Məhkəmə qərarları › İş №e-2-2(117)-644/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-644/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-644/2025 10.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 1308,27 manat əsas borc, 39,09 manat dövlət rüsumu, ümumilikdə 1347,36 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehdən 1308,27 manat əsas borc, 39,09 dövlət rüsumu, ümumilikdə 1347,36 manat pulun tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanan xx/xx/2021/1 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh MMC-yə dərman vasitələri və digər tibbi ləvazimatların satışı həyata keçirilmiş, “Satıcı” qismində çıxış edən iddiaçı tərəfindən, “Alıcı” qismində çıxış edən Cavabdeh MMC-yə sifariş olunan dərman vasitələri və digər tibbi ləvazimatları təhvil-təslim aktları əsasında tam şəkildə göndərilməsinə baxmayaraq qarşı tərəf öz üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirməmişdir. İş materiallarına əlavə edilən təhvil-təslim aktları, borcun etirafına dair üzləşmə aktı və elektron qaimələrə (qoşma əlavə edilir) əsasən bəlli olur ki, qarşı tərəf ona göndərilən dərman vasitələrini tam şəkildə qəbul etmiş, lakin dərman vasitələrinin dəyərini təşkil edən 1308.27 manat (ƏDV daxil) borc hələ də cavabdeh tərəfindən ödənilməmiş qalmaqdadır. Buna dair maliyyə arayışı da iş materiallarına əlavə edilmişdir. Belə ki, 1308.27 manat (ƏDV daxil) borc məbləğinin ödənilməsilə bağlı cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti, eləcə də “Onlayn kargüzarlıq” sistemi vasitəsilə qoşma sənədlərlə elektron pretenziya məktubu göndərmələrinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Beləliklə, iş materiallarına əlavə olunan mötəbər yazılı sübutlardan da göründüyü kimi Cavabdeh MMC üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, 1308.27 manat (ƏDV daxil) borc məbləğini hələ də ödəməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. “İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanan xx/xx/2021/1 saylı alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinin tələbinə görə Satıcı Alıcının sifariş verdiyi malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə bu malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinin tələbinə görə Alıcı dərman vasitələrinin dəyəri üçün ona təqdim edilən hesaba əsasən ödənişi həyata keçirdikdən sonra, Satıcı bir iş günü ərzində sifariş verilmiş dərman vasitələrini və digər malları Alıcıya çatdırır. 3.2-ci bəndinin tələbinə görə Alıcı dərman vasitələrinin və digər malların dəyəri qüvvədə olan qanunvericiliyin tələbinə əməl edilməklə nağd və köçürmə yolu ilə, lakin Satıcı tərəfindən təqdim edilən sənədlər (hesab-faktura, elektron qaimə, digər sənədlər) əsasında 5 bank iş günündən gec olmamaq şərti ilə ödəniş edir. 7.1-ci bəndinin tələbinə görə bu müqavilə 31 dekabr 2022-ci il tarixinədək qüvvədədir. Tərəflər razılaşır ki, müqvilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən hər hansı biri müqavilənin pozulması haqqında yazılı şəkildə müraciət etməzsə, müqavilə daha bir il müddətə uzadılmış hesab edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ZN ********* nömrəli, xx.xx.2023cü il tarixli ZN ********* nömrəli və xx.xx.2023-cü il tarixli ZN ********* nömrəli təhvil-təslim aktlarından görünür ki, müvafiq olaraq 181,857 manat, 820 manat və 306,9069 manat dəyərində dərman vasitələri İddiaçı MMC tərəfindən X1 –Elşən Məmmədova təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EBDO688762 nömrəli, xx.xx.2023-cü il tarixli EBDO 928867 nömrəli və xx.xx.2023-cü il tarixli EBDO 961366 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaiməfakturalardan göründüyü kimi İddiaçı MMC tərəfindən “EL Pharmacy» MMC-yə müvafiq olaraq 181,86 manat, 820 manat və 306,91 manat məbləğlərində dərman vasitələri verilmiş və dəyəri müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 1205/05 nömrəli maliyyə arayışından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx/xx/2021/1 nömrəli müqaviləyə əsasən, “EL Pharmacy» MMC-nin İddiaçı MMC-yə ödənilməmiş 1308,27 manat borcu vardır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iddiaçı tərəf işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh tərəf bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilir ki, müvafiq dərman vasitələri İddiaçı MMC tərəfindən “EL Pharmacy» MMC MMC-yə təqdim edilmiş, mal çatdırılma və yığımında bəzən aptekin adı və aptek müdirinin adı sistemə daxil edilir. Belə ki, sözügedən aptekin, yəni cavabdehin üz reklamı “Şəms”adı ilə qeyd edildiyi üçün bəzi sənəldşmədə “EL Pharmacy» MMC-nin adı “Şəms Şəki” kimi qeyd edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, müqaviləyə 1 və 2 saylı əlavələr, təhvil-təslim aktları, elektron qaimə-fakturalar, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçı tərəfin izahatını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2021ci il tarixdə bağlanan xx/xx/2021/1 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı təhvil sənədlərində göstərilən dərman vasitələrini razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin mallar çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 1308,27 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalar (təhvil təslim sənədi), maliyyə arayışının qarşılıqlı araşdırılması zamanı öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının: 3.1. Vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir. 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Bundan əlavə cavabdehə dərman vasitələrinin təhvil verilməsinə dair sənədlərdə cavabdehin fəaliyyət göstərdiyi aptekin üz reklam lövhəsində qeyd edilən “Şəms Şəki” olaraq qeyd edilməsi ilə bağlı iddiaçı ərizə təqdim etmiş, cavabdeh ümumilikdə iddia ilə bağlı və konkret olaraq bu halla bağlı hər hansı bir etirazını bildirməmişdir. Ona görə də məhkəmə tərəfindən tələb edilən borc üzrə təqdim edilən təhvil-təslim aktlarının cavabdeh (rəhbəri E.Məmmədov) tərəfindən təsdiq edildiyini qəbul etmişdir. Məhkəmə iddia tələbinin “cavabdehdən 1308,27 manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməli və cavabdehdən 1308,27 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən iddia tələbinə uyğun olaraq ödənilmiş 39,09 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1308.27 manat məbləğində borc və 33.09 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar