Məhkəmə qərarları › İş №e-2-2(117)-68/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-68/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-68/2022 05.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “18.10.2011-ci il tarixli 1535-l/11 nömrəli müqavilə üzrə 57030 manat əsas borc, 125468,93 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul olmaqla, cəmi 182848,93 manat məbləğində pulun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.10.2011-ci il tarixli 1535-l/11 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 126774,60 manat olan kənd təsərrüfatı texnikarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödənişlər edilmiş, qalan məbləğləri isə müqavilələrə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi və onun 18.10.2011-ci il tarixli 1535-l/11 nömrəli müqavilə üzrə 57030 manat məbləğində əsas borc borcu qalması əsası ilə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 18.01.2011-ci il tarixli 1535-l/11 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 126774,6 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına ilkin ödəniş etmiş, qalan məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. "xxxx" ASC hazırki 18.10.2011-ci il tarixli müqavilə üzrə borcun tutulması, lizinq obyektlərinin geri qaytarılması və müqavilənin ləğv edilməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə icraatı zamanı xətşünaslıq ekspertizası təyin olunmuş, təqdim edilmiş ekspert rəyi ilə 20.10.2011-ci il tarixli texnikaların təhvil-qəbulu barədə aktda “Qəbul etdi” qrafasıında olan imza Cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09.06.2016-cı il tarixli 2(075)- 277/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 18.01.2011-ci il tarixli 1535l/11 nömrəli müqavilə ləğv edilmiş, iddia qalan hissələrdə rədd edilmiş, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmişdir. Məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)-277/2016 nömrəli iş üzrə iddia ərizəsi, habelə iddianın hüquqi əsasını təşkil edən müqavilə və təhvil təslim aktından müəyyən olunur ki, Şəki Rayon Məhkəməsi tərəfindən baxılmış 2(075)-277/2016 nömrəli iş üzrə mübahisə predmeti 18.01.2011-ci il tarixli deyil, 18.10.2011-ci il tarixli 1535-l/11 nömrəli lizinq müqaviləsi olmuşdur. Bu hal iddiaçı tərəfindən iddia ərizəsində 18.10.2011-ci il tarix kimi əsaslandırılmış, Şəki Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş müqavilə 18.10.2011-ci il tarixli müqavilə olmuşdur. Bundan başqa Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)-277/2016 nömrəli iş üzrə xətşünaslıq ekspertizasının predmeti olmuş 20.10.2011-ci il tarixli texnikaların təhvil-qəbulu barədə akt hazırki iş üzrə və Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)-277/2016 nömrəli iş üzrə akt eyni aktdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, müqavilədə göstərilən texnikaları lizinqə götürmək üçün Bakı şəhərinə getmiş, müqavilə bağlayıb avans məbləği ödəyib qayıtmışdır. Texnikalar ona təhvil veriləndə də görmüşdür ki, həmin texnikalar deyil. Ona görə də lizinqin əməkdaşları ilə aralarında narazılıq yaranmış və həmin texnikaları götürməmişdir ki, həmin texnikalar müqavilədə olan texnikalar deyil. Sonra Bakıya getmişdir ki, ödədiyi avansı geri götüsün, lakin rəhbərlik dəyişdiyindən avansı geri götürə bilməmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsində araşdırma nəticəsində müqavilə ləğv olunmuşdur. Aralarında cəmi bir müqavilə olmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış lizinq müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı, ekspert rəyi, Şəki Rayon Məhkəməsinin qətnaməsi, iddia ərizəsi, müqavilə, akt və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İddiaçı "xxxx" ASC hazırki iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.10.2011-ci il tarixli 1535-l/11 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 126774,60 manat olan kənd təsərrüfatı texnikarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödənişlər edilmiş, qalan məbləğləri isə müqavilələrə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişi və onun 18.10.2011-ci il tarixli 1535-l/11 nömrəli müqavilə üzrə 57030 manat məbləğində əsas borcu qalmışdır. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15.02.2019-cu il tarixli 1479 nömrəli ekspert rəyi və Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09.06.2016-cı il tarixli 2(075)-277/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, 20.10.2011-ci il tarixli texnikaların təhvil-qəbulu barədə aktda “Qəbul etdi” qrafasıında olan imza Cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında lizinq müqaviləsi bağlansa da müqavilədə göstərilən texnikalar cavabdehə təhvil verilmədiyindən ondan təhvil verilməyən kənd təsərrüfatı texnikalarından istifadəyə görə muzd tutula bilməz. Bu səbəbdən də iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin Şəki Rayon Məhkəməsinin 09.06.2016-cı il tarixli 2(075)-277/2016 nömrəli qətnaməsi ilə 18.01.2011-ci il tarixli müqavilənin ləğv edilməsi və mübahisə predmetinin başqa müqavilə olması barədə etiraz dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı Şəki Rayon Məhkəməsi tərəfindən 2(075)-277/2016 nömrəli iş materialları üzrə təqdim edilmiş iddia ərizəsi, mübahisə predmeti olan müqavilə və aktla müəyyən edilmişdir ki, iddiaçı Aqrolizinq ASC iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək hazırki mübahisə predmeti olan 18.10.2011-ci il tarixli müqaviləni mübahisələndirmiş, mübahisələndirilən müqavilə 18.01.2011-ci il tarixli deyil, hazırki mübahisə predmeti olan 18.10.2011-ci il tarixli müqavilə olmuş, Şəki Rayon Məhkəməsinin qətnaməsində texniki səhv olaraq müqavilənin tarixi 18.01.2011 kimi qeyd olumuşdur. İddia tərəfi bunun tərəflər arasında başqa müqavilənin bağlandığı iddia olunsa da bununla bağlı məhkəməyə sübut təqdim etməmiş və bunun əksi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Hazırki iddia tələbi rədd edildiyindən, cavabdehə qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət edildiyindən məhkəmə hesab edir ki, vəkillə bağlı xərc cavabdehdən tutula bilməz. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (57030 manat + 125468,93 manat) ödənilməli dövlət rüsumu 472,50 manat olmalıdır ki, iddia rədd edildiyindən 472,50 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı 200 manat məbləğində mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü (məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.) maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad deyildir. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsinə əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Qanunvericiliyin tələbindən göründüyü kimi, büdcə təşkilatı maliyyələşdirilməsi bilavasitə, yəni birbaşa, yalnız Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Bilavasitə sözü isə lüğəti mənasına görə “vasitəsiz olaraq, arada heç bir vasitə olmadan, arada heç bir şey (şəxs) iştirak etmədən, birbaşa” və s. başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 23.07.2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 1.5-ci bəndinə əsasən Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir. Göründüyü kimi, iddiaçı Agentlik yalnız dövlət büdcəsinin vəsaiti hesabına deyil, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına da maliyyələşdirildiyindən, yalnız Dövlət bücəsindən maliyyələşən hüquqi şəxs olmadığından Dövlət rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsində nəzərdə tutulan rüsum ödəməkdən azad edilən büdcə təşkilatı deyildir və qanunvericiliyin tələbinə əsasən iddianın rədd edilldiyindən 472,50 manat məbləğində ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh oğluna qarşı “18.10.2011-ci il tarixli 1535-l/11 nömrəli müqavilə üzrə 57030 manat əsas borc, 125468,93 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul olmaqla, cəmi 182848,93 manat məbləğində pulun cavabdehdən tutulması” tələbinə dair iddia rədd edilsin. Ödənilməmiş 472,50 manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar