Məhkəmə qərarları › İş №e-2-2(117)-696/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-696/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-696/2023 02.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “012-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 21230,61 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə və Cavabdeh İddiaçı MMC-yə qarşı “soya məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 7110 manat maddi zərər və 23350,50 manat əldən çıxmış fayda olmaqla cəmi 30460,50 manat məbləğində pulun və 181,38 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Meşəbaş kəndi ərazisində 15 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 45 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 45000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 6750 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2250 manat olmaqla ümumilikdə 9000 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 11073 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 2520,03 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 887,70 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini qismən yerinə yetirməklə ümumilikdə 2250,09 manat dəyərində məhsul təhvil vermiş və nəticədə ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil alması isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X2” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İddiaçı MMC borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, 6000 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 16262,60 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən cəmi 2621,03 manat dəyərində məhsul təhvil verilməklə müqavilə ilə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 13641,57 manat qalıq borcu qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 15 ha hissəsindən məhsul əldə etmişdir. Eyni zamanda məhsulun yetişdirilməsi üçün avasn puldan əlavə özü 7110 manat xərc çəkmişdir. Lakin cəmiyyət tərəfindən məhsulun alınması gecikdirildiyi üçün ona 7110 manat maddi zərər və müqaviləyə 2 nömrəli əlavəyə əsasən 23350,50 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 30460,50 manat zərər dəymişdir. Bundan əlavə sifarişçi cəmiyyət sentyabr-oktyabr aylarında məhsulun tam yetişmədiyini bildirərək məhsulun vaxtında biçilməsi üçün razılıq verməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə o və digər fermerlər tərəfindən məhsulun yetişibyetişməməsi ilə bağlı Qax rayon DAİM-nə müraciət etmişlər. xx.xx.2022-ci il tarixdə mərkəzin bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin iştirakı ilə sahələrə baxış keçirilmiş və rəy verilmişdir ki, məhsul artıq yetişmişdir. Bu barədə sifarişçiyə məlumat versələr də, təxminən 1 ay sonra məhsul biçilərək təhvil alınmışdır. Bununla da sifarişçi şirkət məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulun çox az hissəsini təhvil alaraq ona qeyd olunan məbləğlərdə ziyan vurmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, 9000 manat məbləğində avans və 14480,70 manat toxum və gübrə götürmüşdür. 15 ha ərazidə əkin aparmış və məhsul yetişmişdir. Lakin iddiaçı tərəf biçinə gec gəldiyi üçün məhsulu batmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddianı müdafiə etdiyini bildirdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək vəkillə müqavilə bağlanması üçün iclasın avqust ayının 20-dən sonrakı tarixə təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, vəkillə müqavilə bağlanması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, habelə vəkillə müqavilənin bağlanması üçün cavabdehin kifayət qədər vaxtı olduğundan, vəkillə müqavilənin bağlanması aylarla uzun çəkən bir mərhələ olmadığından, bununla da cavabdehin məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciətini məhkəmə araşdırmasını ləngitmək kimi qiymətləndirib sonuncunun məhkəmə iclasında iştirak etməməsiin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Malların qəbul təhvil aktları, Elektron qaimələr, Ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən təhvil verilmiş məhsulun dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İlkin iddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Meşəbaş kəndi ərazisində 15 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 45 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 45000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 6750 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2250 manat olmaqla ümumilikdə 9000 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 11073 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 2520,03 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 887,70 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini qismən yerinə yetirməməklə borcunu tam ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 23480,70 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi, cavabdehin isə cəmi 2250,09 manat dəyərində məhsul təhvil verməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində qalan məbləği iddiaçıya qaytarmadığından 21230,61 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbinin hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırki iş üzrə iddiaçı iddia tələbinin əsası kimi yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad edir ki, həmin dəlillərə münasibətdə məhkəmə ilk öncə onu qeyd edir ki, icraçı Cavabdeh tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz sifarişçi tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və icraçı də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda icraçının müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi məhsulun biçinini həyata keçirə bilər. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan cəmiyyət tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddianın dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş rəyə münasibətdə onu qeyd edir ki, əvvəla Qax rayon DAİM-nin bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X1 rayon mərkəzinin rəisinin həmin rəyi müvafiq olaraq işlədikləri müəssisənin adından tərtib və təsdiq etmək səlahiyyətləri olsaydı, bu zaman qanunvericiliyin tələbinə uyğun şəkildə həmin vəzifəli şəxslərin imzaları müvafiq olaraq işlədikləri idarənin möhürləri ilə təsdiq edilməliydi. Lakin hazırki rəy möhürlərlə təsdiq edilməyərək yalnız həmin şəxslərin vəzifəli şəxs qismində deyil, adi vətəndaşlar kimi imzaları ilə təsdiq edilmişdir. Bundan başqa əgər həmin rəy qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş və məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş olsaydı belə, rəylə yalnız məhsulun artıq yetişməsi müəyyən edilmişdir ki, icraçının məhsul yetişdikdən sonrakı hərəkətləri – məhsulun biçilmləsi və təhvil verilməsi üçün sifarişçi cəmiyyətə müraciət edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı məhsulun yetişdirilməsi üçün 7110 manat xərc çəkdiyini bildirsə də, ümmiyyətlə sonuncu tərəfindən xərc çəkilməsi və çəkilmiş xərcin də məhz həmin məbləğdə olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə əldən çıxmış faydanın ödənilməsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı əldən çıxmış faydanı 10 ha torpaq sahəsində yetişən məhsulun cavabdeh tərəfindən vaxtında təhvil almaması ilə əsaslandırır ki, məhsulun vaxtında təhvil alınmamasına məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsaən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olmaqla iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları təqdim edə bilmədiyindən qarşılıqlı iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə ilkin iddianın qiymətinə əsasən (21230,61 manat) ödənilməli dövlət rüsumu 153,69 manat, qarşılıqlı iddianın qiymətinə əsasən (30460,50 manat) ödənilməli dövlət rüsumu 181,38 manat olmalıdır ki, ilkin iddia təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin xərci cavabdehdən tələb etdiyindən 200 manat meidasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh 21230,61 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 153,69 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “soya məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 7110 manat maddi zərər və 23350,50 manat əldən çıxmış fayda olmaqla cəmi 30460,50 manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 181,38 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar