Məhkəmə qərarları › İş №e-2-2(117)-540/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-540/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-540/2024 04.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “32858,80 manat əsas borc, 5000 manat dəymiş maddi ziyan və 204 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alğısatqı müqaviləsinə əsasən satıcı icarəyə götürdüyü 10 ha torpaq sahəsində pomidor məhsulunun yetişdirilməsi üçün alıcıdan 20000 manat avans alır və təhvil verdiyi pomidorun hər kiloqramını 0,20 manat olmaqla satmağı, alıcı isə avans verdiyi 20000 manat avans məbləğində malı qəbul edəndən sonra, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən satıcı icarəyə götürdüyü 10 ha torpaq sahəsində yetişdirilən pomidor məhsulu qurtarana kimi qiyməti 0,20 manat müəyyənləşdirilir. xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, 10 ha ərazidə hektarının qiyməti 2000 manat olmaqla pomidor məhsulunun yetişdirilməsi üçün 20000 manat avans vəsait olaraq ödəniləcəyi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından məlum olur ki, 20000 manat avans vəsait "xxxx" MMC-nin AZ64BRES******************** nömrəli hesabına ödənilmişdir. Alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq satıcı malların dəyərini alsa da, lazımi dəyərdə məhsulu iddiaçıya verməmiş və nəticədə 32858 manat məbləğində iddiaçıya ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında üzləşmə aktı tərtib olunmuş və həmin akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir ki, cavabdeh tərəfdən akt "xxxx" MMC-nin rəhbəri X1 tərəfindən imzalanmışdır. Həmin üzləşmə aktından görünür ki, pomidor məhsulunun yetişdirilməsi üçün cəmi çəkilmiş xərc 40183 manat (avans, şitil, toxum) təşkil etmiş, cavabdeh tərəfindən 7324,20 manat dəyərində hazır məhsul iddiaçıya verilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh MMC verdiyi vədə əməl etməmişdir. İddiaçı MMC tərəfindən 40183.00 manat məbləğində pul ödənilməsinə baxmayaraq qarşı tərəf həmin məbləğin bir qismi miqdarında yəni, 7324.20 manat məbləğində pomidor vermişdir. Qalan məbləğ qarşılığında məhsul verməmişdir və eyni zamanda İddiaçı MMC-yə olan borcunu qaytarmamışdır. Dəfələrlə qaytaracağına söz versə də, verdiyi vədə əməl etməmişdir. Cavabdeh MMC-nin İddiaçı MMC-yə bu günə olan borcu isə 32858.80 manat təşkil edir və həmin məbləğin ödənişi ilə bağlı heç bir hərəkət etmir. Onlar da məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci madəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, Hesab-faktura, Ödəniş tapşırığı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığına münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi tərəflərin hüquqi iradə ifadələrini əks etdirməklə qanunun tələblərinə uyğun bağlanmış, həqiqi hüquqi nəticələr yaratmış və etibarsız olmamışdır. İddia tələbinin 32858,80 manat borc məbləğinin tutulması hissəsinə qiymət verən məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslı oluğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı icarəyə götürdüyü 10 ha torpaq sahəsində pomidor məhsulunun yetişdirilməsi üçün alıcıdan 20000 manat avans alır və təhvil verdiyi pomidorun hər kiloqramını 0,20 manat olmaqla satmağı, alıcı isə avans verdiyi 20000 manat avans məbləğində malı qəbul edəndən sonra, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli hesab-fakturadan göründüyü kimi 10 ha ərazidə hektarının qiyməti 2000 manat olmaqla pomidor məhsulunun yetişdirilməsi üçün 20000 manat avans vəsait olaraq ödəniləcəyi qeyd edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından məlum olduğu kimi 20000 manat avans vəsait "xxxx" MMC-nin AZ64BRES******************** nömrəli hesabına ödənilmişdir. Alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq satıcı malların dəyərini alsa da, lazımi dəyərdə məhsulu iddiaçıya verməmiş və nəticədə anams, şitil və toxumun dəyərinə görə 32858,80 manat məbləğində iddiaçıya ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında tərtib olunmuş və hər iki tərəfin imzası ilə təsdiq edilmiş üzləşmə aktından göründüyü kimi 32858,80 manat məbləğ ödənilməmiş qalmış və üzləşmə aktının sonunda əl yazısı ilə yazılmış qeydə əsasən məlum olmuşdur ki, cavabdeh tərəf ona hesablanmış borcla razılaşdığını bildirərək borcu qəbul etdiyini etiraf etmişdir. Bu səbəbdən 32858,80 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı dəymiş maddi ziyana görə 5000 manat pulun ödənilməsini tələb edir və bunu Mülki Məcəllənin 1096.1, 1097.1 və 1115-ci maddələri ilə, eləcə də, Mülki Məcəllənin 21-ci maddəsi və Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumum qərarı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2.-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci madəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi iddiaçı mülki hüquq pozuntusunun yarandığını və buna görə ona zərər vurulduğunu iddia etsə də, hazırki vəziyyətdə delikt öhdəliyinin pozuntusundan söhbət gedə bilməz. Belə ki, hazırki mübahisə tərəflər arasındakı müqavilədən irəli gələn mübahisə olduğundan iddiaçının iddia etdiyi delikt pozuntusu ilə əlaqədar qanunvericiliyinin nörmalarının təsir dairəsinə düşmür. Bundan başqa iddiaçı Mülki Məcəllənin 21-ci maddəsi və 23-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumum qərarına istinad edir ki, həmin plenum qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Normanın məzmunundan da müəyyən olunduğu kimi Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur ki, iddiaçı ona dəymiş zərər kimi 5000 manatı mübahisələndirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş və zərərin nədə ifadə olunduğunu əsaslandırmamışdır. Bundan başqa iddiaçının işgüzar nüfuzuna cavabdeh tərəfindən ziyan vurulmasında dair də məhkəməyə sübut təqdim edilməmişdir. Beləliklə şrh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dəymiş ziyana dair sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəə qeyd edir ki, 32858,80 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 203,58 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 203,58 manat dövlət rüsumunun 26.89 manatı iddiaçıdan, 176,69 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 204 manat dövət rüsumu dövlət büdcəsinə ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir ki, iddiaçı tərəfindən ödənilməli 26,89 manat rüsum ödənilmiş 204 manat rüsumdan çıxıldıqda 177,11 qalır ki, bundan da iddianın qiymətinə uyğun cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməli 176,69 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 0,42 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən mediasiya xərci ödənildiyini iddia etsə də, iş materiallarında yalnız dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd mövcuddur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 32858,80 manat borc və 176,69 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 0,42 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar