Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-638/2025 16.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdeh X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyətin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən iddiaçıya 127466,80 manat əsas, 4080,03 manat ƏDV borcu və 170100,75 manat gecikməyə görə cərimə, cəmi 301647,58 manat borc və bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, 592 manat dövlət rüsumu, vəkillə bağlanan müqavilə üzrə 3000 manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki mübahisə alqı-satqı müqaviləsi ilə bağlıdır. Belə ki, İddiaçı MMC və "xxxx" QSC arasında xx.xx.2024-cü il tarixli, №05062024TƏH saylı müqavilə ilə iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minmişdir və tərəflərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır. İddiaçı hər zaman müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtı-vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozaraq, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” müqavilənin ayrılmaz hissəsini təşkil edən alış sifariş(bundan sonra”Alış Sifarişi” adlandırılacaq) ilə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinəuyğun olaraq müvafiq malı (bundan sonra “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə vermək, Alıcı isə, razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini Satıcıya ödəmək barədə ödhəlik götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə ödənişlər Satıcının təqdim etdiyi elektron qaimə və elektron vergi hesab fakturası əsasında aparılır. Alıcı cari ay ərzində sifariş olunmuş və alınmış Malın ümumi dəyərini həmin ay ərzində Satıcı tərəfindən təqdim olunmuş elektron hesab fakturalar üzrə malın dəyəri ilə qarşılıqlı üzləşməsini apardıqdan sonra ödənişi 15(on beş) iş günü ərzində satıcının müqavilədə qeyd etdiyi hesablaşma hesabına köçürməklə həyata keçirir. Müqavilənın 3.1-ci maddəsinə əsasən, Satıcı istehsal etdiyi Malı alıcının təqdim etdiyi nəqliyyat vasitəsinə yükləyərək Malı təhvil vermiş hesab edilir. Bundan əlavə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.” T.Əhmədov adına "xxxx" QSC-nin (VÖEN: **********) xx.xx.2024, xx.xx.2024, xx.xx.2024cü illər tarixində məhsul satışlarına əsasən eqaiməsi kəsilib. Bugünkü günədək cavabdehin iddiaçıya ƏDV daxil ümumi borc olan 131.546,83 məbləği (yüz otuz bir min beş yüz qırx altı manat səksən üç qəpik) manat əsas və 170.100,75 (yüz yetmiş min yüz manat yetmiş beş qəpik) manat gecikməyə görə cərimə, cəmi 301.647,58 (üç yüz bir min altı yüz qırx yeddi manat əlli səkkiz qəpik) manat borcu yaranmışdır. Qeyd olunan tarixlərdən bu günə qədər 28 dekabr 2024-cü il 10.000 azn ödəniş edilmiş, sonradan isə heç bir ödəniş olunmayıb. Cavabdeh tərəfindən 3 qaimə üzrə əsas borc vardır. Bu qaimələrdən 2 sinin ƏDV-si tam (10596.90 və 9500.54 manat) ödənmişdir. Bir qaimə MT**********55 saylı xx.xx.2024-cü il tarixli qaimə üzrə borcun bir hissəsi ödənmiş, qalıq 4.080.03 manat ƏDV ödənməmiş borc qalmışdır. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Cavabdehə dəfələrlə şifahi müraciət edilsə də, görüşlər təşkil edilsə də, cavabdeh borcu ödəməyib. xx.xx.2025-ci il tarixli Pretenziya məktubu cavabdehə vergi şəxsi kabineti üzərindən göndərilib. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehə ünvanlanmış 23 aprel 2025-ci il tarixli pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. İddiaçı tərəfdən ünvanlandırılan pretenziya məktubundan uzun müddət keçməsinə baxmayaraq, bugünkü günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Həmçinin bank hesabından çıxarış, elektron qaimələr, hesabfaktura məhkəməyə təqdim edilmişdir. xxxx MMC ilə cavabdeh X4 xxxx QSC arasında müqavilə bağlanmış və mallar təqdim edilmişdir. Bundan əlavə cavabdeh tərəf elektron qaimələri qəbul etmiş, ödənişlər həyata keçirmiş, ƏDV-ni ödəmiş və 4000 manat məbləğində ƏDV borcu qalmışdır. Qarşı tərəflə danışıqlar aparılmış, pretenziya göndərilmiş, lakin qarşı tərəf heç bir cavab verməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir, Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli 05062024TƏH nömrəli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı, İddiaçı müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən alış sifarişi ilə müəyyən olunmuş təsvirə, qiymətə və çatdırılma şərtlərinə uyğun olaraq müvafiq malı alıcının cavabdeh X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətinə verməyi, alıcı isə razılaşdırılmış qaydada və müddətdə malı qəbul edib onun dəyərini satıcıya ödəyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə alıcı, müqavilə öhdəliyinin icrası müddətini gecikdirdiyi halda hər gecikdirilən gün üçün, müfaviq sifarişin dəyərinin 0,3 % həcmində, həmin müddət 20 gündən çox olduqda 0,5 % həcmində satıcıya cərimə ödəyir. Həmin müqavilə tərəflərin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. İş materiallarında xx.xx.2024-cü il tarixli 05062024TƏH nömrəli “Alqı-satqı” müqaviləsinə imzalanan 1 nömrəli əlavədə müqavilə üzrə alıcıya satılan malların adı və qiyməti öz əksini tapmışdır. Həmin əlavə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir.
8. İş materiallarında olan 03-06/AZ/AN 2024 nömrəli xx.xx.2024-cü il tarixli hesab fakturadan görünür ki, X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli 05062024TƏH nömrəli “Alqı-satqı” müqavilə əsasında İddiaçındən müxtəlif mallar sifariş edilmişdir, həmin malların adı və qiyməti hesab fakturada öz əksini tapmışdır. Həmin malların 18% ƏDV (əlavə dəyər vergisi qiyməti 29664 manat, ümumi qiyməti 164800 manat olmaqla cəmi 194464 manat təşkil etmişdir.
9. İş materiallarında olan 10765912 nömrəli xx.xx.2024-cü il tarixli, 10288209 nömrəli xx.xx.2024-cü il tarixli, 10724148 nömrəli xx.xx.20224cü il tarixli, 11318103 nömrəli xx.xx.2024-cü il tarixli, 11542655 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimələrdə iddiaçının cavabdehə müqavilə üzrə verdiyi malların adları, miqdarı, yekun qiymətləri və ümumi borc öz əksini tapmışdır.
10. İddiaçınə məxsus hesabdan çıxarışdan görünür ki, X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qeyd olunan bank hesabına, müxtəlif vaxtlarda cəmi 69084,80 manat məbləğində pul köçürülmüşdür.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdeh X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
13. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir. 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.
Vİ. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 127466,80 manat hissəsi əsas borc üzrə 4080,03 manat isə ƏDV borcu ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan hesab fakturalar digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmir.
17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
18. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 2.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən müqavilə üzrə alıcı, müqavilə öhdəliyinin icrası müddətini gecikdirdiyi halda hər gecikdirilən gün üçün, müfaviq sifarişin dəyərinin 0,3 % həcmində, həmin müddət 20 gündən çox olduqda 0,5 % həcmində satıcıya cərimə ödəyir.
19. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 05062024TƏH nömrəli müqavilə üzrə 6373,34 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
20. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi vəkillə bağlanan müqavilə üzrə 3000 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Vəkillər X2 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
22. İş materiallarında olan 000090 nömrəli xx.xx.2025-ci il tarixli vəkil orderindən görünür ki, İddiaçı ona hüquqi yardım göstərilməsi üçün Vəkil ilə razılıqa gəlmişdir. Lakin vəkillə bağlanılmış müqavilə və tələb edilən 3000 manatın vəkilə ödənilməsini təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vəkil xərcinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir.
23. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 127466,80 manat əsas borc, 4080,03 manat ƏDV borcu və 6373,34 manat cərimə borcu olmaqla, cəmi 137920,17 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 427,92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
25. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 127466,80 manat əsas borc, 4080,03 manat ƏDV borcu və 6373,34 manat cərimə borcu olmaqla, cəmi 137920,17 manat məbləğində borc və ödənilmiş 427,92 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova