Məhkəmə qərarları › İş №e-2-2(117)-532/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-532/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-532/2025 29.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilə ürzə pulun ödənilməsi və lizinq obyektinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024cü il tarixli, 515 №-li lizinq müqaviləsi üzrə ödənilməmiş 5000 manat məbləğində pulun, gecikdirilmiş müddət üçün 1500 manat cərimənin, 85 manat təşkil edən məhkəmə xərclərinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə və “neo laser” adlı, DM40H********** seriya nömrəli lizinq obyektinin iddiaçıya təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh2 oğlu (bundan sonra – “cavabdeh”) arasında xx.xx.2024-cü il tarixində, 515 №li lizinq müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində nəzərdə tutulmuş avadanlığı (bundan sonra – “avadanlıq”) hissə-hissə ödənilməklə cavabdehə lizinqə verməyi, cavabdeh isə Müqavilədə və/və ya əlavələrdə müəyyən edilmiş məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, iddiaçı ilə Cavabdeh1 (bundan sonra – “zamin”) arasında xx.xx.2024-cü il tarixində, 515 №-li zaminlik müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş və eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh Müqavilə üzrə nəzərdə tutulmuş avadanlığı iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh iddiaçıya 2000 (iki min) manat ilkin ödəniş və 26 ay müddətində hər ay 1000 (min) manat aylıq ödəniş etməklə, ümumilikdə 28,000 (iyirmi səkkiz min) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 3 saylı Əlavəyə əsasən, hazırkı tarixədək Cavabdeh2 tərəfindən 11000 (on bir min) manat ödənilməli idi. Buna baxmayaraq, son aylarda ardıcıl olaraq ərizəçiyə ödəniş edilməmiş, beləliklə, cavabdehin bu günə olan tarix üçün 5000 (beş min) manat məbləğində borcu qalmışdır. Həmin Əlavənin 5-ci bəndinə əsasən, ödənişlər Lizinq alan tərəfindən gecikdirildikdə, gecikdirilmiş hər gün üçün həmin ayın ödəniş məbləğinin 1 faizi həcmində cərimə hesablanacaqdır. Belə olan halda cavabdehlər tərəfindən gecikdirilmiş müddət (5 ay və ya 150 gün) üçün 1500 manat (150 gün x (1000 x 1 : 100) həcmində cərimə iddiaçıya ödənilməlidir. Müqavilənin 14.3.3-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəməzsə və ya iki dəfə gecikdirərsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli xitam verilə bilər. Ödənişlər icra edilmədiyinə görə iddiaçı qanunvericilik və müqaviləyə əsaslanaraq avadanlığın ərizəçiyə geri qaytarılmasını həm şifahi, həm də yazılı xəbərdarlıqlar etməklə bir neçə dəfə cavabdehdən tələb etmişdir. Lakin cavabdeh ödənişi icra etməmiş və avadanlığı geri təhvil verməmişdir. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 5000 manat, gecikdirilmiş müddət üçün hesablanmış cərimə məbləği 1500 manat, məhkəmə xərclərinin əvəzi olaraq 85 manat məbləğində pul cavabdeh və zamindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, həmçinin avadanlıq cavabdehdən götürülərək iddiaçıya təhvil verilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 515 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmentinə əsasən lizinq verən bu müqaviləyə əlavə olaraq imzalanmış protokollarda göstərilmiş lizinq obyektini lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə öz növbəsində həmin lizinq obyektini qəbul edib müqavilədə göstərilmiş şərtlərdə və qaydada dəyərini lizinq verənə ödəməyi öhdədəsinə götürmüşdür. Həmin müqavilənin 4.1ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edir. 5.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə məxsusdur. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 515 nömrəli lizinq müqaviləsinə 1 saylı əlavə olaraq imzalanmış qiymətlərin razılaşdırılma protokolundan görünür ki, müqavilə üzrə cavabdehə təhvil verilən 1 ədəd “Neo Laser” markalı DM40H********** seriya nömrəli avadanlığının qiyməti 28000 manat təşkil etmişdir. Həmin protokol iddiaçı və Cavabdeh2 tərəfindən imzalanmışdır.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 515 nömrəli lizinq müqaviləsinə 2 saylı əlavə olaraq imzalanmış təhvil-təslim aktından görünür ki, 1 ədəd “Neo Laser” markalı DM40H********** seriya nömrəli lazer aparatı öz avadanlıqları ilə birlikdə Cavabdeh2 təhvil verilmişdir.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 515 nömrəli lizinq müqaviləsinə 3 saylı əlavə olaraq imzalanmış ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 dəyəri 28000 manat olan lizinq obyektini ilkin olaraq 2000 manat ödəmək şərti ilə, 26 ay müddətinə hər ay 1000 manat ödəmək şərti ilə istifadəsinə qəbul etmişdir. Həmin 3 saylı əlavənin 5-ci bəndinə əsasən cədvəl üzrə ödənişləri lizinq alan tərəfindən gecikdirilməsi zamanı, gecikdirilmiş hər gün üçün həmin ayın ödəniş məbləğinin 1% miqdarında cərimə hesablanacaqdır. Qeyd olunan əlavə də iddiaçı və Cavabdeh2 tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 515 nömrəli zaminlik müqaviləsinə əsasən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 xx.xx.2024-cü il tarixli 515 nömrəli lizinq müqaviləsinən irəli gələn öhdəlikləri qarşısında onunla birlikdə eyni qaydada məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmin müqavilə iddiaçı şirkət və zamin Cavabdeh1 tərəfindən imzalanmışdır.

11. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə qeyd olunan lizinq müqaviləsi üzrə borcun ödənilməsi və lizinq predmentinin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddəsinə əsasən Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

Vl. Məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehlərə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq və həmin lizinq müqaviləsinin təminatı kimi bağlanmış zaminlik müqaviləsindən irəli gəlir.

15. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 515 nömrəli nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan yuxarıda adı qeyd olunan lazer avadanlığı Cavabdeh2 təhvil verilmişdir. Bu hal iş materiallarında olan təhvil-təslim aktı ilə öz təsdiqini tapmışdır. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur.

16. Məhkəmə qeyd edir ki, iddia tələbi zamin Cavabdeh1 da pul tutulması hissəsində də əsaslıdır. Belə ki, yuxarıda qeyd olunan mülki qanunvericiliyin zaminliklə bağlı müdəalarından da göründüyü kimi, zamin əsas borclu ilə birlikdə kreditorun öhdəlikəri qarşısında məsuliyyət daşıyır. Hazırki işdə də zamin Cavabdeh1, Cavabdeh2 qeyd olunan müqavilədən irəli gələn öhdəlikləri qarşısında eyni dərəcədə məsuliyyət daşımağı öz üzərinə götürmüş və ən əsası bu öhdəlik iddiaçı ilə zamin arasında bağlanmış zaminlik müqaviləsi ilə rəsmiləşmişdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, iddiaçı zamindən əsas borclu ilə müştərək qaydada pul tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia zaminə münasibətdə də təmin edilməlidir.

17. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehlərdən xx.xx.2024-cü il tarixli 515 nömrəli nömrəli nömrəli lizinq müqaviləsi üzrə 5000 manat əsas borc müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqaviləyə 3 saylı əlavənin 5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan lizinq ödənişlərini bu müqavilədə göstərilən müddətdə ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün ödənilmiyən lizinq ödənişi məbləğinin 1 % həcmində cərimə ödəyir.

19. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehlərdən xx.xx.2024-cü il tarixli 515 nömrəli lizinq müqaviləsi əsasında 250 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

20. Bundan başqa məhkəmə iddia tələbinin “Neo laser” adlı, DM40H********** seriya nömrəli lizinq obyektinin iddiaçıya təhvil verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 515 nömrəli nömrəli nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edir. 5.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə məxsusdur. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, lizinq alan yəni cavabdeh öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə lizinq verənə ödənilməmiş borcu qalmışdır. Lizinq alan müqavilənin şərtlərini pozduğundan lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaqda və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan “Neo laser” markalı, DM40H********** seriya nömrəli 01 ədəd lizinq obyekti Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır.

21. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə ödənilmiş 72,5 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

22. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİl. Nəticə:

23. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 515 №-li lizinq müqaviləsi üzrə 5000 manat məbləğində borc və 250 manat cərimə olmaqla cəmi 5250 manat məbləğində pul, ödənilmiş 72,5 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2024-cü il tarixli, 515 №-li lizinq müqaviləsi üzrə “Neo laser” markalı, DM40H********** seriya nömrəli 01 ədəd lizinq obyekti Cavabdeh2 tərəfindən İddiaçı MMCyə geri qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar