Məhkəmə qərarları › İş №e-2-2(117)-614/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-614/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-614/2023 31.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “27646,25 manat əsas borc, 430 manat vəkil xidmət haqqı, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BS-17 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə öz istehsalı olan spirtli içkiləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında müqavilə əsasında xx.xx.2021-ci il tarixli 1 nömrəli və 2 nömrəli qiymət razılaşdırma protokolu təsdiq edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 10884,94 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə dəyəri 3094,02 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə ümumi dəyəri 8078,69 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək 22057,66 manat məbləği ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və tərəflərin izma və möhürləri ilə təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh cəmiyyət ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixli alqı satqı müaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı müəyyən olunmuş şərtlərlə öz istehsalı olan spirtli içkiləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı öhdəliklərini icra edərək vaxtında və keyfiyyətli malları alıcıya təhvil vermiş, lakin alıcı aldığı malın dəyərini tam ödəməmişdir. Hazırda cavabdehin 27646,25 manat borcu vardır. Dəfələrlə həmin borcun ödənilməsi ilə bağlı şifahi və yazılı tələblər göndərilsə də, cavabdeh ödənişi etməkdən imtina etmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qanunvericiliyinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə mediasiya sessiyası tətbiqi nəzərdə tutulduğundan mediasiya təklifləri göndərilsə də, təklifə müsbət cavab verilməmişdir. Ona görə də mediasiya qrumundan müvafiq arayış alaraq məhkəməyə təqdim etmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, elektron qaimələr, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BS-17 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə öz istehsalı olan spirtli içkiləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 10884,94 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə dəyəri 3094,02 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə ümumi dəyəri 8078,69 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək 22057,66 manat məbləği ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və tərəflərin izma və möhürləri ilə təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğısatqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mal təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan başqa iddiaçı 27646,25 manat dəyərində malların təhvil verildiyini iddia etməklə həmin məbləğdə borc tələb etsə də, həm elektron qaimə, həm də qarşılıqlı üzləşmə aktı ilə cavabdehə 22057,66 manat məbləğində mal təhvil verilməsi və cavabdehin qeyd olunan məbləğdə borcunun olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia qiymət verilıən hissədə qismən təmin edilərək cavabdehdən 22057,66 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 430 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, bu hissə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə, iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, sonuncunun keçirilmiş, üç məhkəmə iclasında iştirakını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 430 manat deyil, 300 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 172,94 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 172,94 manat dövlət rüsumunun 34,96 manat hissəsi iddiaçıdan, 137,98 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 137,98 manat dövlət büdcəsinə və iddiaçıdan 34,96 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 34,96 manat dövlət rüsumu çıxılmaqla 165,04 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 34,96 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 137,98 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 172,94 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 22057,66 manat əsas borc, 300 manat hüquqi yardımla bağlı xidmət haqqı, 165,04 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 172,94 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar