Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-550/2022 24.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “16.04.2021-ci il tarixli 07/00718 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutuaraq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16.04.2021-ci il tarixli 07/00718 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətində 4500 manat ödəməyi öhdəsinə götürmüş, lakin 3500 manat ödəniş etmiş, nəticədə 1000 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16.04.2021-ci il tarixli 07/00718 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətində 4500 manat öhdəsinə götürmüş, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, ödənilməmiş 1000 manat borcu qalmışdır. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, tələb haqlı deyil, aldadılmışdır. Mübahisə predmeti olan texnikanı 2020-ci ildə cəmiyyətin Ağsu rayonundakı nümayəndəliyinin parkından qəbul edib götürmüşdür. Texnikanı ondan əvvəl başqa şəxs işlətmiş, texnikanın bir çox hissələri nasaz olmuşdur. Texnikanı vəsaiti hesabına işlək vəziyyətə gətirməyi və bunun müqabilində 1500 manat ona güzəşt olunacağı barədə razılığa gəlmişlər. Bu səbəbdən 3000 manat ödəniş edilmiş, 2021-ci ildə də müqavilə bağlayıb texnikanı işlətmişdir. Həmin dövrdə 1000 mnaat borcunun olması ona bildirilməmişdir. Ümumiyyətlə cəmiyyət prinsiplərinə və qanunla borclu olan şəxslə yenidən müqavilə bağlamalı deyildi. Göstərilənlərə əsasən iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 06.05.2022-ci il tarixdə bildirişi qəbul etmiş və 20.05.2022-ci il tarixdə elektron poçt vasitəsilə iddia tələbinə etirazını məhkəmədən təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Aktlar, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 16.04.2021-ci il tarixli 07/00718 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətində 4500 manat öhdəsinə götürmüş, lakin 3500 manat ödəniş etmiş, nəticədə 1000 manat borcu qalmışdır. Göründüyü kimi, iddia tələbi əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Bundan əlavə məhkəmə cavabdehin etiraz dəlillərinə münasibətdə onu qeyd edir ki, mübahisə predmeti olan texnikanın nasaz olması və texnikanın cavabdehin vəsaiti hesabına işlək vəziyyətə gətirməsi qarşlığında ona iddiaçı tərəfindən 1500 manat güzəşt olunacağı barədə razılığa gəlmələrini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də cavabdehin etirazının əsaslılığını sübutetmə yükü cavabdehin üzərinə düşür. Bundan başqa məhkəmə cavabdehin cəmiyyətin prinsiplərinə və qanunla borclu olan şəxslə yenidən müqavilə bağlamalı olmamasına dair etiraz dəlilinə münasibətdə qeyd edir ki, əvvəla mübahisə predmeti olan borc 2020-ci il tarixli deyil, 16.04.2021-ci il tarixli müqavilə ilə yaranan borcdur. Habelə 2020-ci il tarixdə yaranmış borc olsaydı belə, ididaçı cəmiyyətin borclu şəxslə müqavilə bağlayıb-bağlamaması qanunvericliyin tələbi ilə tənzimlənməməklə iddiaçının iradə ifadəsindən asılıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdeh etirazında ona 1500 manat güzəşt olunacağı və 3000 manat ödəniş etməsi barədə razılığa gəldiklərini bildirsə də, iş materiallarından görünür ki, cavabdeh tərəfindən 3500 manat ödəniş edilmiş, 1000 manat borcu qalmışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Eyni zamanda 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16.04.2021-ci il tarixli 07/00718 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000 manat borc və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-550/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-550/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver