) ödənilməli dövlət rüsumu 503,77 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 503,77 manat dövlət rüsumunun 65,32 manatı iddiaçıdan, 438,45 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənildiyindən onun tərəfindən ödənilməli 65,32 manat dövlət rüsumu ödənilmiş dövlət rüsumundan (100 - 65,32 = 34,68) çıxıldıqda 34,68 manat qalır ki, iddia tələbi qismən təmin edildiyindən qalan 34,68 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı onun tərəfindən 410 manat mediasiya xərci ödənildiyini iddia etsə də, iş materiallarına əlavə edilmiş mediasiya sənədindən müəyyən olunduğu kimi sonuncu tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Poçt, kagüzarlıq xidməti ilə bağlı mediasiya təşkilatına ödədiyi 10 manat isə tutulmamalıdır. Belə ki, həmin xərc mediasiya sessiyası zamanı çəkilməli olan xərclərin dairəsinə aid deyildir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 177192 manat əsas borc, 8860 manat cərimə borcu, 400 manat mediasiya xərci və ödənilmiş 34,68 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən 438,45 manat ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-53/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-53/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver