Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-692/2025 04.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı cavabdeh Məmmədov (Əliyev) Rafiq Əslan oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdeh Məmmədov (Əliyev) Rafiq Əslan oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “05“ yanvar 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 38 saylı alqı-satqı müqaviləsinə əsasən 1169 manat məbləğində əsas borcun, 70.17 manat məbləğində əldən çıxmış fayda məbləğini, 285.23 manat məbləğində dəbbə pulunu, yekun olaraq 1524.40 manat məbləği və ödənilmiş olan 36 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 yanvar 2024-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında 38 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi məbləği 1169 manat təşkil edən un məhsulları satmış və təhvil vermişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh məhsulun tam dəyərini qəbuldan dərhal sonra ödəməli idi. Lakin cavabdeh ödəniş öhdəliyini yerinə yetirməmişdir. Tərəflər arasında 26 avqust 2024-cü il tarixində tərtib edilmiş üzləşmə aktı ilə cavabdeh 1169 manat məbləğində borcunun mövcudluğunu təsdiq etmişdir. Borc bu günədək ödənilməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh hər gecikdirilmiş gün üçün 0,1% məbləğində dəbbə pulu ödəməlidir. 26 avqust 2024-cü il tarixindən 27 aprel 2025-ci il tarixinədək 244 gün keçmişdir. Bu müddətə görə hesablanan dəbbə pulu 1.169 x 0.001 x 244 = 285.23 manat təşkil edir. Bundan əlavə, müqavilənin 7-ci bəndində tərəflər kommersiya məhkəməsinin yurisdiksiyasını qəbul etmişdir. Müqavilənin tələblərinə əsasən tərəflər müqavilədə göstərilən öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirmələrinə görə məsuliyyət daşıyırlar. Odur ki, hesab edir iddia ərizəsi tam əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin borcun ödənilməsində gecikməsi nəticəsində əldə edəcəyimiz gəlirdən məhrum olmuşuq. 26 avqust 2024-cü il tarixindən 27 aprel 2025-ci il tarixinədək 244 gün müddətində bu məbləğ bank depoziti şəklində yerləşdirilsəydi Azərbaycan Respublikasında tətbiq olunan orta illik bank faiz dərəcəsi olan 9% hesabı ilə təxminən 70.17 (yetmiş manat 17 qəpik) manat məbləğində faiz gəliri (əldən çıxmış fayda) əldə edə bilərdi. Hesablanma əmsalı aşağıdakı kimidir. Əldən çıxmış fayda 1169 manat x 9% x 244 gün/365 gün= 70.17 manat. Bu gəlir cavabdehin öhdəliyini vaxtında yerinə yetirməməsi səbəbi ilə mümkün olmamış və hüquqi baxımdan haqlı olaraq bu zərərin əvəzi tələb edilməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh öhdəliyi üzrə borcun könüllü şəkildə ödənilməsi üçün dəfələrlə müraciət olunmuşdur. Bu məqsədlə cavabdehlə həm telefon əlaqəsi saxlanılmış, həm də "WhatsApp" vasitəsilə yazılı mesajlar və səsli bildirişlər göndərilmişdir. Bütün bu cəhdlərə baxmayaraq, cavabdeh borcun ödənilməsinə dair hər hansı bir iradə nümayiş etdirməmiş, əksinə, borcu ödəmək niyyətində olmadığını açıq şəkildə bildirmişdir. Qeyd olunan hallar cavabdehin öhdəlikdən yayınmaq niyyətini sübut edir və iddianın təmin olunmasını zəruri edir.
İİ. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Məhkəmənin mövqeyi:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “Satıcı” İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 38 nömrəli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı qaimələrdə göstərilən malları alıcıya satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 4.1-ci bəndində göstərilən öhdəliklərə görə məsuliyyət daşıyır və satıcı tərəfindən təqdim olunan malların dəyərini gecikdirilməsinə görə alıcı müddəti keçmiş hər bir gün üçün ümumi məbləğin 0,1 % həcmində cərimə ödəyir. Tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktında Cavabdeh fərdi sahibkar İddiaçı 1169 manat borcunun qaldığı qeyd olunmuş və həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
8. İş materiallarında olan əldən çıxmış faydanın hesablanması aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə bank uçot faiz dərəcəsinə uyğun olaraq 70,17 manat məbləğində əldən çıxmış fayda məbləği hesablanmışdır.
9. İş materiallarında olan cərimənin hesablanması cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun olaraq gecikdirilən məbləğə münasibətdə 285,23 manat cərimə borcu hesablanmışdır.
10. İddiaçı xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
11. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsinə münasibətdə əsaslı olduğundan təmin edilməli, cavabdehdən 1169 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə əldən çıxmış fayda qismində 70,17 manat pulun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, tərəflər arasında müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmış və qeyd olunan müddətdən hazırki vaxta qədər cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmişdir. Nəticə də iddiaçının əmlakından məhrum olması faktı mövcud olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, əldən çıxmış fayda məbləği qismində 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə həmçinin hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 58,45 manat məbləğində cərimə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və xx.xx.2024-cü il tarixli 38 nömrəli müqavilə üzrə 1169 manat əsas borc, 20 manat əldən çıxmış faydanın əvəzi və 58,45 manat cərimə olmaqla ümumilikdə 1247,45 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq 36 manat dövlət rüsumu ödənilmiş, bu barədə iddiaçı tərəfindən iş materiallarına qəbz əlavə edilmişdir. İddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə 32,47 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
17. Beləliklə, iddianın qismən təmin ediləməsi barədə qətnamə qəbul edilməlidir.
Vİ. Nəticə:
15. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov (Əliyev) Rafiq Əslan oğlundan xx.xx.2024-cü il tarixli, 38 nömrəli müqavilə üzrə 1169 manat əsas borc, 20 manat əldən çıxmış faydanın əvəzi və 58,45 manat cərimə olmaqla ümumilikdə 1247,45 manat məbləğində pul və 32,47 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Elnarə Hüseynova