Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-540/2021 30.07.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “3449 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair sadələşdirilmiş iş üzrə cavabdehin işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “3449 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 29.07.2021-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək onun fiziki şəxs kimi VÖEN-nin olmadığını bildirmiş və iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə sadələşdirilmiş qaydada icraatda olan işin materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı cavabdehin fərdi sahibkar statusuna malik olması əsası iddia ərizəsi ilə hazırki məhkəməyə müraciət etmiş və sonuncunun fərdi sahibkar statusuna malik olmasının sübutu qismində İnternet Verdi İdarəsindən əldə edilmiş məlumatı məhkəməyə təqdim etmişdir. Həmin məlumata əsasən Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. Lakin cavabdehin məhkəməyə müraciətindən sonra məhkəmə tərəfindən aparılmış araşıdırma zamanı müəyyən edilmişdir ki, ********** nömrəli VÖEN hazırki iş üzrə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh deyil, onunla eyni ada, soyada və ata adına sahib 06.07.1983-cü il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh məxsusdur. Eyni zamanda aparılmış əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri görə müəyyən edilir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibinə görə hazırki məhkəmədə baxılmalı deyil. Belə ki, iddiaçı hüquqi şəxs olsa da cavabdeh sahibkar subyekti deyildir. Habelə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tar4ixli 10 nömrəli Qərarının 27-ci bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı fərdi sahibkar statusu olan fiziki şəxs olmadığından tərəflər arasında yaranmış mübahisə, subyekt, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə mülki mübahisə olduğundan hazırkı mübahisəyə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, mabahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməli və iş cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsi olan Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı “3449 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-540/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-540/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver