Məhkəmə qərarları › İş №e-2-2(117)-55/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-55/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-55/2025 07.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı “X1 Təsərrüfatı” MMC-nin cavabdeh “Team Gubaljecic” D.O.O Gradacaca qarşı “cavabdeh “Team Gubaljecic” D.O.O Gradacac-dan “borc” tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “X1 Təsərrüfatı” MMC” “X1 Təsərrüfatı” MMC-nin cavabdeh “Team Gubaljecic” D.O.O Gradacaca qarşı “cavabdeh “Team Gubaljecic” D.O.O Gradacac-dan 53700 ABŞ dolları, (91290 manat) borcun, habelə ödənilmiş 363.87 manat dövlət rüsumunun tutularaq iddiaçı “X1 Təsərrüfatı” MMC-yə ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu ərizə ilə məhkəməyə müraciət edərək hazırlıq iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə izah edilmişdir ki, cavabdeh “Team Gubaljecic” D.O.O Gradacaca-nın hüquqi ünvanı Bosniya və Hersoqavina Respublikası olduğundan, onun mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən edən sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin məhkəməyə təqdim edilməsi iddiaçı tərəfə təklif edilmiş. Lakin qeyd olunan sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh “Team Gubaljecic” D.O.O Gradacaca-nın iddia ərizəsində ünvanı Bosniya və Hersoqavina Respublikası göstərilsə də, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh kimi göstərilən xarici hüquqi şəxsin mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 15/2023 nömrəli, “14” dekabr 2023-cü il tarixli Qərarına əsasən : 1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə fərqli qayda nəzərdə tutulmamışdırsa, xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir. 1.4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti: 1) vətəndaşı olduqları dövlətin qanunları ilə; 2) bir neçə vətəndaşlığı olduqda onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə; 3) vətəndaşlığı olmadıqda daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları ilə; 4) qaçqın olduqda sığınacaq tapdıqları dövlətin qanunları ilə müəyyən edilir (MPM-in 441-ci maddəsi). 1.5. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından xarici fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fərdi sahibkar hesab edilməsi üçün həmin şəxsin müvafiq dövlətdə fərdi sahibkar kimi qeydə alınması zəruridir. Bu baxımdan məhkəmələr xarici fərdi sahibkarın iştirakı ilə mübahisəyə baxarkən ilk növbədə həmin şəxsin müvafiq xarici ölkədə fərdi sahibkar kimi qeydə alınmasını və həmin qeydin qüvvədə olmasını təsdiqedici sənəd(lər)lə müəyyən etməlidirlər. 1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. 4.1. Xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. 4.2. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh qismində “Team Gubaljecic” D.O.O Gradacac elektron ərizənin məzmununda göstərilsə də, lakin onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə uyğun olaraq şəxsi məlumatları və adı elektron iddia ərizəsində qeyd edilməmiş, həmçinin Elektron Məhkəmə İnformasiyaları Sisteminə iddiaçı tərəfindən cavabdeh qismində əlavə edilməmişdir. Bu da, məhkəmə tərəfindən iş üzrə icraat aparılan zaman məhkəmə sənədlərinin cavabdehə çatdırılması prosesinin mümkünsüz edir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa iddiaçı tərəfdən riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddədinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 363.87 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “X1 Təsərrüfatı” MMC-nin cavabdeh “Team Gubaljecic” D.O.O Gradacaca qarşı “cavabdeh “Team Gubaljecic” D.O.O Gradacac-dan “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı “X1 Təsərrüfatı” MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********79 nömrəli qəbzlə “Asan Pay” ödəniş sistemi vasitəsi ilə ödənilmiş 363.87 manat dövlət rüsumu “X1 Təsərrüfatı” MMC-yə dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar