Məhkəmə qərarları › İş №e-2-2(117)-653/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-653/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-653/2023 03.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “243515 manat ödənilməmiş borcun, hüquqi yardımla bağlı ödənilmiş 2000 manat pulun, 400 manat mediasiya xərcinin və 124,52 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 04- AGN/G-21 nömrəli mineral gübrələrin alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil verərək satmağı, alıcı isə gübrəni aldıqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı olan iddiaçı xx.xx.2021-ci il tarixdə dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil vermiş və malın təhvil verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli 01 nömrəli akt tərtib edilməklə, imza və möhürlərlə təsdiq edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini tam yerinə yetirməmiş, gübrənin dəyərindən cəmi 26200 manat ödəniş etməklə, qalan borcunu ödəməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 22 iyul 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 372.45 ton kükürdlü ammofos mineral gübrə satılmışdır. Cavabdeh müqavilənin 2.2.1-ci bəndinə əsasən, mineral gübrənin dəyərini təşkil edən 260715 manat pulu ödəməyi və mineral gübrəni qəbul etməyi öhdəlik götürmüşdür. Mineral gübrə 23 iyul 2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş 01 saylı aktla təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə borcundan hissə hissə olmaqla cəmi 26200 manat ödəmiş, hazırda isə İddiaçı MMC-yə müqavilə üzrə 234515 manat borcu qalmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etmələrinə baxmayaraq öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Cavabdehə rəsmi xəbərdarlıq məktubu göndərilmiş lakin cavabdeh tərəfindən borc icra edilmədiyi üçün mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həlli mümkün olmadığından xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən müvafiq arayış tərtib edilmişdir. Əlavə olaraq hüquqi yardımın göstərilməsi məqsədi ilə cəmiyyət ilə Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1la xx.xx.2023-cü il tarixli 655 saylı müqavilə imzalanmış və 2000 manat hüquqi yardıma görə məbləğ Bakı şəhər 18 saylı Vəkil Bürosuna köçürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qəbul etmirlər. İddia əsassızdır və rədd edilməlidir. Belə ki, mallar hazırki rəhbərliyə təhvil verilməmişdir. Təhvil-təslim aktında möhür olsa da, imza onlara məxsus deyildir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, təhvil-qəbul aktı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 04-AGN/G-21 nömrəli mineral gübrələrin alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil verərək satmağı, alıcı isə gübrəni aldıqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı olan iddiaçı xx.xx.2021-ci il tarixdə dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil vermiş və malın təhvil verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli 01 nömrəli akt tərtib edilməklə, imza və möhürlərlə təsdiq edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini tam yerinə yetirməmiş, gübrənin dəyərindən cəmi 26200 manat ödəniş etmiş, nəticədə 243515 manat ödənilməmiş borcu qalmışır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış və imza, möhürlərlə təsdiq edilmiş alqı-satqı müqaviləsi və təhvil-qəbul aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğdə borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında “malların hazırki rəhbərliyə təhvil verilməməsi və təhvil-təslim aktında möhür olsa da, imzanın onlara məxsus olmaması” ilə bağlı etiraz dəlilinə münasibətdə ilk öncə onu qeyd edir ki, hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyətini icra edən şəxs, habelə rəhbər tərəfindən səlahiyyət verilmiş digər şəxslər müqavilə bağlayarkən və müqavilənin icrası məqsədilə hər hansı bir sənədi təsdiq edərkən şəxsən öz adlarından deyil, təmsil etdikləri orqanın adından həmin sənədləri təsdiq edirlər ki, belə olan halda da hazırki iş üzrə mübahisə predmeti olan gübrə cavabdeh hüquqi şəxsin rəhbərliyinə deyil, hüquqi şəxsə təhvil verilmiş və həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təhvil aktına müvafiq imza edilmiş və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh hüquqi şəxsin rəhbərliyinin dəyişməsi həmin hüquqi şəxsi əvvəlki hüquq, vəzifələrindən və məsuliyyətindən azad edə etmir. Bundan əlavə əgər təhvil aktına imza etmiş həmin şəxsin buna səlahiyyəti olmamışdırsa, əvvəla bununla məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa müəssisənin möhürü onu qanunla və hüquqi şəxsin təsis sənədləri ilə təhsil etmək hüququ olan şəxsdə olur ki, qeyd edilidiyi kimi, müəssisə təhvil-təslim aktını müəssisənin möhürü ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin etiraz dəlilləri əsassız, iddianın dəlilləri ilə əsaslıdır, bu səbəbdən iddia təmin edilməlidir. Bundan başqa məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 2000 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, bu hissə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə, iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, sonuncunun keçirilmiş məhkəmə iclaslarında iştirakını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 2000 manat deyil, 500 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 524,52 manat olmalıdır ki, iddiaçı tərəfindən 124,52 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi rüsumu tələb etdiyindən məhkəmə hesab edir ki, ödənilməmiş 400 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, 124,52 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 400 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 234515 borc, 500 manat hüquqi yardımla bağlı xidmət haqqı, 400 manat mediasiya xərci və 124,52 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 400 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar