Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-573/2021 16.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “38326,27 manat məbləğində pul vəsaitinin və 65655,75 manat məbləğində cərimənin tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “50448,28 manat məbləğində pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək məhkəmə iclasında ərizə təqdim edib “38326,27 manat məbləğində xidmət haqqının və 65655,75 manat məbləğində cərimənin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İcraçı” İddiaçı MMC ilə “Sifarişçi” Teymur Əhmədov adına "xxxx" QSC arasında bağlanmış 19.09.2017-ci il tarixli CC17090137 nömrəli xidmət müqaviləsinə əsasən İddiaçı MMC dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə "xxxx" QSC-nin sənədlərinin və bağlamalarının aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin, xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılmasını öz üzərinə götürmüşdür, “Sifarişçi” isə xidmətlərin haqqını DHL Express tariflərinə əsasən ödəməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “İcraçı”ya sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması xidməti haqqını, hər təqvim ayının sonunda “İcraçı” tərəfindən təqdim olunan müvafiq sənədə əsasən (invoys təqdim olunandan 30 gün ərzində) bank köçürülməsi yolu ilə həyata keçirilməlidir, əks təqdirdə 0,3% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, “Sifarişçi” “İcraçı” qarşısında “İcraçı”nın təqdim etdiyi müvafiq sənədlər əsasında xidmət haqqının vaxtında ödənilməsi məsuliyyətini daşıyır. "xxxx" QSC-nin direktrou Teymur Əhmədovun İddiaçı MMC-yə ünvanladığı 15.10.2018-ci il tarixli Qarantiya məktubunda cavabdeh zəmanət vermişdir ki, DHL Express tərəfindən xarici ölkələrdən daşınan yüklərin nəqliyyat xərclərini ödəyəcək və DHL Express aviaqaiməsinin arxa səhifəsində qeyd edilmiş şərtlərlə razılaşmış, ödənişlərin Azərbaycan manaı ilə icra ediləcəyi öhdəliyi götürmüşdür. "xxxx" QSC istifadə edilmiş xidmətlərə görə ödənişi bank köçürməsi ilə müvafi hesab-fakturanı aldıqdan sonra ödəyəcək. "xxxx" QSC zəmanət verir ki, 9 rəqəmli (963****241 (iş vərəqi 209-210, 1-ci cild) kod məxfi saxlanılacaq və başqaları tərəfindən istifadəsinə görə məsuliyyət daşıyır. Qeyd edilən 9 rəqəmli kod "xxxx" QSC tərəfindən sifariş olunan DHL Express tərəfindən həyata keçirilən bütün daşımalar üzrə təqdim edilmiş Nəqliyyat Qimlərində “Yük göndərən” yerində qeyd edilmişdir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, hazırki müqavilə üzrə mübahisələr tərəflərin yazılı pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. "xxxx" QSC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçı bununla bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, ”Dərhal LTD” MMC ilə cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC arasında cavabdehə məxsus sənədlərin və bağlamaların çatdırılması xidmətinə dair 19 sentyabr 2010-cu ildə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda şirkətin təqdim etdiyi müvafiq sənədə əsasən, yəni, invoys təqdim edildikdən sonra 30 gün ərzində bank köçürməsi yolu ilə həyata keçirilməsi, əks təqdirdə hər keçən gün üçün invoys məbləğinin 0,3 % həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, müqavilənin qeyd edilən bəndləri cavabdeh tərəfindən mütəmadi olaraq pozulmuşdur.Bunun nəticəsində də cavabdehin iddiaçıya 38 326,27 manat əsas borcu və 65 655,75 manat cərimə borcu yaranmışdır. Təhvil-təslim barədə qaimələrdən də görünür ki, cavabdehin işçisi imza çəkərək malları götürmüşdür. E-mail yazışmalarından görünür ki, cavabdehin işçisi onların məktublarına cavab verməmişdir. Cavabdeh əvvəlki dövrdə, yəni, 2017-ci ilə qədər ödənişləri həyata keçirmişdir. Borc məbləği 2018,2019,2020-ci illərə aiddir. Özlərini cavabdehin işçiləri kimi təqdim Allahverdiyev Rasim, Əli Abdulov Xəlilov adlı şəxslərin qaimələrdə imzaları vardır. Şirkət tərəfindən qarşı tərəfə “kod” verilmiş və həmin “kod” vasitəsilə göndərişlər həyata keçirilmişdir. Tərəflər arasındakı müqaviləyə əsasən həmin “kod”un məxfiliyinə cavabdeh şirkət özü məsuliyyət daşıyır. O cümlədən cavabdeh tərəfə elektron qaimələr göndərilmiş, lakin cavabdeh tərəfindən həmin qaimələr təsdiq edilməmişdir. Cavabdeh tərəfindən həmin qaimələr qəbul edilməmiş və imtina da verilməmişdir. Elektron qaimələr imzalanmadığı təqdirdə sistem həmin qaimələri avtomatik olaraq təsdiqləyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi verdiyi izahatında iddia tələbini rədd edərək bildirdi ki, iddiaçı tərəfindən elektron qaimələr sistemə vurulub lakin, heç biri onların şirkəti tərəfindən təsdiqlənməyib. Onlar tərəfindən təsdiqlənmədiyinə görə də sistem tərəfindən avtomatik təsdiqlənmiş kimi göstərir. Həmin xidməti qəbul etmədiklərinə görə qaimələri təqdiqləməyiblər. Mülki Məcəllənin tələblərinə əsasən qaimələrdə göndərən şəxsin adı və məbləğ barədə məlumatlar qeyd olunmalıdır, lakin, həmin qaimələrdə məbləğlər öz əksini tapmamışdır. Qaimələrdə adları qeyd olunan şəxslərin çoxu onların şirkətinin işçiləri deyildir. X1 adlı şəxs onların əməkdaşı kimi qeyd olunub. Diana Zabelinaya məxsus olduğu iddia edilən imzalar fərqlidir. Həmin xanım onların əməkdaşıdı. Diana Zabelina imzaların ona aid olmadığını bildirmiş, lakin bununla bağlı ekspretizanın keçirilməsinə ehtiyac görmür. Çünki adi qydada baxdıqda həmin imzaların fərqli olmasını görmək olar. Onlar şirkətin məhsullarını xarici ölkələrə satırlar. Lakin həmin məhsulları birbaşa şirkət tərəfindən deyil, distribyuter tərəfindən satılır. Onlar qəbul etdikləri xidmətlərin ödənişini həyata keçirirlər. İddiaçının nümayəndəsinin qeyd etdiyi ödənişi həyata keçirilməyən xidmətlər onlar tərəfindən qəbul edilməmişdir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 04.10.2018-ci il tarixli TC 600/18 saylı hesab-faktura ilə sentyabr ayı üçün verilmiş invoys üzrə 1025,03 manat, 06.12.2018-ci il tarixli 770/18 saylı hesab-faktura ilə 2018-ci ilin noyabr ayı üçün verilmiş invoys üzrə 2156,39 manat, 09.01.2019-cu il tarixli 009/19 saylı hesab-faktura ilə 2018-ci ilin dekabr ayı üçün verilmiş invoys üzrə 11975,97 manat, 07.02.2019-cu il tarixli 098/19 saylı hesab-faktura ilə 2019-cu ilin yanvar ayı üçün verilmiş invoys üzrə 2241,37 manat, 06.03.2019-cu il tarixli 158/19 saylı hesab-faktura ilə 2019-cu ilin fevral ayı üçün verilmiş invoys üzrə 3364,10 manat, 04.04.2019-cu il tarixli 229/19 saylı hesab-faktura ilə 2019-cu ilin mart ayı üçün verilmiş invoys üzrə 3770,16 manat, 06.05.2019-cu il tarixli 313/19 saylı hesab-faktura ilə 2019-cu ilin aprel ayı üçün verilmiş invoys üzrə 4617,66 manat, 03.07.2019-cu il tarixli 451/19 saylı hesab-faktura ilə 2019-cu ilin iyun ayı üçün verilmiş invoys üzrə 844,12 manat, 06.08.2019-cu il tarixli 524/19 saylı hesab-faktura ilə 2019-cu ilin iyul ayı üçün verilmiş invoys üzrə 3942,30 manat və 06.03.2020-ci il tarixli 294/20 saylı hesab-faktura ilə 2020-ci ilin fevral ayı üçün verilmiş invoys üzrə 129,46 manat məbləğində xidmət haqqı göstərilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, təhviltəslim sənədləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və cavabdehin vəkil və nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Hazırkı mübahisə daşıma müqaviləsinin yerinə yetirilməsi ilə bağlı əmələ gəlmişdir. Mülki Məcəllənin: 850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 854.1-ci maddəsinə görə yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı tərəfindən cavabdehə 34066,56 manat məbləğində rabitə xidməti göstərilmişdir. Bu, iş materiallarına əlavə edilmiş elektron-qaimələrlə və hesab-fakturalarla təsdiqlənir. İddiaçı göstərilən xidmətin 38326,27 manat məbləğində edildiyini iddia etsə də, iş materiallarına 04.10.2018-ci il tarixli TC 600/18 saylı, 06.12.2018-ci il tarixli 770/18 saylı, 09.01.2019-cu il tarixli 009/19 saylı, 07.02.2019-cu il tarixli 098/19 saylı, 06.03.2019-cu il tarixli 158/19 saylı, 04.04.2019-cu il tarixli 229/19 saylı, 06.05.2019-cu il tarixli 313/19 saylı, 03.07.2019-cu il tarixli 451/19 saylı, 06.08.2019-cu il tarixli 524/19 saylı, 06.03.2020ci il tarixli 294/20 saylı hesab-fakturalar əlavə edilmişdir ki, həmin hesab-faktura üzrə göstərilmiş xidmət 34 066,56 manat təşkil edir. Həmin hesab-fakturalar elektron qaimələr əsasında verilmişdir. 05.09.2019-cu il tarixli 580/19 nömrəli hesab-faktura isə iş materiallarına əlavə edilmədiyindən, həmin invoys üzrə iddia edilən 4659,69 manat xidmətin göstərilməsi sübut olunmur. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. Qeyd edilən hesab-fakturalarda cavabdehin əməkdaşlarının adları, soyadı və imzaları qeyd edilsə də qeyd edilən sənədlər elektron qaydada cavabdehə təqdim edilmiş, cavabdeh qeyd edilən qaimələrin onlara təqdim edildiyini, onlar razılaşmasalar da sistem tərəfindən təsdiqləndiyini bildirmişdir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş müvafiq xidmətlərə dair nəqliyyat qaiməsində “Yük Göndərən” hissədə "xxxx" QSC tərəfindən məxfiliyinə zəmanət verilmiş 9 rəqəmli kod- 963****241 qeyd edilmiş, nümayəndə olaraq əsasən Natalia Pakhaeva, Tatyana Ldukova, X2 və digər şəxslər tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaydada təqdim edilmədən əlavə, real olaraq təqdim edilən hesab-fakturalarda onu qəbul edən cavabdehin nümayəndəslərinin imzası (Məsələn:Diana Zabelina adlı şəxs 06.03.2019-cu il tarixli hesab fakturada, Əli Abdulov 03.07.2019-cu il tarixli hesabfakturada, 06.03.2020-ci il tarixli hesab-fakturada Rasim Allahverdiyev və digər şəxslər) vardır. Cavabdehin nümayəndəsi qeyd edilən şəxslərin imzalarının həqiqətdə onlara məxsus olmadığı faktına əsaslansa da, qeyd edilən şəxslərin imza nümunələrinin yoxlanılması üçün həmin şəxslərin məhkəməyə təqdim edilməsi ilə bağlı təklifindən yayınmış və buna ehtiyac olmadığını bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir və sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Cavabdeh məhkəmə iclasında həmin xidmətlərin göstərilməsinə etiraz etsə də, bunun əksini sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddia tələbinə münasibətdə tələbi istisna edən hər hansı bir yazılı sübut və ya digər tutarlı dəlil təqdim edə bilməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilən sübutlara əks mövqe nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin “65655,75 manat məbləğində cərimənin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “İcraçı”ya sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması xidməti haqqını, hər təqvim ayının sonunda “İcraçı” tərəfindən təqdim olunan müvafiq sənədə əsasən (invoys təqdim olunandan 30 gün ərzində) bank köçürülməsi yolu ilə həyata keçirilməlidir, əks təqdirdə 0,3% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. Məhkəmə hesab edir ki, iddiaçı ödənişi gecikdirilmiş xidmət haqqına görə cərimə hesablamaqda və həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də cərimə məbləği həddindən artıq yüksək məbləğdə olduğundan tərəflərin əmlak mənafelərinin təmini baxımından, həmçinin real zərəri faktiki uyğunluğu, tərəflərin uzunmüddətli kommersiya münasibətində olmaqla hazırkı vaxta kimi müvafiq ödənişlər edilməsini nəzərə alınaraq həmin məbləğ azaldılmalı cavabdehdən 65655,7 manat deyil, 6565,57 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. MPM-in: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 34 066,56 (otuz dörd min altmış altı manat əlli altı qəpik) borc və 6565,57 (altı min beş yüz altmış beş manat əlli yeddi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 40 632,13 (qırx min altı yüz otuz iki manat on üç qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-573/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-573/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver