Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-57/2023 31.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6671 manat gecikdirilmiş əsas borc və 6438,37 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə yaranmış 1560 manat əsas borc və 1500,72 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 10233 manat olan, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 1917 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə götürmüş, müqavilələrə uyğun cavabdeh tərəfindən ilkin ödənişlər edilmiş, qalan məbləğləri isə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə 7671 manat gecikdirilmiş əsas borc və xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə 1560 manat əsas borc qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırki iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə 7671 manat gecikdirilmiş əsas borc və 6438,37 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə 1560 manat əsas borc və 1500,72 manat cərimə borcu yaranmışdır. İddiaçı xx.xx.2023-cu il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək maliyyə arayışı tərtib edildikdən sonra cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə əsas borcdan 1000 manat ödəniş edildiyini bildirmiş və həmin müqavilə üzrə 6671 manat əsas borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış lizinq müqavilələri, ödəniş qrafiki, maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 10233 manat olan, xx.xx.2017ci il tarixli 1510-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 1917 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə götürmüş, müqavilələrə uyğun cavabdeh tərəfindən ilkin ödənişlər edilmiş, qalan məbləğləri isə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımıca yerinə yetirmədiyindən iddiaçıya xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə 6671 manat, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə 1560 manat borcu qalmışdır. Bu səbəbdən həmin əsas borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6438,37 manat, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə yaranmış 1500,72 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh lizinq predmetlərindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləğləri əsas məbləğlərə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.1.5-ci bəndinə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfə aparmadıqda lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-ci bəndi isə müqavilə şərtlərinin pozulması nəticəsində yazılı xəbərdarlıq edilməsini, lizinq obyektinin geri qaytarılmasını, ödənilmiş pulun saxlanılmasını, dəymiş zərərin tələb edilməsini, cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək qrafik üzrə ödənişin bir dəfə aparılmamasından sonra üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə 100 manat, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə 20 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə, iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 300 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (16170,09 manat) ödənilməli dövlət rüsumu 138,51 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 66,98 manat iddiaçıdan, 71,53 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilməli olan 66,98 manat dövlət rüsumu tutulmamalıdır. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 837-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6671 manat gecikdirilmiş əsas borc, 100 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1510-GL/17 nömrəli müqavilə üzrə yaranmış 1560 manat əsas borc və 20 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 100 manat pul və 200 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 71,53 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-57/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-57/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver