Məhkəmə qərarları › İş №e-2-2(117)-565/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-565/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-565/2025 14.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı "pul" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 24780 manat (ƏDV daxil) məbləğində borc və 165 manat dövlət rüsumu olmaqla, cəmi 24945 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “İddiaçı”) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında 7 noyabr 2005-ci il tarixində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında 01 aprel 2023-cü il tarixli, 10/23TLS saylı vergi qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsinə dair Müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə rüblük əsasda cavabdehin tədiyyəçisi olduğu aylıq və rüblük vergi bəyannamələrinin yoxlanılması və zərurət yarandığı təqdirdə dəqiqləşmələrin təklif edilməsi, o cümlədən müqavilənin qüvvədə olacağı müddət ərzində telefon və elektron poçt vasitəsi ilə yarana biləcək vergitutma ilə bağlı sualların cavablandırılması üzrə xidmətlər göstərməli, Cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. Xidmətlərin yekun nəticələri olaraq, İddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmiş və xidmətlərin təhvil verildiyini təsdiq edən 29 dekabr 2024-cü il tarixli təhvil-təslim aktı və həmin tarixli xitama dair Razılıq hər iki tərəf tərəfindən imzalanmışdır. Buna baxmayaraq, xidmətlər üzrə rüblük xidmət haqları ödənilməmişdir. Tərəflər arasında qarşılıqlı etimada söykənən biznes əlaqələri mövcud olduğundan yaranmış vəziyyətlə bağlı ilk öncə cavabdehin müvafiq nümayəndələrinə şifahi formada müraciətlər edilmişdir. Şifahi müraciətlərdən sonra kifayət qədər vaxtın keçməsini nəzərə alaraq, müxtəlif tarixlərdə elektron məktub formasında nümayəndələrinin rəsmi elektron poçt hesablarına yazılı müraciət olunmuşdur. Xidmət Müqavilələri üzrə görülmüş işlərin təhvil verilməsinə baxmayaraq, Cavabdeh öz üzərinə götürdüyü xidmət haqqını vaxtında ödəmə öhdəliyini icra etməmişdir. Xidmət haqlarının vaxtında ödənilməməsi ilə bağlı cavabdehə müraciətlər edilmiş, 03 aprel 2025-ci il tarixində elektron formada pretenziya məktubu təqdim edilmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. İddiaçı tərəfindən lazımi qaydada icra olunmuş işlərə görə cavabdehə hesab-fakturalar (4 ədəd) təqdim olunmuşdur. Müqavilə üzrə İddiaçı QSC tərəfindən 24,780 manat (ƏDV daxil) məbləğində xidmətlər göstərilmiş, lakin həmin xidmət haqları ödənilməmişdir. Ümumi olaraq MT2406 11596745, MT2410 10186540, MT2410 10233878, MT2412 12239163 nömrəli qaimə-fakturalar ödənilməyib. İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri müsbət nəticə verməmişdir. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdehin Xidmət müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasını iştirakı olmadan keçrilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə, Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi” barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, iddiaçı cavabdehə rüblük əsasda cavabdehin tədiyyəçisi olduğu aylıq və rüblük vergi bəyannamələrinin yoxlanılması və zərurət yarandığı təqdirdə dəqiqləşmələrin təklif edilməsi, o cümlədən müqavilənin qüvvədə olacağı müddət ərzində telefon və elektron poçt vasitəsi ilə yarana biləcək vergitutma ilə bağlı sualların cavablandırılması üzrə xidmətlər göstərməyi, cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilməli olan xidmətlərin adları öz əksini tapmışdır. 2.1-ci bəndində isə müqavilə üzrə göstəriləcək xidmətlərin qiyməti öz əksini tapmış, həmin qiymət rüblük üzrə 7000 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd olunan müqavilə tərəf olan hüquqi şəxslərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi” barədə müqaviləyə bağlanmış xx.xx.2023-cü i ltarixli, 1 saylı əlavədən görünür ki, xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli müqaviləyə əlavə xidmət barədə müddəa əlavə edilmiş və həmin xidmətin dəyəri 3000 manat (ƏDV daxil) təşkil etmişdir. Qeyd olunan əlavə də tərəf olan hüquqi şəxslərin imza və möhürləri ilə təsdiq edilmişdir.

8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi” barədə müqaviləyə bağlanmış xx.xx.2024-cü il tarixli, 2 saylı əlavədən görünür ki, xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli müqavilə üzrə rüblük xidmət haqqı dəyişdirilərək 6000 manat (ƏDV daxil) müəyyən edilmişdir.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktında xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi” barədə müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərildiyi, cavabdehin bu xidmətləri qəbul etdiyi və bunun dəyəri olan 24780 manat pulun cavabdehin iddiaçıya qaytarma öhdəliyinin olduğu öz əksini tapmışdır. Həmin akt iddiaçı və cavabdeh şirkətin imza və möhürləri ilə təsdiq edilmişdir.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xitama dair razılıqdan görünür ki, xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli müqaviləyə tərəflərin razılığı ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Həmin razılıq iddiaçı və cavabdeh şirkətin imza və möhürləri ilə təsdiq edilmişdir.

11. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 11596745 nömrəli xx.xx.2024-cü il tarixli, 10186540 nömrəli xx.xx.2024-cü il tarixli, 10233878 nömrəli xx.xx.2024-cü il tarixli, 12239163 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimələrdə cavabdehin iddiaçıya aralarında bağlana müqavilə üzrə ödənilməli borc məbləğləri öz əksini tapmışdır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 769-cu maddəsinə əsasən Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Vl. Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdehə müqavilədə qeyd olunan 24780 manat dəyərində iş və xidmətlər göstərmişdir. Bu hal iş materiallarında olan müqavilə, elektron qaimə, təhvil-təslim aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

16. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2023-cü il tarixli 10/23 TLS nömrəli “Vergi Qanunvericiliyinə əməl edilməsinin təhlili üzrə xidmətlər göstərilməsi” barədə müqavilə üzrə 24780 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 165 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 165 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.

18. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.

Vİl. Nəticə:

19. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehndən 24780 manat məbləğdə borc və 165 manat məbləğdə ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar