Məhkəmə qərarları › İş №e-2-2(117)-56/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-56/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-56/2024 30.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli müqavilə üzrə yaranmış 5596,64 manat cərimə borcunun, xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilə üzrə yaranmış 910,66 manat cərimə borcunun, 500 manat hüquqi yardımla bağlı xərcin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli müqavilə üzrə yaranmış 5596,64 manat cərimə borcunun, xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilə üzrə yaranmış 910,66 manat cərimə borcunun, 500 manat hüquqi yardımla bağlı xərcin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC (Aqrolizinq ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli və xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilələr bağlanmışdır. Həmin Müqavilələrin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 10880 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. Həmin Müqavilələrin 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli müqavilə üzrə 8316 manat, xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilə üzrə 712 manat əsas borc yaranmış və iddiaçı həmin borclara 5596,64 manat və 910,66 manat cərimə borcu hesablamışdır. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli müqavilə üzrə yaranmış 5596,64 manat cərimə borcunun, xx.xx.2015-ci il tarixli 2567- GL/15 nömrəli müqavilə üzrə yaranmış 910,66 manat cərimə borcunun, 500 manat hüquqi yardımla bağlı xərcin və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əsas borcu tam şəkildə ödəmişdir. Cərimə borclarının silinməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə təqdim edərək iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli müqavilə üzrə 8316 manat, xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilə üzrə 712 manat əsas borc yaranmış və iddiaçı həmin borclara 5596,64 manat və 910,66 manat cərimə borcu hesablamışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli və xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilələr bağlanmışdır. Həmin Müqavilələrin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 10880 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, sonradan ödənişlər edərək əsas borcu tam şəkildə ödəsə də, lakin xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli müqavilə üzrə 5596,64 manat cərimə borcu, xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilə üzrə 910,66 manat cərimə borcu ödənilməmiş qalmışdır. Məhkəmə hesablanmış cərimə borclarının tutulmasına münasibətdə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, cavabdeh tərəfindən əsas borc məbləğlərinin tam olaraq ödənildiyini, cavabdehin maddi vəziyyətini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin xx.xx.2017-ci il tarixli 1918- GL/17 nömrəli müqavilə üzrə 50 manat, xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilə üzrə 20 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, ödənilməmiş 85,07 manat dövlət rüsumunun 0,92 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qalan hissə dövlət hesabına aid edilməlidir. Eyni zamanda 200 manat mediasiya xərcinin 0,22 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 500 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə ddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclaslarında iştirak etməməsini, yalnız iddia tələbinin hazırlayıb məhkəməyə təqdim etməsini, məhkəmə iclasları vaxtı iclasın keçirməsinə ərizə yazmaqla münasibət bildirməsini və cavabdehin maddi vəziyyətini nəzərə almaqla cavabdehdən hüquqi xidmətə görə haqqın 50 manat həddində tutulmasını ağlabatan hesab edir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh xx.xx.2017-ci il tarixli 1918-GL/17 nömrəli müqavilə üzrə yaranmış 50 manat cərimə borcunun, xx.xx.2015-ci il tarixli 2567-GL/15 nömrəli müqavilə üzrə yaranmış 20 manat cərimə borcunun, 50 manat hüquqi yardımla bağlı xərcin və 0,22 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Ödənilməmiş 85,07 manat dövlət rüsumunun 0,92 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin, qalan hissə dövlət hesabına aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar