Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-571/2023 08.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “11595,86 əsas borc, 1414,70 manat cərimə borcu və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 22 274 094 nömrəli müqaviləyə əsasən İddiaçı MMC 2022-ci il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlər, mallar və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə sahədə aparılan işlər) xidmətləri Cavabdeh təqdim etməyi, Cavabdeh isə istehsal olunmuş xam pambıq həcmini bütövlüklə alıcı cəmiyyətə təhvil verib satmağı və alıcı cəmiyyət ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəni satıcı Cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı Cavabdeh 25.50 ha torpaq sahəsinə pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair Təlimat”ın tələblərinə əsasən Azərbaycan Elmi Tədqiqat X1 Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcı cəmiyyətdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə alıcı cəmiyyətin mülkiyyətinə tədarük mövsümü vaxtı lakin xx.xx.2022-ci il tarixindən gec olmayaraq təhvil verilir. 2.1.5-ci bəndinə əsasən satıcı bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür. 2.2.2-ci bəndinə əsasən aqrotexniki normaların tələblərinə uyğun olaraq alıcı cəmiyyət tərəfindən satıcıya avans kimi toxumluq çiyid, habelə mümkün olan halda zəhərli kimyəvi preparatlar, gübrələr nə nəğd pul vəsaiti verilə bilər. Həmçinin hazırki müqavilənin ayrılmaz hissəsini təşkil edən qiymətlərin razılaşma protokolunda müəyyən edilmiş qaydada şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və s. aqrotexniki işlər apara bilər və bu cür xidmətlərin aparılması barədə tərəflərin və ya nümayəndələrinin imzası ilə təsdiq olunmuş müvafiq akt tərtib olunur. xx.xx.2021-ci il tarixdə tərəflər xam pambığın növü, aqrotexniki işlərin adları, xam pambığın qurudulması, bardan və fartukun növləri üzrə qiymətlərdə razılaşaraq müqaviləyə əlavə olaraq qiymətlərin razılaşdırma protokolunu təsdiq etmişlər. xx.xx.2022-ci il tarixli iş aktına əsasən Cavabdeh məxsus 12,13 ha ərazidə ripper işi, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 16,50 ha ərazidə ripper işi, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,16 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,10 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,05 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 22 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 21,55 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 5 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 8,99 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 1,05 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 6,83 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,23 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 1,61 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixdə 1,58 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 2,06 ha ərazidə rotor mala çəkmə, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 2,36 ha ərazidə təkrar çiyid səpini işləri aparılmış və qaimələrlə toxumluq çiyid və gübrələr satılmışdır. xx.xx.2022-ci il tarixdə tərəflər arasında müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşma 2 nömrəli əlavə imzalanaraq pambıq əkiləcək torpaq sahəsinin miqdarı 3,80 hektara dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixli iş aktına əsasən 2,28 ha ərazidə kultivasiya, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,09 ha ərazidə kultivasiya, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 2 ha ərazidə dərman səpini, xx.xx.2022-ci il tarixdə 1,99 ha ərazidə arat üçün sahədaxili şırım açılması, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 2.08 ha ərazidə arat üçün sahədaxili şırım açılması, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,04 ha ərazidə dərman səpini, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,02 ha ərazidə arat üçün sahədaxili şırım açılması, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,04 ha ərazidə dərman səpini, xx.xx.2022-ci il tarixli iş aktına əsasən 4,05 ha ərazidə 1-ci pambıq yığımı işləri aparılmış və gübrələr satılmışdır. Bundan başqa AFB Bank tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı cəmiyyət tərəfindən Cavabdeh hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə avans şəklində pul vəsaitləri göndərilmişdir. xx.xx.2022-ci il tarixdə 353288 nömrəli pambıq qəbulu qəbzinə əsasən satıcı Cavabdeh tərəfindən dəyəri 3180,96 manat təşkil edən və kondisiya çəkisi 3976,20 kq olan xam pambıq alıcı cəmiyyətə təhvil verilmişdir. İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı və cavabdeh arasında bağlanmış 22 274 094 nömrəli 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 3,8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 15164,98 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 3976,20 kq 3180,96 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 388,16 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 11595,86 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1414,70 manat təşkil edir. Cavabdeh tərəfindən pretenziyaya cavab verilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X2 İnkişaf Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Yevlax DAİM mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh bələdiyyədən icarəyə götürdüyü 64,1 ha torpaq sahəsinin 21.7 ha hissəsində əkdiyi pambıq sahəsinə baxış keçirilərək akt tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 21,7 ha sahədə əkilmiş pambıq əkinlərinin 10 ha hissəsində pambıq bitkisi yox dərəcəsindədir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin Yevlax Filialının direktoruna ünvanlanmış (xx.xx.2022ci il saat 10:45) sifariş ərizəsindən görünür ki, cavabdeh qiymətlərin razılaşdırma protokolunda göstərilən aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlanma işlərinin iddiaçı cəmiyyət tərəfindən göstərilməsini xahiş etmiş, görüləcək aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin dəyərinin gələcəkdə ödənilməsini, eyni zamanda pestisidlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimata riayət edilməsini öhdəsinə götürmüş, sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan kənd təsərrüfatı məhsullarının risklərdən qorunması məqsədilə aqrar sığorta müqaviləsinin bağlanmasını xahiş etmiş, aqrar sığorta müqaviləsi üzrə cəmiyyət tərəfindən ödənilmiş 466,65 manat məbləğində sığorta haqqını gələcəkdə xam pambığın alqı-satqısı üzrə təhvil verəcəyi məhsulun dəyəri hesabına əvəzləşdirilməsini öhdəsinə götürmüş, aqrar sığortanın tənzimlənməsi ilə bağlı Aqrar Sığorta Fondunun İdarə Heyətinin xx.xx.2021-ci il tarixli 26/21 nömrəli qərarı ilə təsdiq edilmiş pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri ilə tanış olmuş, şərtlərlə razılaşmış və riayət edilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Yevlax rayonunun Qarxun kəndində pambığa yararlı torpaq sahəsində əkilmiş pambığın məhsuldarlığı bütün aqrotexniki işlər normal şəkildə apardıqda 1 ha düşən məhsuldarlıq 30-35 sentner təşkil edər. Əgər torpaq pambıq məhsulu üçün uyğun deyilsə bütün aqrotexniki işlər aparılsa belə məhsuldarlıq 10-12 sentner olar. Pambıq məhsulunun əkininə görə 1 ha üçün toxumluq çiyid norması 1 kq-nın dəyəri 5 manat olmaqla 25 kq nəzərdə tutulur. 1 ha pambıq sahəsinin tam sona kimi beçərilməsi (çiyid, gübrə, dərman, suvarma, katmanlama, aqrotexniki işlər – şum, mala, səpin, 3-5 dəfə kultivasiya işi, dərman və gübrə səpinləri, kombayn və s.) üçün təxmini 1800-2000 manat məbləğində xərc tələb edilir. Şahid qismində xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında dinlənilmiş Şahid ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək MKT Yevlax filialında ərazi nümayəndəsi vəzifəsində işləmişəm. xx.xx.2023-cü il tarixində MKT tərəfindən sahəyə səpin aparılmış, səpin 2-3 gün ərzində yekunlaşmışdır. 21,7 ha və 3,8 ha ərazi əkilmişdir. May ayının əvvəlləri səpindən sonrakı vəziyyətə baxış keçirmək üçün MKT-yə müraciət etmiş, hər iki əraziyə baxıılmışdılr. 21 ha sahənin bəzi yerlərində çıxış zəif, bəzi yerlərində isə normal olmuşdur. Sahənin suvarılması üçün göstəriş verilmışdır. Fermer sahənin 10 ha hissəni suvarmış, sonra yağış yağdığı üçün suvarmanı dayandırmışdır. Suvarmadan sonra MKT mütəxəssisləri əraziyə onsuz baxış keçirmişlər. Bundan sonra o dərman və kultivator üçün MKT-yə müraciət etmiş, bu zaman onlar bildirmişlər ki, həmin əraziyə aqro-texniki xidmətləri dayandırmışlar, 21 ha ərazi silinməlidir. Bu səbəbdən də cavabdeh həmin ərazi üçün aqrotexniki xidmətlərlə bağlı P-Aqro ilə müqavilə bağlamışdır. Aqrotexniki xidmətlərə görə MKT-nin sildiyi 21 ha sahənin 10 ha hissəsindən 15 ton məhsul yığılmışdır. Əraziyə vaxtında qulluq olunsaydı, 10 ha-dan 25 ton məhsul yığıla bilərdi. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh 25,50 ha ərazidə pambıq əkməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixində bağladığı azalma müqaviləsinə əsasən yalnız 3,8 ha ərazi üçün aqro texniki xidmətlər göstərilmişdir. Cavabdehin sifariş ərizəsi onlara xx.xx.2022-ci il tarixində daxil olduğu üçün onunla sığorta müqaviləsi bağlanmamışdır. Cavabdeh həmin tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əkdiyi 21 ha ərazinin 10 ha-lıq hissəsində məhsuldarlıq olmamış, 11 ha-lıq hissəsində isə normal olmuşdur. Ona bildirmişlər ki, sığorta müqaviləsi bağlamışdır, sahəni suvarsın. O, sahəni suvarmağa başlamış, lakin yağan leysan yağış səbəbi ilə suvarmanı dayandırmışdır. Bunun nəticəsində 10 ha sahədə bitiş olmsa da, 11 ha sahədə orta bitiş olmuşdur. Təqdim etdiyi videodiskdə də görünür ki, sahədə pambıq bitmişdir. İddiaçı ona bildirmişdir ki, əkdiyi 21 ha əraziyə aqro texniki xidmət göstərilməyəcək, əgər 3,8 ha-lıq əraziyə aqro texniki xidmət göstərilməsini istəyirsə azalma barədə müqavilə bağlamalıdır. Əks təqdirdə 3,8 ha sahəyə də aqro texniki qulluq göstərilməyəcəkdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, sahədə pambığın az olması ilə bağlı müqaviləni azaltmışlar. Əgər müqaviləni azaltmasalar onda cavabdehə hesablanmış borc daha da çox olardı. Cavabdehin müraciəti əsasında sifariş məktubunu onlar yazdırmışlar. Cavabdeh 3,8 ha ilə bağlı öhdəliklərini icra etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Qiymətlərin razılaşdırma protokolu. Müqaviləyə 2 nömrəli əlavə, İş aktları, qaimələr, Sifariş ərizəsi, Yevlax DAİM-nin məktubu, İddiaçı tərəfindən təqdim edilmiş məlumat, Hesabdan çıxarış, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. İddiaçının tələbinə əsasən cavabdeh tərəfindən təhvil verilmiş məhsulun dəyəri avans verilən borc, görülmüş işlər və verilmiş məhsulların dəyərini tam ödəmədmişdir ki, belə olan halda, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə onu qeyd edir ki, iddiaçı iddia ərizəsində mübahisə predmeti olan 11595,86 manat borcun 3,8 ha ərazidə əkilən xam pambıq üçün xərclənən vəsait qismində tələb etsə də, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında 3,8 ha torpaq sahəsində əkilmiş xam pambıq üçün cavabdehin heç bir borcu olmadığını, cavabdehlə əvvəl 25,50 ha torpaq sahəsinə müqavilə bağlandığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələbində qeyd etdiyi kimi, 3,8 ha torpaq sahəsində əkilmiş xam pambıq üçün deyil, 25,50 ha torpaq sahəsində əkilmiş xam pambıq üçün çəkilmiş xərci cavabdehdən tələb edir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı ümumiyyətlə 3,8 ha pambıq sahəsinin becərilməsi üçün tələb edilən məbləğ həddində xərc çəkilə bilməzdi. Belə ki, iddiaçı cəmiyyətin aqronomu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş məlumatdan göründüyü kimi, 1 ha pambıq sahəsinin tam sona kimi beçərilməsi (çiyid, gübrə, dərman, suvarma, katmanlama, aqrotexniki işlər – şum, mala, səpin, 3-5 dəfə kultivasiya işi, dərman və gübrə səpinləri, kombayn və s.) üçün təxmini 1800-2000 manat məbləğində xərc tələb edilir. Belə olan halda 3,8 ha pambıq sahəsinin becərilməsi üçün təxminən 6840-7600 manat məbləğində xərc tələb olunmalıdır ki, iddiaçı həmin məbləğdən təxminən 2 dəfə çox 15164,98 manat dəyərində xərc çəkildiyini iddia edir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı 25,50 ha torpaq sahəsinin becərilməsi üçün də cavabdehdən çəkdiyi xərci tələb etmək hüququna malik deyildir. Belə ki, iddiaçı cəmiyyətin işçisi olmuş və şahid qismində xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında dinlənilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində MKT tərəfindən sahəyə səpin aparılmış, səpin 2-3 gün ərzində yekunlaşmışdır. 21,7 ha və 3,8 ha ərazi əkilmişdir. May ayının əvvəlləri səpindən sonrakı vəziyyətə baxış keçirmək üçün MKT-yə müraciət etmiş, hər iki əraziyə baxıılmışdılr. 21 ha sahənin bəzi yerlərində çıxış zəif, bəzi yerlərində isə normal idi. Sahənin suvarılması üçün göstəriş verilmışdır. Fermer sahənin 10 ha hissəni suvarmış, sonra yağış yağdığı üçün suvarmanı dayandırmışdır. Suvarmadan sonra MKT mütəxəssisləri əraziyə onsuz baxış keçirmişlər. Bundan sonra o dərman və kultivator üçün MKT-yə müraciət etmiş, bu zaman onlar bildirmişlər ki, həmin əraziyə aqro-texniki xidmətləri dayandırmışlar, 21 ha ərazi silinməlidir. Bu səbəbdən də cavabdeh həmin ərazi üçün aqrotexniki xidmətlərlə bağlı P-Aqro ilə müqavilə bağlamışdır. Aqrotexniki xidmətlərə görə MKT-nin sildiyi 21 ha sahənin 10 ha hissəsindən 15 ton məhsul yığılmışdır. Əraziyə vaxtında qulluq olunsaydı, 10 ha-dan 25 ton məhsul yığıla bilərdi. Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əkdiyi 21 ha ərazinin 10 ha-lıq hissəsində məhsuldarlıq olmamış, 11 ha-lıq hissəsində isə normal olmuşdur. Ona bildirmişlər ki, sığorta müqaviləsi bağlamışdır, sahəni suvarsın. O sahəni suvarmağa başlamış, lakin yağan leysan yağış səbəbi ilə suvarmanı dayandırmışdır. Bunun nəticəsində 10 ha sahədə bitiş olmsa da, 11 ha sahədə orta bitiş var idi. Təqdim etdiyi videodiskdə də görünür ki, sahədə pambıq bitmişdir. İddiaçı ona bildirmişdir ki, əkdiyi 21 ha əraziyə aqro texniki xidmət göstərilməyəcək, əgər 3,8 ha-lıq əraziyə aqro texniki xidmət göstərilməsini istəyirsə azalma barədə müqavilə bağlamalıdır. Əks təqdirdə 3,8 ha sahəyə də aqro texniki qulluq göstərilməyəcəkdir. Şahid qismində məhkəmə iclasında dinlənilmiş şəxsin cavabdehlə onun lehinə ifadə verməsi üçün heç bir əlaqəsi, iddiaçı cəmiyyətlə onun əleyhinə ifadə verməsi üçün heç bir qərəzli münasibətləri olmadığından, habelə şahid əvvəllər cəmiyyətdə işləməklə baş verən hadisələrdən məlumatlı olduğundan məhkəmə şahid ifadəsini sübut kimi qəbul edir və qeyd edir ki, həm şahidin ifadəsi, həm cavabdehin izahatı, həm Yevlax DAİM-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş akt, həm də iddiaçı tərəfindən tərtib və təsdiq edilmiş müqaviləyə 2 nömrəli əlavəyə əsasən torpaq sahəsinin miqdarının azaldılması ilə təsdiq olunur ki, iddiaçı cəmiyyət müqavilədə nəzərdə tutulmuş 25,50 ha torpaq sahəsi ilə bağlı bütün aqrotexniki xidmətləri dayandırmışdır. Halbuki adları çəkilən sənədlər və şahid ifadələri ilə də təsdiq edilir ki, əgər iddiaçı cəmiyyət həmin əraziyə aqrotexniki xidmət, qulluq göstərilməsini davam etdirsəydi bu zaman sahədən məhsul əldə etmək mümkün olardı. Göründüyü kimi, məhz iddiaçı cəmiyyət tərəfindən cavabdehin təqsiri olmadan sahəyə göstərilən aqrotexniki xidmət dayandırılmışdır ki, bunun nəticəsində də iddiaçı cəmiyyət cavabdehdən heç bir vəsait tələb edə bilməz və sonuncunun təqsirli hərəkətləri nəticəsində fermez özü ziyan cəkmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin Yevlax Filialının direktoruna ünvanlanmış sifariş ərizəsindən görünür ki, cavabdeh qiymətlərin razılaşdırma protokolunda göstərilən aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlanma işlərinin iddiaçı cəmiyyət tərəfindən göstərilməsini xahiş etmiş, görüləcək aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin dəyərinin gələcəkdə ödənilməsini, eyni zamanda pestisidlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimata riayət edilməsini öhdəsinə götürmüş, sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan kənd təsərrüfatı məhsullarının risklərdən qorunması məqsədilə aqrar sığorta müqaviləsinin bağlanmasını xahiş etmiş, aqrar sığorta müqaviləsi üzrə cəmiyyət tərəfindən ödənilmiş 466,65 manat məbləğində sığorta haqqını gələcəkdə xam pambığın alqı-satqısı üzrə təhvil verəcəyi məhsulun dəyəri hesabına əvəzləşdirilməsini öhdəsinə götürmüş, aqrar sığortanın tənzimlənməsi ilə bağlı Aqrar Sığorta Fondunun İdarə Heyətinin xx.xx.2021-ci il tarixli 26/21 nömrəli qərarı ilə təsdiq edilmiş pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri ilə tanış olmuş, şərtlərlə razılaşmış və riayət edilməsini öhdəsinə götürmüşdür. İşin məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi məhkəmə iclasında suala cavab olaraq bildirmişdir ki, sığorta ərizəsini iddiaçı cəmiyyət cavabdehin müraciətinə əsasən yazdırmışdır ki, məhkəmə iddiaçının nümayəndəsinin cavabı ilə razılaşır. Belə ki, cavabdeh fermer olmaqla sifariş ərizəsinin yazılma qaydasını, formasını, ona hansı məbləğdə sığorta haqqı hesablandığını və ərizədə istinad olunan qanunvericilik aktlarının tarix və nömrələrini bilməyə bilər ki, bu halda da iddiaçı cəmiyyət həmin ərizəni hazırlaya və cavabdeh onunla tanış olaraq imza edə bilər. Lakin iddiaçının nümayəndəsi izahatında həmin sifariş ərizəsi xx.xx.2022-ci il tarixdə daxil olduğu üçün cavabdehlə sığorta müqaviləsi bağlanmadığını bildirir ki, məhkəmə bu halla razılaşmır. Belə ki, əvvəla iddiaçı cəmiyyət cavabdehə həmin sifariş məktubunu yazdırdığı zaman ayın tarixi ilə bağlı məlumatlı olmuşdur ki, belə olan halda tarix gec idisə, keçmişdirsə cavabdehə sifariş ərizəsi yazıdrmamalı idi. Bundan başqa əgər tarix artıq gec idisə sığortadan imtina ilə bağlı cavabdehə hər hansı rəsmi məlumat təqdim edilməli idi ki, belə bir imtinanın mövcudluğu ilə bağlı məlumat və ya imtina məktubu məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı cəmiyyət həmin sifariş ərizəsini qeydə almadan cavabdehə məxsus 3,8 ha torpaq sahəsinə aqrotexniki xidmətlər göstərə, gübrə və dərman sata bilməzdi ki, göründüyü kimi, tarixin gec olması səbəbindən sığorta müqaviləsinin bağlanmaması ilə iddiaçının dəlili əsassızdır. İddiaçının nümayəndəsi sığorta müqaviləsinin bağlanmadığını birdirsə də şifariş ərizəsinin məzmunu bunun əksini təsdiq edir. Əks təqdirdə iddiaçının sığorta pulunun cavabdehdən alınması etibardan sui-istifadə etməklə qazanc əldə etməyə gətirib çıxarır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, həmin dövrdə ərazidə leysan yağışlar olmuşdur ki, bu da aqrar sığorta məhsulunun şərtlərinə daxildir. Göründüyü kimi, iddiaçı cəmiyyət 25.50 ha ərazidə pambıq bitkisinin əkilməsi ilə bağlı müqavilə bağlamasına, müqavilənin 2.2.2-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsini təşkil edən qiymətlərin razılaşma protokolunda müəyyən edilmiş qaydada şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və s. aqrotexniki işlər apara bilməsinə dair müqavilə şərtinə və cavabdeh iddiaçıya bu işlərin aparılmasına dair sifarişinin olmasına baxmayaraq üzərinə düşən vəzifələrini yerinə yetirməmiş və üstün mövqeyindən çıxış edərək cavabdehi 3,8 ha torpaq sahəsi ilə bağlı xidmətlərin göstərilməsi ilə razılaşmanı imzalatmışdır. Halbuki, cavabdehin izahatı, onun tərəfindən məhkəməyə təqdim etdiyi ərazinin video görüntüsündən və şahid ifadəsindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazinin bir hissəsində (10-11 ha) pambıq yetişmiş və iddiaçı həmin əraziyə aqro-texniki xidmətlərin göstərilməsindən imtina etmişdir. Sonradan müqavilə ilə əkiləcək sahənin azaldılması ilə bağlı razılaşmanı cavabdehə imzalatmaqla yalnız həmin əraziyə xidmət göstərmiş və iddiaçının nümayəndəsinin məhkəmə iclasında izahatı ilə müəyyən edilmişdir ki, 3,8 ha ərazi ilə bağlı cavabdehin icra edilməmiş öhdəliyi qalmamışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində 3,8 ha ərazinin əkildiyini əsaslandırsa da məhkəməyə 25,50 ha ilə bağlı bağlanmış müqaviləni təqdim etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuş hallardan sonra ərazinin azaldırlması ilə bağlı razılaşmanı məhkəməyə təqdim etmişdir ki, sonuncunun bu hərkətlərinin biri-digəri ilə uzlaşmamaqla yanaşı həqiqəti gizlətmək məqsədi daşımışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 129,03 manat olmalıdır. İddia tələbi rədd edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “11595,86 əsas borc, 1414,70 manat cərimə borcu və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 129,03 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-571/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-571/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver