Məhkəmə qərarları › İş №e-2-2(117)-54/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-54/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-54/2025 14.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “19278.72 manat məbləğində borc, 3800 manat cərimə və 159.24 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23237.96 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “19278.72 manat məbləğində borc, 3800 manat cərimə və 159.24 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23237.96 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 30 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-025 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, alıcı satıcıya məxsus (mülkiyyətində və ya istifadəsindı olan) Yevlax rayonu, Salahlı kəndində yerləşən 30 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsimi və alıcı satıcının borcları çıxılmaq şərtilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.2.2-ci bəndinə əsasən, satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xampambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022ci il tarixədək alıcıya təhvil verir. 2.2.3-cü bəndinə əsasən, alıcı tərəfindən göstərilən servis xidmətlərin, nağd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir. 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 55889,94 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, ödənilmiş 47213.26 kq, 36611.22 manat məbləğində xam-pambıq təhvil verilmiş və nəticədə 19278,72 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə aktda öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 19278,72 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 19278,72 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, İddiaçı nümayəndəsi X2 və Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı şirkətin Yevlax filialının əvvəlki müdiri ilə qohumdur. O,coğrafiya müəllimi işləmiş, heç vaxt əkin-biçin işləri ilə məşğul olmamışdır. Onu birgə pambıq əkib gəlir götürəcəkləri ilə bağlı inandırmış, o da razı olmuşdur. Ona əvvəl 30 ha torpaq sahəsində pambıq əkiləcəyi deyilsə də, sonradan 70 ha torpaq sahəsinə pambıq əkilmişdir. Sonra pambığa şirkətin verdiyi qurda qarşı dərman istifadə edilmiş, dərman təsir etməmiş, əksinə pambıq qozaları tökülmüşdür. Bununla bağlı şirkətin nümayəndələrinə, DAİM-in nümayəndələrinə müraciət etmişdir. Məhsul batdığı üçün qazanc əldə edə bilməmişdir. Borcunun olduğunu qəbul edir, məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 30 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-025 nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 19278,72 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 19278,72 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, həmin məbləğ “İş və xidmətlərin yerinə yetirilməsi” haqqında aktla öz təsdiqini tapır. Bundan başqa cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izhatının mahiyyətindən göründüyü kimi cavabdeh tələb edilən əsas borcun məbləğinə etiraz bildirməmiş, bununla bağlı hər hansı bir sübut və ya arqument irəli sürməmişdir. Sadəcə olaraq məhsul batdığı üçün qazanc əldə edə bilmədiyini qeyd edərək məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə bu səbəbdən iddia tələbiin həqiqiliyini iddiaçının təqdim etdiyi sübutlar əsasında yoxlamış və cavabdehin tələb edilən məbləğlə bağlı hər hansı bir etirazı olmadığından, həmçinin işdəki sübutların həqiqiliyi şübhə doğurmadığından və iddia tələbini tamamladığından məhkəmə tərəfindən əlavə olaraq ekspertiza təyin edilmə, sorğu verilməsi və sair prosessul hərəkətlər icra edilməmişdir. İddia tələbinin “3800 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndində tərəflər razılaşmışlar ki, alıcı tərəfindən göstərilən servis xidmətlərin, nağd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%dən artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Yekun olaraq məhkəmə qeyd edir ki, iddia tələbi 19278.72 manat məbləğində əsas borc və 200 manat məbləğində cərimə borcunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı və qanuni olduğu üçün o hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbinə uyğun olaraq 159.24 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmiş və cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 134.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 24.84 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19278.72 manat borc, 200 manat cərimə borcu və 134.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissəsdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar