Məhkəmə qərarları › İş №e-2-2(117)-676/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-676/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-676/2023 01.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixdə bağlanmış “məhsulların alqı-satqı” müqaviləsinə əsasən 1339,44 manat borc məbləği, xx.xx.2021-ci il tarixdə bağlanmış “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən soyuducu dəyərinin iki misli həcmində, yəni 5000 manat məbləğin, 100 manat mediasiya xərci və 275 manat xidmət haqqının (110 vəkil xidmət haqqı və 165 manat meidasiya işləri aparılması görə) cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə malların təhvil-qəbul aktları ilə ümumi dəyəri 1339,43 manat olan müxtəlif növ məhsulları alıcının mülkiyyətinə vermiş, lakin alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək malların dəyərini satıcıya tam ödəməmiş və nəticədə ödənilməmiş 1339,44 manat borcu qalmışdır. Eyni zamanda istifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən İddiaçı MMC istifadəçi Cavabdeh dəyəri 2500 manat olan 1 ədəd TDVC markalı soyuducunu əvəzsiz istifadəyə verir. 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.7-ci maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Soyuducunun hərəkət əmrindən görünür ki, “Uğur” markalı soyuducu xx.xx.2017-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncunun ünvanı üzrə xx.xx.2023-cü il tarixdə bildirişin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, Alqı-satqı müqaviləsi, Soyuducunun hərəkət əmri, Malların təhvil-qəbul aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə iddia tələbinin 1339,44 manat borc məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən satıcı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməklə malların təhvil-qəbul aktları ilə ümumi dəyəri 1339,43 manat olan müxtəlif növ məhsulları alıcının mülkiyyətinə vermiş, lakin alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək malların dəyərini satıcıya tam ödəməmiş və nəticədə ödənilməmiş 1339,43 manat borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 1339,44 manat deyil, 1339,43 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin ikinci hisəsinə (soyuducu dəyərinin iki misli həcmində, yəni 5000 manat pulun tutulmasına) münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən İddiaçı MMC istifadəçi Cavabdeh dəyəri 2500 manat olan 1 ədəd TDVC markalı soyuducunu əvəzsiz istifadəyə vermişdir. 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.7-ci maddəsinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Göründüyü kimi İddiaçı MMC Cavabdeh dəyəri 2500 manat olan 1 ədəd TDVC markalı soyuducunu əvəzsiz istifadəyə vermiş, müqavilə şərtlərinə uyğun soyuducunu tələb etmiş, lakin 3 gün müddətində soyuducu qaytarılmadığından müqavilə şərtlərinə əsasən soyuducunun dəyəri olan 2500 manatın 2 misli məbləğində cərimə tələb etmişdir. Cərimənin tələb edilməsi tərəflərin razılaşmasından irəli gəlməklə soyuducu iddiaçıya qaytarılmadığından məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və soyuducunun dəyəri olan 2500 manatın 2 misli həcmində, yəni 5000 manat pul cavabdehdən tutulmalıdır. Hüquqi yardımla bağlı ödənilmiş 275 manat (110 manat vəkil xidmət haqqı və 165 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Hazırki iş üzrə hüquqi xidmət göstərilməsi ilə bağlı iddiaçının vəkillə təmsil olunmasını, müqavilə bağlamasını, habelə belə bir xidmət üçün vəsaitin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, vəkil üçün tələb edilən 110 manat xidmət haqqı cavabdehdən tutulmamalıdır. 165 manat mediasiya işlərinin aparılmasına görə tələb edilən xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, mediasiya işlərinin aparılması üçün 165 manat xidmət haqqı ödənilməsini təsdiq edən sübut iş materiallarına mövcud deyildir. Mediasiya arayışı ilə iddiaçı tərəfindən yalnız 100 manat rüsum ödənilməsi öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, mediasiya işlərinin aparılmasına görə tələb edilən 165 manat xidmət haqqı da cavabdehdən tutula bilməz. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (6339,44) ödənilməli dövlət rüsumu 83,39 manat olmalıdır ki, iddia tələbi yalnız 0,01 manat üçün qismən təmin edildiyindən 83,39 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh 1339,43 manat borc məbləği, soyuducunun dəyərinin iki misli həcmində 5000 manat pul, 100 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 83,39 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar