Məhkəmə qərarları › İş №e-2-2(117)-546/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-546/2024

10.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-546/2024 10.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı direktoru Nümayəndə1 Hacəli oğlunun, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehn direktoru , Cavabdehn nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işgüzar nüfuzun ləkələnməsi, şərəf və ləyaqətin alçaldılmasına görə 200000 manat məbləğində kompensasiyanın ödənilməsi, kütləvi informasiya vasitələrində cavabdeh tərəfindən yayılmış yalan məlumatların təkzib edilməsi, cavabdehin yazılı formada üzr istəmə vəzifəsinin qoyulması və 494 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh İddiaçınə (bundan sonra mətndə cavabdeh) qarşı “işgüzar nüfuzun ləkələnməsi, şərəf və ləyaqətin alçaldılmasına görə 200000 manat məbləğində kompensasiyanın ödənilməsi, kütləvi informasiya vasitələrində cavabdeh tərəfindən yayılmış yalan məlumatların təkzib edilməsi, cavabdehin yazılı formada üzr istəmə vəzifəsinin qoyulması və 494 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı kənd təsərrüfatı məhsulları, gübrə, dərman və s. satışı ilə məşğuldur. İddiaçı ictimaiyyət arasında kifayət qədər nüfuz sahibidir. Cavabdeh sosial şəbəkədə saxta video yayımlayaraq iddiaçının nüfuzuna xələl gətirmişdir. Həmin video çarx yayımlandıqdan sonra mahsulun alışı azalmışdır. Bu səbəbdən də işgüzar nüfuza dəymiş zərərin məbləği olaraq 200000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı MMC 2019-cu ildən etibarən Respublika ərazisində kənd təsərrüfatı bitkilərinin toxumları, gübrə və bitki mühafizəsi dərmanlarının satışı ilə məşğul olur. Hər il ölkə ərazisinə rəsmi və sertifikatlı “super elit”, elit toxumları idxal edir. İdxal olunan toxumlar arasında “Pioner qarğıdalı Hibrid” toxum növüdə vardır. İddiaçı MMC ilə “Pioner Hi-Bred” (Şwitzerland) şirkəti arasında PRAZE 21/12 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 2024-cü ilin yaz mövsümü əkinləri üçün 5000 (beş min) kisə toxumun alışı üçün razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya əsasən 3056 (üç min əlli altı) kisə qarğıdalı toxumu artıq ölkə ərazisinə idxal olunmuşdur. İddiaçı tərəf bildirmişdir ki, Cavabdeh rəhbərliyi tərəfindən xüsusi video çarx hazırlanmış, böhtan xarakterli məlumatlar yayılmış və həmin görüntülərdə saxta olaraq reklam olunan “P 2088” nömrəli qarğıdalı toxumu xx.xx.2024-cü il tarixində gömrük bəyannaməsinə əsasən rəsmi olaraq ölkəyə idxal olunmuşdur. İş materialları kimi bir ədəd video çarx olan disk, iki ədəd yaddaş kartı məhkəməyə təqdim olunmuş və tərəflərin iştirakı ilə həmin sübutlara məhkəmə iclasında baxılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən Lot nömrəsi TR17221210R5613635 olan, 105 ədəd kisə, hər kisədə 80000 ədəd toxum olmaqla “P 2088” markalı qarğıdalı toxumu idxal edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən iddia ərizəsinə etiraz məhkəməyə təqdim edilmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, cari ilin əvvəlində alıcılar tərəfindən “P 2088” markalı Pioner adında eyni rəngdə və qaydada qablaşdırılmış, lakin saxta qarğıdalı toxumunun satılması ilə bağlı məlumatlar verilmişdir. Həmin məlumatlar əsasında maarifləndirmə işlərinin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə izahlı video çarx hazırlayaraq istehsalçı Pioner şirkətinin internet saytında qablaşdırılmış məhsulun üzərindəki kod vasitəsilə yoxlanılmasının mümkün olduğunu, məhsulun əsli ilə saxtasının ayırd edilməsi qaydalarını izah etməyə çalışmışlar. İddiaçının iddia ərizəsində istinad etdiyi “P 2088” rəqəmi məhsulun marka və növünü ifadə edir. İzahlı video xx.xx.2024-cü ildə çəkilmiş, lakin iddiaçı “P 2088” markalı qarğıdalı toxumunu gömrük bəyannaməsinə əsasən xx.xx.2024-cü il tarixində idxal etmişdir. İddiaçının konpensasiya tələb etməsi əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tairixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, “P 2088” markalı qarğıdalı toxumunun idxalı və satışı bir neçə şirkət tərəfindən həyata keçirilir, videoda göstərildiyi kimi izah yalnız məhsulun kodu ilə bağlıdır, məhsulun üzərində idxalçıya aid heç bir məlumat göstərilmir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş gömrük bəyannaməsi və qoşma vərəqindən aydın olur ki, idxal edilmiş məhsulun Lot nömrəsi F1554D214280 olmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən etiraz məhkəməyə təqdim olunmuş və onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi Lot nömrəsi heç bir halda İddiaçı MMC-yə aid deyildir. Belə ki, həmin Lot nömrəsi sırf toxumun istehsalçı tərəfindən alınmış sertifikatının partiya nömrəsidir və həmin nömrə idxalçıya aid deyildir. Eyni zamanda cavabdeh tərəf yaddaş kartı vasitəsilə Lot nömrəsi ilə bağlı izahlı videonu məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəfindən çıkilmiş video çarxda iddiaçının adı çəkilməsə də, şirkət işarə edilmişdir. Cavabdeh tərəf rəqabət apardığı üçün belə bir addım atmışdır. Həmin videodan sonra müştərilər onlardan mal almamışlar. Cavabdeh tərəfin videoda təqdim etdiyi məhsul kodu iddiaçıya məxsusdur. Həmin kodla olan məhsullar ancaq iddiaçı şirkətə satılır. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil, onlar sırf maarifləndirmə məqsədilə video çarx çəkmişlər, həmin videoda yoxlanılmış mal iddiaçıya aid deyildir. Kisənin üzərindəki kodla onun hansı şirkətə aid olduğunu bilmək mümkün deyil. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq məhkəmə iclası zamanı iddiaçı və cavabdeh tərəfin təqdim etdiyi toxum kisələrinin məhsul kodu (iddiaçının:RGC3H9A) ilə (cavabdhin:FYAHJG7) üstündəki nömrə ilə, toxumların saxta olub-olmadığı yoxlanılmış və hər iki məhsulun orjinal olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirmişdir ki, o məhsulların saxta olduğu ilə bağlı söhbətlər eşitmişdir. Bununla bağlı Serhan bəyə müraciət etdikdə o bildirmişdir ki, Avropadan gətirilən mallar köhnə və ucuz olduğundan keyfiyyəti də aşağıdır. Videodakı partiya nömrəsinin eyni olub-olmadığını soruşduqda onlar həmin partiyanın iddiaçıya məxsus olduğunu və eyni mallar olduğunu bildirmişlər. Bundan sonra QR kod vasitəsilə malların orjinallığı yoxlanılır. Məhkəməyə təqdim edilmiş videodan da göründüyü kimi, yoxlanılan malın Lot nömrəsi F1554D214280, markası isə “P 2088”-dir, yoxlama proseduru göstərilir və yoxlama zamanı məhsul kodu üzrə axtarış zamanı məhsulun qanunvericliyə uyğun olaraq istehsalı təsdiqlənmədiyindən “Saxta” və ya “Saxta ola bilməsi” qeyd edilir. Elektron qaydada aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: gömrük bəyannamələri, etirazlar, whatsapp yazışmaları və digər sənədlər daxildir. Eyni zamanda, iş materialları kimi bir ədəd disk və iki ədəd yaddaş kartı məhkəməyə təqdim olunmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Əvvəlcə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından, hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Hazırkı işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC 2019-cu ildən etibarən Respublika ərazisində kənd təsərrüfatı bitkilərinin toxumları, gübrə və bitki mühafizəsi dərmanlarının satışı ilə məşğul olur. Hər il ölkə ərazisinə rəsmi və sertifikatlı “super elit”, elit toxumları idxal edir. İdxal olunan toxumlar arasında “Pioner qarğıdalı Hibrid” toxum növü də vardır. İddiaçı MMC ilə “Pioner Hi-Bred” (Şwitzerland) şirkəti arasında PRAZE 21/12 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 2024-cü ilin yaz mövsümü əkinləri üçün 5000 (beş min) kisə toxumun alışı üçün razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya əsasən 3056 (üç min əlli altı) kisə qarğıdalı toxumu artıq ölkə ərazisinə idxal olunmuşdur. Cavabdeh də həmçinin qeyd edilən toxumları Türkiyə Respublikasından idxal edərək satışı ilə məşğuldur. Cavabdeh rəhbərliyi tərəfindən xüsusi video çarx hazırlanmış, böhtan xarakterli məlumatlar yayılmış və həmin görüntülərdə saxta olaraq reklam olunan “P 2088” nömrəli qarğıdalı toxumu xx.xx.2024-cü il tarixində gömrük bəyannaməsinə əsasən rəsmi olaraq ölkəyə idxal olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən Lot nömrəsi TR17221210R5613635 olan, 105 ədəd kisə, hər kisədə 80000 ədəd toxum olmaqla “P 2088” markalı qarğıdalı toxumu idxal edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən iddia ərizəsinə etiraz məhkəməyə təqdim edilmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, cari ilin əvvəlində alıcılar tərəfindən “P 2088” markalı Pioner adında eyni rəngdə və qaydada qablaşdırılmış, lakin saxta qarğıdalı toxumunun satılması ilə bağlı məlumatlar verilmişdir. Həmin məlumatlar əsasında maarifləndirmə işlərinin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə izahlı video çarx hazırlayaraq istehsalçı Pioner şirkətinin internet saytında qablaşdırılmış məhsulun üzərindəki kod vasitəsilə yoxlanılmasının mümkün olduğunu, məhsulun əsli ilə saxtasının ayırd edilməsi qaydalarını izah etməyə çalışmışlar. İddiaçının iddia ərizəsində istinad etdiyi “P 2088” rəqəmi məhsulun marka və növünü ifadə edir. İzahlı video xx.xx.2024-cü ildə çəkilmiş, lakin iddiaçı “P 2088” markalı qarğıdalı toxumunu gömrük bəyannaməsinə əsasən xx.xx.2024-cü il tarixində idxal etmişdir. İddiaçı tərəfindən məhkməyə təqdim olunmuş gömrük bəyannaməsi və qoşma vərəqindən aydın olur ki, idxal edilmiş məhsulun Lot nömrəsi F1554D214280 olmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən etiraz məhkəməyə təqdim olunmuş və onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi Lot nömrəsi heç bir halda İddiaçı MMC-yə aid deyildir. Belə ki, həmin Lot nömrəsi sırf toxumun istehsalçı tərəfindən alınmış sertifikatının partiya nömrəsidir və həmin nömrə idxalçıya aid deyildir. Eyni zamanda, cavabdeh tərəf yaddaş kartı vasitəsilə Lot nömrəsi ilə bağlı izahlı videonu məhkəməyə təqdim etmişdir. İşin mübahisələndirilən halları isə cavabdeh tərəfindən sosial şəbəkədə iddiaçı şirkət tərəfindən satılan məhsulun keyfiyyətsiz və saxta olması haqqında işlədilən əsassız sözlərlə şirkətin işgüzar nüfuzuna zərər vurulub-vurulmaması, həmin ifadələrin işlədilməsində cavabdehin məqsədinin işgüzar nüfuzunu ləkələmək olub-olmaması ilə bağlı halların araşdırılmasından ibarətdir. İddiaçı tərəf məhkəmə iclaslarında verdiyi izahatlarda bildirmişdir ki, video çarxda göstərilmiş saxta malın üzərindəki Lot nömrəsi yalnız İddiaçı MMC-yə məxsusdur. Əlavə olaraq məhkəmə iclasında hər iki tərəfin gətirdiyi məhsullarla bağlı ekspertiment-yoxlama aparılmış və hər iki məhsulun orjinal olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının mübahisələndirdiyi Lot nömrəsinə münasibətdə qeyd edir ki, həmin nömrə bir kisə məhsulun yox, ümumilikdə bir partiya şəklində istehsal olunmuş məhsula istehsalçı tərəfindən verilmiş partiya nömrəsidir. Həmin partiya nömrəsi ilə müəyyən miqdarda məhsul istehsal olunaraq müxtəlif şirkətlərə satılır. Qarğıdalı toxumu məhsulunun idxalçıya məxsus olduğunu göstərən yeganə işarə, kisənin üzərində olan Quar kodla (beynəlxalq dildə-QR) yanaşı qeyd olunmuş hərf və rəqəmlərdən ibarət koddur (məhsul kodu). Qeyd olunmuş internet saytına daxil olduqda məhsulun orjinal olub-olmadığını yoxlamaq üçün istifadə olunan QR həmin koddur. Belə ki, məhkəmə tərəfindən videoda qeyd olunmuş kodun iddiaçıya məxsus olub-olmaması ilə bağlı sübutların iddiaçı tərəfindən təqdim olunması tələb olunsa da, həmin kod altında olan məhsulun İddiaçı MMC-yə məxsus olması ilə bağlı hər hansı bir sübut məhkəmə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab ki, video çarxda saxta olduğu göstərilmiş məhsul kodu altında olan Quar kodun (QR) sağ hissəsində olan MN5WN4W kodu altında olan məhsul paktetinin konkret olaraq məhz həmin kisə ilə bağlı çəkiliş aparıldığından iddiaçı tərəf məhz həmin kod altında olan məhsulun ona məxsus olmasını təsdiq edəcək sübutları təqdim etməmişdir. Məhkəmə iclasında eksperiment üçün təqdim edilən kisələr üzərində olan LOT nömrəsi ümumi qeyd edilsə də, məhsulu fərdiləşdirəm məhz QK hissənin sağ hissəsində yerləşən yaşıl rəng altında yerləşən koddur ki, bu kodun yoxlanması zamanı həmin məhsulun saxtalığı müəyyənləşdirilə bilər. İddiaçı qeyd edir ki, Lot nömrəsi F1554D214280 olan nömrənin video çarxda işıqlandırldığından həmin kod isə iddiaçıya aid olduğundan cavabdeh məhz iddiaçıya qarşı yalan məlumat yaydığını və onun işgüzar nüfuzunu ləkələmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən Lot nömrəsi ilə bağlı Sertifikat və həmin lot altında olan məhsulun satış tarixçəsi (kisələrin sayı) ilə bağlı məlumatlar təqdim edilməmişdir. Bu sənədlər iddiaçıdan məhkəmə iclaslarında tələb edilmiş, lakin iddiaçı tərəf təqdim etməmişdir. İddiaçı qeyd edilən məhsul kodu olan MN5WN4W nömrə ilə olan məhsulun ona məxsus olmasını sübut edə bilməmişdir. Bundan əlavə cavabdeh beynəlxalq aləmdə qəbul edilmiş məhsulun istehsalına, bununla bağlı digər məlumatların öyrənilməsi üçün müvafiq video çarx hazırlayaraq yayması iddiaçının işgüzar nüfuzuna toxunduğu ilə bağlı arqumentləri sübuta yetirə bilməmişdir. Bundan əlavə X2 qeyd edilən ümumilikdə “QR code” bağlı müvafiq standartlar qəbul etmiş və bu beynəlxalq aləmdə qəbul edilir. Beləliklə internet resurslarından əldə edilmiş məlumatlarla müəyyən edilir ki, QR kod (quick response - çevik cavab) - iki ölçülü ştrixkod növüdür. Bu ştrixkod daxilində simvollardan (rəqəm və xüsusi simvollar) ibarət olan müxtəlif məlumat şifrələnir. QR kodlarına məhsullarda, kassa çeklərində, internet səhifələrində, bukletlərdə, reklam məlumatlarında, vizit kartlarında və s. rast gəlmək olar. QR kodlarda məhsulun istehsal yeri və tarixi, istifadəsinə dair tövsiyyələr, əks əlaqə üçün istehsalçının rekvizitləri və s. məlumatları şifrələnmiş halda yerləşdirmək olur. QR kod ilk dəfə 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən yaradılıb. Bir QR koduna maksimum 7089 rəqəm, 4296 işarə (rəqəm və latın hərfi) və 1817 heroqlif yerləşdirmək mümkündür. Eyni zamanda, Azərbaycan Respublikasında da qeyd edilən QR kodla bağlı məsələlər qanunvericilikdə öz əksini tapmışdır. Belə ki, X5 Heyətinin “12” noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş Protokol № 32 əsasən “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair” Metodoloji Rəhbərliyin 2.1.1-ci bəndinə əsasən QR kod – müvafiq proqram təminatı, o cümlədən müvafiq proqram təminatı ilə təchiz olunmuş elektron cihazlar (mobil telefon, optik oxuyucu və s.) vasitəsilə oxunması nəzərdə tutulan, X1 İSO 18004 nömrəli standartına uyğun olaraq tərtib edilən kvadratlar matrisindən ibarət məlumat daşıyıcı ştrix-kod olaraq anlayış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 355 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə ilə “Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 2.3.2-ci bəndinə əsasən Elektron əmtəənəqliyyat qaiməsi tərtib edilərkən daşımanın xarakterindən asılı olaraq əməliyyatın növü hissəsində “QR Code (X6 – Sənədin sürətli məlumat kodu)” hissəsində - xüsusi qurğular vasitəsilə məlumatların oxunmasını özündə əks etdirən optik ştrix-kod, sənədin sürətli məlumat kodu seçilir. Məhkəmə tərəfindən aparılmış araşdırma yekununda müəyyən etmişdir ki, yoxlanış aparılan məhsulun (kodlu kisənin) İddiaçı MMC-yə məxsus olması təsdiq edilməmiş və həmin məhsulun QR kodunun yoxlanılması zamanı həqiqətən çəkilmiş videoda göstərilən formada çıxmasının (Saxta olması ehtimalı) əksi də sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, məhz həmin məhsul paketi və ya həmin məhsula dair konkret məhsul üzrə sənədlər təqdim edilsəydi, yəni kodu: MN5WN4W olan məhsul təqdim edilsəydi və yoxlama zamanı videoçarxda göstərilən kimi, yəni “Saxta olma ehtimalı” deyil, başqa nəticə versəydi cavabdehin məsuliyyəti qaçılmaz olardır. Lakin bu hallar sübuta yetirilmir. Bundan əlavə cavabdeh də qeyd edilən video çarxın yayımlanmasının onun tərəfindən aparıldığını da inkar etmir. Lakin bu hərəkətləri hansısa hüquqi şəxsin işgüzar nüfuzunun ləkələnməsinə yönəlməmişdir. Məhkəmə qeyd edilən məsələlərə hüquqi qiymət olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Aydın məsələdir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların hüquqi şəxs barəsində xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. Məhkəmə tərəflərin izahatlarını işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək bildirir ki, cavabdehin sosial şəbəkədə yayımladığı video çarx hər hansı bir məhsulun saxta olduğunu göstərsə də, əslində cavabdehin əsas məqsədi alıcıları maarifləndirmək və əsl məhsulla saxta məhsulun ayırd edilməsini öyrətmək olmuşdur. Eyni zamanda həmin video çarxda İddiaçı MMC-yə aid heç bir məlumat qeyd olunmamış və İddiaçı MMC-nin işgüzar nüfuzuna heç bir xələl gətirilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur” Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı işgüzar nüfuzunun zədələnməsinin nəticələrini sübut etməlidir. Hazırki vəziyyətdə isə iddiaçı hüquqi şəxs cavabdeh tərəfindən onun fəaliyyətinə və işgüzar nüfuzuna zərər gətirəcək ifadələrin işlənilməsi nəticəsində müştərilərinin sayında azalmanın olmasını və ya bu məlumatların yayılması nəticəsində mövcud müştərilərlə hər hansı problemlərin yaşanması hallarını sübut edə bilməmişdir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Hazırkı mübahisə üzrə iddiaçı öz tələbini əsaslandırdığı halları sübut edə bilməmiş, cavabdeh sosial şəbəkədə yayımladığı video çarxın alıcıları maarifləndirmək olduğunu sübuta yetirmiş, iddiaçının irəli sürdüyü işgüzar nüfuza xələl gətirilməsi ilə bağlı cavabdehin təqsiri sübuta yetirilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “işgüzar nüfuzun ləkələnməsi, şərəf və ləyaqətin alçaldılmasına görə 200000 manat məbləğində kompensasiyanın ödənilməsi, kütləvi informasiya vasitələrində cavabdeh tərəfindən yayılmış yalan məlumatların təkzib edilməsi, cavabdehin yazılı formada üzr istəmə vəzifəsinin qoyulması və 494 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar