Məhkəmə qərarları › İş №e-2-2(117)-61/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-61/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-61/2025 10.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi Yaninda Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 19400 manat gecikdirilmiş borcun və hesablanmış 34922,68 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat olmaqla cəmi 54822,68 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 19400 manat gecikdirilmiş borcu və hesablanmış 34922,68 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq ala müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda bildiririk ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə Elektron Məhkəmə İnformasiyaları sistemi vasitəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 19400 manat gecikdirilmiş borcun və hesablanmış 34922,68 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat olmaqla cəmi 54822,68 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh aid xx.xx.2017-ci il tarixli "2038- GL/17" nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borc öhdəliyinin ödənilməsi məqsədilə Agentlik tərəfindən daha öncə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Agentlik tərəfindən Cavabdeh qarşı “17 248 manat əsas borc və 12431,50 manat cərimə məbləği vəsaitinin cavabdehdən tutulması” iddia tələbi irəli sürülmüşdür. İddia tələbi xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilmiş və həmin məbləğ ödəniş qrafiki üzrə 2021-ci ilin 2-ci rübü daxil olmaqla tərtib edilmiş, yəni 3-cü rübün əvvəlinədək olan dövrü əhatə etmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışının əhatə etdiyi dövrdən sonrakı, yəni ödəniş qrafikinin 2021-ci ilin 3-cü rübü üzrə ödənişin də vaxtı keçmişdir. X4 Məhkəməsinin icraatında olan Cavabdeh qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair e- 2-2(117)-61/2025 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli "2038- GL/17" nömrəli lizinq müqaviləsinə əsasən cavabdehə qarşı tələb edilən 2152 manat əsas borc və həmin borca hesablanmış 2431,76 manat cərimə məbləği əvvəlki iddia tələbindən sonraki dövrü, yəni ödəniş qrafikinin 2021-ci ilin 3-cü rübünü əhatə edir. Yuxarıda qeyd edilmiş səbəblərdən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması, iddia ərizəsinə (iddia tələbinə) dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. Yekun olaraq xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 2152 manat gecikdirilmiş borcun və hesablanmış 2431,76 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat cəmi 5083,76 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmağı xahiş edilmişdir.

4. Cavabdeh X1 xx.xx.2024-cü ildə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Cavabdeh qarşı iddia tələbinin həcmini azaldaraq cavabdehdən 2152 manat əsas borc və 2431 manat 76 qəpik hesablanmış cərimə borcu, eyni zamanda 500 manat hüquqi yardımla bağlı xidmət pulu tələb edir. Aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Mübahisə predmeti olan müqaviləyə məhkəmə bir dəfə qiymət vermişdir. Əsas borcdan çox əsas borca hesablanmış cərimə tələb olunur. Bu Mülki Məcəllənin 462 və 467-ci maddələri ilə tənzimlənməlidir. Belə ki, hazırki müqavilə üzrə tələb olunan 17248 manat əsas borc üçün məhkəmə tərəfindən cəmi məhkəmənin qətnaməsinin şərh hissəsində 100 manat, nəticə hissəsində isə 500 manat tutulmalı olması qərara alınmışdır. Necə ola bilər ki, 2100 manat üçün 2400 manat cərimə tutulsun. İddiaçı hüquqi şəxs olmaqla, eyni zamanda dövlət təşkilatıdır. Hər bir dövlət təşkilatının tərkibində hüquqi məsələlərin həll olunması ilə bağlı xüsusi şöbələr və uyğun vəzifələrdə çalışan dövlətdən əmək haqqı alan dövlət qulluqçuları vardır. Belə olan halda dövlət təşkilatının hüquqi xidmət üçün kənar bir şəxsə pul ödəməsi və həmin pulu da məhkəmədə cavabdehdən tələb etməsi ən azından qanunlara riayət edilməməsi deməkdir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyini məlumatlandırmaq lazımdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə kənd təsərrüfatı texnikasının lizinqə vermə barədə müqavilə bağlamış, müqavilənin şərtlərinə görə 1 ədəd kombayn ilkin olaraq 40% güzəşt tətbiq etməklə qalan 19400 manat məbləğində kombaynı xx.xx.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Buradan görünür ki, müqavilənin ümumi məbləği 19400 manatdır və bu məbləğdən 2156 manatı Cavabdeh ödəniş etməklə onun 17248 manat borcu qalmışdır. Həmin 17248 manat borc məbləği də məhkəmə qərarı ilə qət edilmiş və müqavilə üzrə mübahisəyə tam qiymət verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin (iddia tələbinin həcminin azaldılması və dəqiqləşməyə dair ərizə əsas götürülməklə) təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə pul tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qətnamə çıxarılmış, həmin qətnamə üzrə cavabdehin borclu olduğu 17248 manat pulun, 500 manat cərimənin və 80 manat məbləğində vəkilin xidmət haqqı tutulması qət edilmişdir. İddiaçı tərəfindən 2-ci dəfə iddianın məhkəməyə verilməsi əsassızdır. Bu səbəbdən iddianı qəbul etmədiyini və rədd olunmasını məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. Məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 2038- GL/17 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikalarını lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən kənd təssərüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinq verir. 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın tələb edilən məbləğin bir hissəsini əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilədə göstərilən texnikanı tam komplektləşdirilmiş və saz vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verir. 2.2.2-ci bəndinə əsasən isə lizinq alan ödənişləri tam həcmdə və vaxtında ödəyir. 4.2-ci bəndinə əsasən isə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə əvvəlcə tərəflər arasında bağlanmış müqavilələrin həqiqiliyinə qiymət verərək qeyd edir ki, hər iki müqavilə tərəflərin öz imza və möhürləri ilə təsdiqlənmiş, imzalanmış və etibarsız olmamışdır. Tərəflər arasında bağlanmış həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq xx.xx.2017-ci il tarixli ödəniş qarfiki müəyyən edilmişdir. Həmin ödəniş qarfiki də iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

10. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2014-cü il tarixli 534-L/14 nömrəli müqavilə əsasında xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Həmin aktdan görünür ki, iddiaçı müqavilənin 1.1-ci bəndinə əsasən lizinq predmenti olan texnikanı cavadehə təhvil vermişdir. Bununla da iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir.

11. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 5224/Ü nömrəli əmri ilə xx.xx.2014-ci il tarixli müqavilə ləğv edilmiş və cavabdehlə ona Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın tələblərinə uyğun olaraq güzəşt tədbiq edilməsi məqsədi ilə yeni xx.xx.2017ci il tarixli lizinq müqaviləsi bağlanmışdır.

12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 19400 manat gecikdirilmiş borcu ödənilməmiş və həmin tarixə hesablanmış 34922.68 manat cərimə borcu yaranmışdır.

13. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşməsində göstərilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 2152 manat gecikdirilmiş borcu ödənilməmiş və həmin tarixə hesablanmış 2431,76 manat cərimə borcu yaranmışdır.

14. İş materiallarında əlavə edilmiş Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 70/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin şərtlərinə görə iddiaçı 1 ədəd kombaynı ilkin olaraq 40% güzəşt tətbiq edilməklə qalan 19400 manat məbləği xx.xx.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli müqavilə üzrə 17 248 manat borcun, 500 manat cərimənin və 80 manat məbləğində hüquqi xidmət haqqının Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

15. İddiaçı tərəfindən X2 ünvanlanmış 22 noyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

V. Məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

18. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

19. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikalarını lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti kimi 19400 manat dəyərində olan kənd təsərrüfatı texnikası cavabdehə təhvil verilmişdir.

20. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixə tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 2152 manat gecikdirilmiş borcu ödənilməmiş və həmin tarixə hesablanmış 2431,76 manat cərimə borcu yarandığı qeyd olunsa da, lakin bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsindən irəli gələn mübahisəyə xx.xx.2022-ci il tarixdə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmış və məhkəmənin e-2-2(117)-70/2022 nömrəli qətnaməsi ilə iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilərək 17248 manat borcun, qalan hissədə qismən təmin edilərək 500 manat cərimənin və 80 manat məbləğində hüquqi xidmət haqqının Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədə həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2038- GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin şərtlərinə görə iddiaçı 1 ədəd kombaynı ilkin olaraq 40% güzəşt tətbiq edilməklə qalan 19400 manat məbləği xx.xx.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Hazırda iddiaçı tələbini azaldaraq cavabdehdən həmin lizinq müqaviləsi üzrə (19400-17248) 2152 manat gecikdirilmiş borc, hesablanmış 2431,76 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat olmaqla cəmi 5083,76 manat pul vəsaitinin ödənilməsini tələb edir.

21. Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehən gecikdirilmiş 2152 manat əsas borcun tutulması” hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-70/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 2152 manat məbləğində pulun ödənilməsi öz əksini tapmışdır. Həmin ödəniş texnikanın lizinqə verilməsilə bağlı cavabdeh tərəfindən edilmiş ilkin ödənişdir. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt olduğundan mübahisələndirilmir və yenidən sübut edilməsinə lüzum qalmamışdır.

22. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb edə bilər.

23. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsinə münasibətdə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsassız olduğundan, iddiaçı cərimə borcunu da tələb etməkdə haqlı deyildir. Bu səbəbdən iddia həmin hissədə də rədd edilməlidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul iddiaçıya aid edilməli və iddia bu hissədə də təmin edilməməlidir.

25. Belə ki, Azərbaycan Respublikası Vəkillər X3 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

26. Hüquqi yardım göstərilməsi haqqında 2374 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi Yaninda Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən vəkil Nümayəndə hüquqi yardıma görə 500 manat məbləğində pul ödənilməsi barədə razılıq imzalanmışdır.

27. Məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsi təşkili barədə xx.xx.2024-cü il tarixli saziş üzrə xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 5 saylı Vəkil Bürosuna 500 manat məbləğində pul ödənilmişdir.

28. Məhkəmə nəticə etibarı ilə qeyd edir ki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

29. Hazırki iş üzrə iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

30. Beləliklə, iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

31. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar