Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-618/2025 12.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti: 1 İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 30261,28 manat əsas borcun, 500 manat məbləğində dəbbə pulunun, 2193,94 manat əldən çıxmış fayda məbləğinin, ümumilikdə 32955,22 manat məbləğində pulun və 190 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı "xxxx" MMC arasında 29.08/23 nömrəli, xx.xx.2023-cü il tarixli “Alqı-satqı Müqaviləsi” (sonradan “Müqavilə” adlanacaq) imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı ("xxxx" MMC) alıcıya (Cavabdeh MMC) 11700 ədəd 18 litrlik “Kokos lifi X1 Brand” satmağı, alıcı isə malın dəyərinin 100%-ni 2023-cü ilin sentyabrın 30 kimi, satıcının bankda olan hesablaşma hesabına köçürmə vasitəsilə ödəməyi öz öhdələrinə götürmüşlər (29.08/23 nömrəli xx.xx.2023-cü il tarixli “Alqı-satqı Müqaviləsi” əlavə olunur). Müqavilə qüvvəyə mindikdən sonra, iddiaçı "xxxx" MMC öz öhdəliklərini yerinə yetirməyə başlamış və Cavabdeh MMC-yə 39761.28 (otuz doqquz min yeddi yüzaltmış bir manat iyirmisəkkiz qəpik) manat məbləğində Malsatmışdır. Satılan malın dəyərinin ödənilməsi üçün Cavabdeh MMC-yə EBDZ № 757418 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir (xx.xx.2024-cü il tarixli elektron qaimə əlavə olunur). Cavabdeh MMC Müqavilə üzrə öz öhdəliklərini pozaraq elektron qaimə üzrə xx.xx.2024-cü il tarixində “Ödəniş tapşırığı” ilə cəmi 8500 (səkkiz min beş yüz) manat ödəniş etmişdir. Nəticədə Cavabdeh MMC-nin iddiaçı "xxxx" MMC-yə 31261,28 manat məbləğində borcu yaranmışdır. Borca dair Cavabdeh MMC xx.xx.2024-cü il tarixində “Qarşılıqlı üzləşmə aktı”nı imzalamışdır (xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı” əlavə olunur). Borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə dəfələrlə müraciətlər olunsa da, cavabdeh yalnız xx.xx.2024-cü il tarixində iddiaçı"xxxx" MMC-yə olan borcundan cəmi 1000 (bir min) manat ödəniş etmişdir (xx.xx.2024-cü il tarixli “Ödəniş tapşırığı” əlavə olunur). Bu səbəbdən iddiaçı"xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli Pretenziya göndərilmiş və 30261,28 (otuz min iki yüzaltmış bir manat iyirmisəkkiz qəpik) manat məbləğində borcu 3 (üç) gün ərzində tam şəkildə ödənilməsi tələb olunmuşdur. Pretenziya Cavabdeh MMC-nin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixində qəbzə imza etməklə qəbuledilmişdir (xx.xx.2024-cü il tarixli Pretenziyanın surəti və onun çatdırılması barədə qəbz əlavə olunur). Pretenziya,əlavə olaraq Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli P72892024 nömrəliməktubla “Elektron məhkəmə sistemi” (emehkeme.gov.az) vasitəsilə və xx.xx.2024-cü il tarixli **********834262 nömrəli məktubla “İnternet vergi idarəsi” (etaxes.gov.az) vasitəsilə elektron qaydada göndərilmişdir. Pretenziyaları aldıqdan sonra da Cavabdeh MMC iddiaçı"xxxx" MMC-yə olan borcunu qaytarmamışdr (xx.xx.2024-cü il tarixli elektron qaydada göndərilən pretenziyalar əlavə olunurlar). Tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci bəndinə əsasən, alıcı malın dəyərinin 100%-ni 2023-cü ilin sentyabrın 30 kimi, satıcının bankda olan hesablaşma hesabına köçürmə vasitəsilə ödəyir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (https://www.cbar.az) olan məlumata əsasən, ölkədə bank uçot dərəcəsi xx.xx.2024-cü il tarixindən 7,25% müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki qanunvericiliyi borclu şəxsin başqasının pul vəsaitinin qaytarmaması, gələcəkdə kreditora hüquq verir ki, o məhkəmədə borcludan, borcdan əlavə faizləri və zərəri tələb etsin.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər.
4. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında iddia tələbinin olduğu kimi qaldığını və iddianı müdafiə etdiyini bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 29.08/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı alıcıya “X1 Brand” markalı 11700 ədəd 18 litrlik kokos lifini satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən malın qiyməti qiymətlərin razılaşdırılma protokoluna əsasən təyin edilmişdir. Alıcı isə öz növbəsində malın dəyərini 100%-ni 2023-cü ilin sentaybr ayının 30-na kimi, satıcının bankda olan hesablaşma hesabına köçürməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
8. İş materiallarında olan qiymətlərin razılaşdırma protokolunda iddiaçı cavabdehə satdığı malın hər birinin qiyməti, adı və yekun qiyməti öz əksini tapmışdır. Malın ümumi dəyəri 39761,28 manat təşkil etmişdir. Həmin protokol tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə arasında bağlanan müqavilə üzrə 39761,28 manat təşkil edən borcundan cavabdeh 8500 manat hissəsini ödəmiş, ödənilməmiş 31261,28 manat borcu qalmışdır. Həmin akt tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır.
10. İş materiallarında olan 757418 nömrəli xx.xx.2024-ci il tarixli iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə göndərilmiş elektron qaimədə cavabdehin iddiaçıya müqavilə üzrə ödəməli olduğu 39761,28 manat borc məbləği öz əksini tapmışdır.
11. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aralarında bağlanan müqavilə əsasında iddiaçıya məxsus bank hesabına xx.xx.2024-cü il tarixdə 1000 manat məbləğində ödəniş edilmişdir.
V. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
VI. Məhkəmənin mövqeyi:
13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
14. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Məhkəmə ilk öncə əsas borcun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir.
16. Belə ki, Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə nəzərdə tutulan cəmi 39761,28 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, yerdə qalan 30261,28 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia əsas borca münasibətdə təmin edilməlir.
17. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin müddəlarına əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki iş üzrə də tərəflər arasında müqavilə münasibəti olduğundan və həmin müqavilə əsasasında yaranan öhdəliyin icrası cavabdeh tərəfindən gecikdirildiyindən iddaçı 500 manat dəbbə pulunun tələb etməsində haqlı olmuş və iddia tələbi həmin hissədə təmin edilməlidir.
18. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 2193,94 manat əldən çıxmış faydaya münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya ödəniş etmiş, qalan borc isə həmin vaxtdan iddiaçı məhkəməyə müraciət edənədək ödənilməmişdir.
19. Mülki Məcəllənin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixə olan uçot faiz dərəcəsi 7% təşkil edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, (30261,28 x7%) : 12 = 176,52 manat 1 aylıq olmaqla, 176,52 X 7= 1235,64 manat gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Beləliklə, yuxarıda göstərilən normalara və qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 30261,28 manat əsas, 500 manat cərimə, 1235,64 manat əldən çıxmış fayda məbləği olmaqla cəmi 31996,92 manat məbləğində pul borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.
22. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 185,99 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
23. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən 30261,28 manat əsas, 500 manat cərimə, 1235,64 manat əldən çıxmış fayda məbləği olmaqla cəmi 31996,92 manat pul və 185,99 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova