Məhkəmə qərarları › İş №e-2-2(117)-691/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-691/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-691/2023 02.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “019-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 78340,10 manat qalıq borc məbləği və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Zaqatala rayonu Bəhmətli kəndi ərazisində 30,8 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 92,4 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 92400 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 13860 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 8640 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 5100 manat olmaqla ümumilikdə 29400 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 36910 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 8400,10 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 2557,60 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 328,50 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 744 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, 29400 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 78340,10 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən məhsul əkini həyata keçirilməmiş, müqavilə ilə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini ümumiyyətlə yerinə yetirmədiyindən onun ödənilməmiş 78340,10 manat qalıq borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, ümumi 78340,10 manat pul götürmüşdür. Bu məbləğin 29400 manatı avans, 48940,10 manati isə toxum və gübrə olmuşdur. 50 ha ərazidə əkin aparmış, məhsulun bir hissəsi yetişməmiş, qalan hissəsini isə iddiaçıya bildirdiyi vaxtda biçməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və iddianın edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək vəkillə müqavilə bağlanması üçün iclasın avqust ayının 20-dən sonrakı tarixə təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, vəkillə müqavilə bağlanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, habelə vəkillə müqavilənin bağlanması üçün cavabdehin kigayət qədər vaxtı olduğundan, vəkillə müqavilənin bağlanması aylarla uzun çəkən bir mərhələ olmadığından, işin artıq məhkəmə baxışı mərhələsində olmaqla cavabdehin hazırlıq iclasında iştirakı təmin edilərək izahatı alındığından, bununla da cavabdehin məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciətini məhkəmə araşdırmasını ləngitmək kimi qiymətləndirib sonuncunun məhkəmə iclasında iştirak etməməsiin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Malların qəbul təhvil aktları, Elektron qaimələr, Ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli 019-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Zaqatala rayonu Bəhmətli kəndi ərazisində 30,8 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 92,4 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 92400 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 13860 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 8640 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 5100 manat olmaqla ümumilikdə 29400 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 36910 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 8400,10 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 2557,60 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 328,50 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 744 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə iddia tələbi həddində 78340,10 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində həmin məbləği iddiaçıya qaytarmadığından 78340,10 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında “iddiaçı tərəfindən məhsulun onun dediyi vaxtda biçilməməsi” ilə bağlı etiraz dəilinə münasibətdə onu qeyd edir ki, əvvəla bu halı, yəni cavabdeh tərəfindən iddiaçıya məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (78340,10 manat) ödənilməli dövlət rüsumu 325,02 manat olmalıdır ki, iddia təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin xərci cavabdehdən tələb etdiyindən 400 manat meidasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 78340,10 manat borc və 400 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 325,02 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar