Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-539/2021 04.10.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Talıbzadə Xəyal Eldəniz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “1668,48 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X1” MMC ilə fermer Cavabdeh arasında Zərdab rayonu Qoruqbağı kəndində pambığın becərilməsi ilə əlaqədar 15.01.2018-ci il tarixli 113 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini tam icra etməmiş və nəticədə göstərilən iş və xidmətlərin dəyəri kimi 1668,48 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin ödənilməmiş borcu iş materiallarında olan üzləşmə aktı, ödəniş tapşırıqları və aktlarla öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin borc məbləği ödənilmədiyindən hazırkı mübahisə yaranmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə fermer Cavabdeh arasında 15.01.2018-ci il tarixli 113 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Zərdab rayonu Qoruqbağı kəndində yerləşən 10 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə etmiş məhsulu bu şərtlər daxilində və qiymətə“X1” MMC-yə təhvil verməyi öhdəsinə götürsə də, öhdəliklərini yerinə yetirməmiş və 1668,48 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, 01.10.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək borcu etiraf etdiyini, hazırda borcu ödəməyə imkanının olmadığını, gələn il pambıq əkərək borcunu ödəyəcəyini, pambıq əkə bilməsə borcunu hissə-hissə ödəyəcəyini bildirdi. İş materiallarına əlavə edilmiş Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMC “X1” MMC-nin hüquqi varisidir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, ödəniş tapşırıqları, arayışlar, aktlar, bildiriş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, “X1” MMC ilə fermer Cavabdeh arasında 15.01.2018-ci il tarixli 113 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Zərdab rayonu Qoruqbağı kəndində yerləşən 10 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə etmiş məhsulu bu şərtlər daxilində və qiymətə“X1” MMC-yə təhvil verməyi öhdəsinə götürsə də, iddiaçı cavabdehə bu məqsədlə ümumilikdə 5370,28 manat avans ödəmiş, cavadeh 3701,80 manat məbləğində xam pambıq təhvil vermiş,cavabdeh öhdəliyini tam yerinə yetirməmiş və 1668,48 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək borcunu etiraf etmişdir. MPM-in: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyindən və borcun etiraf edilməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh oğlundan 1668,48 (bir min altı yüz altmış səkkiz manat qırx səkkiz qəpik) borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-539/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-539/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver