Məhkəmə qərarları › İş №e-2-2(117)-660/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-660/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-660/2023 26.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “12322 manat maddi zərərin, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Alıcı İddiaçı ASC ilə fermer Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Ş/43 nömrəli yaş tütünün alqı-satqısına dair müqaviləyə əsasən fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 7,2 ha torpaq sahəsində NC-291, İTB-683 və İTB-6184 “Virciniya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığılmasını həyata keçirib tam həcmdə alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və dəyərini fermerə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli K5028 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 il müddətinə 14195 manat kredit xətti açılmışdır. xx.xx.2022-ci il tarixdə tərəflərin imzaları ilə təsdiq olunmuş “Kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi haqqında” 01 nömrəli əlavəyə əsasən verilməli kreditin məbləği dəyişdirilərək 14297 manat müəyyən edilmişdir. Eyni zamanda "xxxx" ASC ilə zamin İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z4999 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə borcalan müqaviləyə 1 nömrəli əlavədə qeyd olunan şəxslər arasında 1 nömrəli əlavədə qeyd olunan kredit müqavilələri əsasında borcalana veriləcək illik 4,5% faiz olmaqla, cərimə faizi illik 5%-dək olmaqla xx.xx.2023-cü il tarixədək götürülmüş və cəmi məbləği 14297 manat məbləğində olan kredit ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında subsidiar məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinə 1 nömrəli əlavəyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli K5028 nömrəli kredit müqaviləsinə əsasən 1 il müddətinə 14297 manat manat kredit xətti açılmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli PBZ-OUT- 00079-2023 nömrəli məktubla müəyyən edilir ki, bank tərəfindən fermer Cavabdeh hesabına 12431,5 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli PBZ-OUT- 00061-2023 nömrəli məktubla müəyyən edilir ki, fermer Cavabdeh götürdüyü kredit borcu üzrə 12252,82 manat əsas, 68,92 manat faiz və 32,33 manat cərimə borcu zaminlik müqaviləsi əsasında İddiaçı ASC tərəfindən zaminliklə bağlı banka ödənilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş bununla da iddiaçıya 12322 manat zaminlik üzrə borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Q/19 nömrəli “Yaş tütünün alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh 2,91 ha torpaq sahəsində İddiaçı ASC-dən əldə etdiyi toxum və ştilləri əkməli, becərməli, yetişdirməli və yığımını həyata keçirib tam həcmdə İddiaçı ASC-yə satmalı idi. Məlum olduğu kimi cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc vəsaiti cavabdehin və İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə Q/19 nömrəli yaş tütünün alqı-satqısına dair müqavilə üzrə götürdüyü öhdəliklərin icrasının maliyyələşdirilməsi məqsədini daşımaqdadır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin banka olan kredit borcunun ödəniş tarixi 27 yanvar 2023-cü il tarixədək müəyyən edilmişdir. Bu barədə 23 yanvar 2023-cü il tarixdə cavabdehə İddiaçı ASC tərəfindən bildiriş verilmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası İddiaçı ASC və bank arasında bağlanmış Z4999 nömrəli 27 fevral 2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC-nin zaminliyi ilə təmin edilmişdir. Zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün 12322 manat öhdəlik məbləğində pul vəsaiti İddiaçı ASC-nin bank hesabından akseptsiz qaydada silinmişdir. Belə olan halda öhdəlikləri icra etmiş İddiaçı ASC-nin ona qarşı reqres qaydasında tələb hüququ yaranır, yəni bankın həmin öhdəliklər üzrə tələb hüquqları İddiaçı ASC-yə keçir. İddiaçı ASC həmçinin banka ödənilmiş məbləğdən faizlər ödəməyi və əvəzinizə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edir. Satıcı tərəfindən kobud və təkrar pozuntulara yol verildiyi üçün "xxxx" ASC ilə bağlanmış 27 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin əvəzinə ödənilmiş borc vəsaitinin 12322 manat hissəsinin 10 gün müddətində İddiaçı ASC-yə ödənilməsi barədə cavabdehə pretenziya ünvanlanmış, ödənişlərin edilməsi tələb olunmuşdur. Lakin cavabdeh pulu ödəmədiyi üçün mediasiya orqanına müraciət edilmiş, Cavabdeh ilə pulun ödənilməsi üçün barışıq sazişi əldə olunmamışdır. Hazırda cavabdeh maddi zərəri könüllü ödəməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, quraqlıq səbəbindən tütün az olmuşdur. Borcunu ödəyə bilməmişdir. Tələb olunan məbləğdə borcu var. Bu il öz hesabına tütün əkmişdir. Çalışıb borcumu ödəyəcəkdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Kredit müqaviləsi, Müqaviləyə 1 nömrəli əlavə, Zaminlik müqaviləsi, "xxxx" ASC-nin məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyindən tərəflər arasında borc münasibətlərindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə 12322 manat borcun cavabdehdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli K5028 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 1 il müddətinə 14195 manat kredit xətti açılmışdır. xx.xx.2022-ci il tarixdə tərəflərin imzaları ilə təsdiq olunmuş “Kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi haqqında” 01 nömrəli əlavəyə əsasən verilməli kreditin məbləği dəyişdirilərək 14297 manat müəyyən edilmişdir. "xxxx" ASC ilə zamin İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z4999 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC fermer Cavabdeh götürdüyü kredit borcu üzrə 12252,82 manat əsas, 68,92 manat faiz və 32,33 manat cərimə borcunun onun əvəzinə ödənilməsini təmin etmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş bununla da iddiaçıya 12322 manat zaminlik üzrə borcu qalmışdır. Borcalan Cavabdeh kreditoru "xxxx" ASC qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı İddiaçı ASC tərəfindən yerinə yetirilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı banka ödədiyi 12322 manat məbləğində borcu borclu Cavabdehdən tələb etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 12322 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (12322 manat) ödənilməli dövlət rüsumu 126,97 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 126,97 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, həmçinin iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən 200 manat vəsait də cavabdedən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12322 manat borc və 200 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilməmiş 126,97 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar