Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-613/2020 29.12.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “737,39 manat əsas borc, 507 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1274,39 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri satmaqla alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin məsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı məhsulların faktura dəyərini və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılmasını gecikdirdikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödəyir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə xx.xx.2019-cu il tarixli malların təhvil-qəbul aktları ilə ümumi dəyəri 897,44 manat olan müxtəlif növ məhsulları alıcının mülkiyyətinə vermiş, lakin alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək malların dəyərini satıcıya tam ödəməmişdir. Eyni zamanda alıcı Cavabdeh xx.xx.2020-ci il tarixli ərizə ilə satıcı “xxxx” MMC-yə müraciət edərək xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən cəmiyyətə 897,39 manat borcunun yaranmasını, maddı vəziyyəti aşağı olduğu üçün iki dəfə olmaqla öhdəliyini icra edəcəyini, borcun bir hissəsini xx.xx.2020-ci il tarixə, qalan hissəsini xx.xx.2020-ci il tarixə qədər bitirəcəyini bildirmiş və ona möhlət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun ünvanı üzrə xx.xx.2020-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, maliyyə arayışı, malların təhvil-qəbul aktları, ərizə və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 737,39 manat əsas borcun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri satmaqla alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin məsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə xx.xx.2019-cu il tarixdə dəyəri 897,44 manat olan müxtəlif növ məhsulları alıcının mülkiyyətinə vermiş, lakin alıcı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək malların dəyərini satıcıya ödəməmişdir. Eyni zamanda alıcı Cavabdeh da xx.xx.2020-ci il tarixli ərizə ilə “xxxx” MMC-yə müraciət edərək cəmiyyətə 897,39 manat borcunun yaranmasını, maddı vəziyyəti aşağı olduğu üçün iki dəfə olmaqla öhdəliyini icra edəcəyini, borcun bir hissəsini xx.xx.2020-ci il tarixə, qalan hissəsini xx.xx.2020-ci il tarixə qədər bitirəcəyini bildirmiş və ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə onu da qeyd edir ki, sözügedən ərizə cavabdehə göndərilməklə ərizəyə münasibət bildirməsi tələb olunmuş, lakin cavabdeh ərizəyə münasibət bildirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən tələb olunan 737,39 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin 507 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh alqısatqı müqaviləsi üzrə qəbul etdiyi məhsulların dəyərini ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə əsasən alıcı məhsulların faktura dəyərini və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılmasını gecikdirdikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödəyir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bundan əlavə 507 manat dəbbə pulunun hansı tarixdən yaranması və hansı qaydada hesablanması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 507 manat deyil, 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 18,98 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 11,02 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 737,39 manat əsas borc, 50 manat cərimə borcu və 18,98 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 11,02 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-613/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-613/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver