Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-615/2023 25.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “740,63 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “740,63 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09.03.21.09 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Satıcı İddiaçı MMC Alıcı Cavabdeh MMC-nin sifariş verdiyi malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə bu malları qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu Müqavilənin 4.1.2-ci bəndinə əsasən, Alıcıdan bu müqavilə ilə şərtləşdirilmiş ödənişi aldığı gündən sonra 1 (bir) iş günündən gec olmayaraq malları Alıcıya çatdırmaq Satıcının vəzifəsidir. Bu Müqavilənin 4.6-cı bəndinə əsasən, tərəflər öz vəzifələrini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə mövcud qanunvericiliyə görə məsuliyyət daşıyırlar. Bu Müqavilənin 7.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixinə qədər qüvvədədir. Bu Müqavilənin 7.2-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, əgər müqavilənin müddətinin başa çatmasına bir ay qalmış tərəflərdən hər hansı biri müqavilənin pozulması haqqında yazılı şəkildə müraciət etməzsə müqavilə daha bir il (1 il) uzadılmış hesab edilir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 09.03.21.09 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən satıcı kimi onlar alıcı olan cavabdehin sifariş verdiyi dərman vasitələrini alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək öhdəliyini həyata keçirməlidir. Lakin, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən alınan və xx.xx.2021-ci il tarixli EBBH seriyalı, 738270 nömrəli elektron qaimədə qeyd edilən dərman vasitələrinə görə ödəniş edilməmiş və 740,63 manat borcu qalmışdır. Borcun ödənilməsinə dair dəfələrlə cavabdehə şifahi müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə etiraz məktubları ünvanlayaraq bildirmişdir ki, əvvəlki qaimələrdən də göründüyü kimi, bütün elektron qaimələr alıcı tərəfindən deyil, avtomatik olaraq sistem tərəfindən qəbul edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixdən sonra iddiaçıya hər hansı dərman vasitələrinin sifariş verməsini təsdiq edən sübut mövcud deyildir. Dərman vasitələrinin daşınmasını iddiaçı tərəfin həyata keçirilməsi nəzərə alındığında, satış nümayəndəsi mütləq şəkildə malı təhvil verərkən alıcıya imza atdırmalı, özünə aid sənədlərdə müvafiq qeydiyyat aparmalı, alıcının imzası mövcud olmalıdır. İddiaçı tərəf bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Əvvəlki elektron qaimələrə dair çıxarışlardan da göründüyü kimi, xx.xx.2021-ci il tarixdən sonra iddiaçı tərəfindən cavabdehə onlarla elektron qaimələr göndərilmişdir. Həmin qaimələrdən sonra cavabdeh tərəfindən iddiaçıya hər hansı ödəniş həyata keçirilməmişdir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası mövcud deyildir. İddiaçı şirkətin cavabdehin etirazına xx.xx.2023-cü il tarixli münasibətində bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli EBBH seriyalı, 738270 nömrəli elektron qaimə sübut edir ki, həmin dərman vasitələri cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin gətirdiyi arqumentlər tam əsassızdır. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il 03 nömrəli rəsmi müraciəti ilə həmin dərman vasitələrinin 15 gün müddətində alıcıya təhvil verilməsi təklif olunmuş, əks təqdirdə dərman vasitələrinin qəbul edilməyəcəyi bildirilmişdir. Lakin cavabdeh həmin məktubun onlara göndərilməsini təsdiq edən xəbərnaməni təqdim etməmişdir. Həmin məktub iddiaçı şirkət tərəfindən alınmamışdır. Digər tərəfdən, xx.xx.2020-ci il tarixdən tərəflər arasında dərman vasitələrinin alqı-satqısı həyata keçirilmiş, xx.xx.2020-ci il tarixədək alıcının fəaliyyət göstərdiyi aptekə təhvil verildikdən sonra nağd qaydada satış nümayəndəsi olan Elçin adlı əməkdaş tərəfindən ödənilmiş, bundan sonra ödəniş bank köçürməsi ilə həyata keçirilməyə başlanılmışdır. Cavabdeh iddia edir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 4430,12 manat məbləğində dərman vasitəsinin dəyərini ödəmişdir. Hazırkı mübahisə həmin məbləğlə deyil, sırf xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında göndərilən malların dəyərinin ödənilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehin elektron kabinetinə bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş müddət ərzində məhkəməyə təqdim etmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli EBBH seriyalı, 738270 nömrəli elektron qaimədən görünür ki, həmin tarixdə 740,63 manat məbləğində dərman məhsulları cavabdehə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixdən indəyə kimi Cavabdeh MMC-nin iddiaçıya 740,63 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci l tarixdə 415,30 manat və 1784,70 manat, xx.xx.2021-ci il tarixdə isə 260,54 manat və 1969,58 manat pul cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Eyni zamanda, iş materiallarına əlavə edilən və tərəflərin etiraz və iddiaya münasibətləri ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək satılan dərman vasitələrinin ümumilikdə dəyəri olan 60 245 manat məbləğində vəsait iddiaçının səlahiyyətli nümayəndəsi olan A.Elçin adlı şəxsə nağd formada təqdim edilmişdir. Bu faktı tərəflər təsdiq edirlər. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli 03 nömrəli məktubdan görünür ki, 2021-ci ilin fevral-mart ayından etibarən may ayının sonunadək müxtəlif vaxtlarda cavabdeh tərəfindən müxtəlif adlarda dərman vasitələri alınmış və təhvil alındıqdan sonra malın dəyəri şirkətin bank hesabına ödənilmişdir. Həmin tarixdən sonra xx.xx.2021-ci ildə 6,26 manat, xx.xx.2021-ci ildə 6,26 manat, xx.xx.2021-ci ildə 115,6 manat və xx.xx.2021-ci ildə 740,65 manat olmaqla, ümumilikdə 868,77 manat dəyərində 4 ədəd elektron qaimə cəmiyyətinin elektron kabinetinə göndərilmiş, sistem tərəfindən təklifləri qəbul edilmişdir. Buna baxmayaraq, hazırkı vaxtadək qaimələrdə əks olunan dərman vasitələrinin cavabdehə təhvil verilməsi iddiaçı tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimələrin siyahısından görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdehə 740,65 manat məbləğində məhsul göndərildiyi qeyd edilir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 600). MM-in: 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. 621.2. Pərakəndə alğı-satqı müqaviləsi malın alıcıya, alıcı olmadıqda isə müqavilənin bağlandığını və ya malın çatdırılmasının rəsmiləşdirildiyini göstərən qəbzi və ya digər sənədi təqdim etmiş istənilən şəxsə təhvil verildiyi andan icra edilmiş sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlməsin. 621.3. Müqavilədə malın alıcıya təhvil verilmək üçün çatdırılma vaxtı müəyyənləşdirilmədikdə mal alıcının tələbi alındıqdan sonra ağlabatan müddətdə çatdırılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında 2020-ci il tarixdən alqı-satqı münasibətləri mövcud olmuşdur. xx.xx.2020-ci il tarixdən tərəflər arasında dərman vasitələrinin alqı-satqısı həyata keçirilmiş, xx.xx.2020-ci il tarixədək alıcının fəaliyyət göstərdiyi aptekə təhvil verildikdən sonra nağd qaydada satış nümayəndəsi olan A.Elçin adlı əməkdaş tərəfindən ödənilmiş, bundan sonra yəni xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ödəniş bank köçürməsi ilə həyata keçirilməyə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə tərəflər arasında 09.03.21.09 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı İddiaçı MMC Alıcı Cavabdeh MMC-nin sifariş verdiyi malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə bu malları qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə təhvil alınan malların əvəzi olaraq xx.xx.2021-ci l tarixdə 415,30 manat və 1784,70 manat, xx.xx.2021-ci il tarixdə isə 260,54 manat və 1969,58 manat pul cavabdeh tərəfindən iddiaçıının hesabına köçürülmüşdür. Bunlar işin mübahisələndirilməyən hallarıdır. İşin mübahisələndirilən halları ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 1.İddiaçı iddia edir ki, cavabdeh tərəfindən alınan və xx.xx.2021-ci il tarixli EBBH seriyalı, 738270 nömrəli elektron qaimədə qeydi edilən dərman vasitələrinə görə ödəniş edilməmiş və 740,63 manat borcu qalmışdır. Cavabdeh isə bu arqumentə etiraz olaraq bildirmişdir ki, 2021-ci ilin fevral-mart ayından etibarən may ayının sonunadək müxtəlif vaxtlarda cavabdeh tərəfindən müxtəlif adlarda dərman vasitələri alınmış və təhvil alındıqdan sonra malın dəyəri şirkətin bank hesabına ödənilmişdir. Həmin tarixdən sonra xx.xx.2021-ci ildə 6,26 manat, xx.xx.2021-ci ildə 6,26 manat, xx.xx.2021-ci ildə 115,6 manat və xx.xx.2021-ci ildə 740,65 manat olmaqla, ümumilikdə 868,77 manat dəyərində 4 ədəd elektron qaimə cəmiyyətin elektron kabinetinə göndərilmiş, sistem tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, hazırkı vaxtadək qaimələrdə əks olunan dərman vasitələrinin cavabdehə təhvil verilməsi təmin edilməmişdir. Məhkəmə qeyd edilən məsələyə münasibətdə bildirir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli məbləğlə yalnız elektron qaimə təqdim edilmiş, məhkəmənin müraciətinə baxmayaraq, malların cavabdehə çatdırılmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. 2.Cavabdeh bildirir ki, iddiaçıya xx.xx.2021-ci il 03 nömrəli rəsmi müraciəti ilə elektron qaimə ilə təqdim edilən həmin dərman vasitələrinin 15 gün müddətində alıcıya təhvil verilməsi təklif etmiş, əks təqdirdə dərman vasitələrinin dəyərini ödəməyəcəyi bildirilmişdir. Qeyd edilən məktubun iddiaçıya göndərilməsini və onun tərəfindən alınmasını təsdiq edən xəbərnaməni cavabdeh məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə digər iş materialları ilə əlaqəli şəkildə təhlil zamanı o nəticəyə gəlmişdir ki, bu məktub cavabdeh tərəfindən iddiaçıya ünvanlanmışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hər dəfə mal təhvil alındıqca cavabdehin nümayəndəsi tərəfindən imzalanma həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən malın təhvil verildiyi təqdirdə cavabdehin bu malı qəbul etməməsi ehtimalı istisna edilir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 09.03.21.09 nömrəli alqı-satqı müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, Alıcıdan bu müqavilə ilə şərtləşdirilmiş ödənişi aldığı gündən sonra 1 (bir) iş günündən gec olmayaraq malları Alıcıya çatdırmaq Satıcının vəzifəsidir. Həmçinin, iş materiallarından görünür ki, təhvil alınan məhsulların bank hesabı vasitəsi ilə ödənişi həyata keçirilmiş, xx.xx.2021-ci l tarixdə 415,30 manat və 1784,70 manat, xx.xx.2021-ci il tarixdə isə 260,54 manat və 1969,58 manat pul cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Müqavilənin də məzmunundan aydın olur ki, Alıcı ilk əvvəl sifariş etdiyi malın dəyərini ödəməlidir ki, bundan sonra Satıcı həmin dəyəri ödənilmiş malları təhvil verilməlidir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 71-1.1-ci maddənin tələblərinə görə elektron qaimə-faktura malları təhvil verən vaxt və ya mal təhvil verildikdən sonra qanunla müəyyən edilmiş müddətlərdə verilməlidir. Yəni elektron qaimə-faktura malların təhvil verilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Bundan əlavə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə isə Ali Məhkəmənin Kommersiya Kollegiyası tərəflər arasında mövcud müqavilələrin şərtlərini, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, kassasiya instansiyası məhkəməsinin əvvəlki göstərişinə əməl olunaraq apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza nəticəsində tərtib edilmiş ekspert rəyini və digər sübutları nəzərə almayaraq, yalnız elektron vergi-hesab fakturalarına hüquqi qiymət verməklə, məhkəmələr tərəfindən tədqiq olunmayan müqavilə əsasında yeni qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı, cavabdeh tərəfindən hüquqlarının və qanuni mənafelərinin pozuntusunu əsaslandıra bilmir, cavabdeh tərəfindən öhdəliklərinin iddiaçı qarşısında yerinə yetirilməməsi hallarını təsdiq edən sübutların mövcudluğu məhkəməyə məlum deyildir. Belə ki, elektron qaimə-fakturanın mövcudluğu hazırkı iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsini sübut etmir. Belə ki, iddiaçının satış nümayədəsi A.Elçin adlı şəxsin sənəd imzalayaraq qəbul etdiyi təxminən 60000 manat məbləğində təhvil verilmiş malların dəyərini qəbul etməsi sübut edilir. Elektron qaimə fakturanın sonradan verilməsi istisna edilmir. Eyni zamanda, cavabdeh əgər ödənişdən boyun qaçırsaydı, tələb edilən məbləğdən dəfələrlə artıq vəsaiti iddiaçının nümayəndəsinə ödəməzdi. Bundan əlavə ən əsası tərəflər müqavilənin 3.1-ci bəndində nəzərdə tutulur ki, Alıcı dərman vasitələrinin dəyəri üçün ona təqdim edilən hesaba əsasənödəniş həyata keçirdikdən sonra, Satıcı 1 (bir) iş günü ərzində sifariş edilmiş dərman vasitələrini və digər malları “Alıcıya” çatdırır. Qeyd edilən Müqavilənin 3.1-ci və 4.1.2-cibəndlərinə əsasən dərman vasitələri Alıcı təfəindən Sifariş edildikdən və dəyəri ödənildikdən sonra Satıcı tərəfindən təhvil verilməli idi. Dərman vasitələrinin dəyəri Alıcı tərəfindən ödənilmişdirsə, Satıcıya qarşı malların təhvil verilməsi tələb edilə bilərdi. Hazırkı vəziyyətdə isə dəyəri ödənilmiş dərman vasitələrinə görə təkrar dəyər ödənilməsi qanuni hesab edilmir. Yəni Satıcı hazırkı iddia tələbində müqavilə müddəaları baxımından haqsızdır. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, həmin məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Belə ki, iddiaçı tərəfindən dəyərinin ödənilməsi tələb etdiyi dərman vasitələrinin cavabdehə hər hansı bir formada təhvil verilməsi sübut edilmir və bununla da iddiaçı malın təhvil verilməsi vəzifəsini icra etmədiyindən və ya bunu hər hansı formada sübuta yetirmədiyindən həmin malın dəyərini də tələb edə bilməz. Məhkəmə qeyd edilən faktiki hüquqi əsaslara görə belə nəticəyə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 (otuz) manat olmalıdır. İddia tələbi rədd edildiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “740,63 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-615/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-615/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver