Məhkəmə qərarları › İş №e-2-2(117)-698/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-698/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-698/2021 27.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “1459,48 manat borc və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq məhkəməyə verdiyi iddia ərizəsində İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 10.11.2018-ci il tarixli müqaviləsinə istinad edərək həmin müqavilə üzrə borcun yaranmasına əsaslanmışdır. Cavabdeh3 müraciəti əsasında məhkəmə tərəfindən 20.09.2021-ci il tarixdə iddiaçıya müraciət edilərək aidiyyəti sübutların təqdim edilməsi xahiş edilmişdir. İddiaçı 22.09.2021-ci il tarixli iddia ərizəsində dəqiqləşmə barədə ərizə ilə müraciət edərək tələb edilən 1459,48 manat məbləğində vəsaitin tərəflər arasında bağlanmış 07.01.2020-ci il tarixli müqavilə əsasında yarandığını bildirmiş və iddia tələbində qeyd məbləği həmin müqavilə üzrə tələb etmişdir. İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 07.01.2020-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh3 istifadəsində olan Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə hər hektardan 35 ton olmaqla 1050 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2020-ci ilin Xİİ ayının sonunadək təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam veriliibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin ofis aqronomu Yolçu Vəliyevin və baş aqronomu F.Yulisoyun 29.03.2020-ci il tarixdə iddiaçıya ünvanladığı ərizəsində 36001 nömrəli müqavilə əsasında Cavabdeh3 şəkər çuğunduru əkmək üçün 30 ha torpaq sahəsinin 17,5 hektarı əkinə uyğun gəlmədiyinə görə həmin sahənin ləğv edilməsini xahiş edilmiş və müraciət qəbul edilərək 12,5 hektar torpaq shaəsində əkinin aparılması qəbul edilmişdir. İddiaçı 07.01.2020-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi ilə bağlı bağlanmış zaminlik müqaviləsi təqdim etməmişdir. Yalnız 10.11.2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 10.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1.2-ci bəndində göstərilən şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə 2252,50 manat məbləğində xərc çəkmiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, cavabdeh 2020-ci il tarixdə cəmi İddiaçı MMC-yə 793,02 manat şəkər çuğunduru təhvil vermiş, 1459,48 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 öhdəliyini yerinə yetirmədiyindən onun 1459,48 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən digər cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuların ünvanları üzrə müvafiq olaraq 08.09.2021-ci il və 10.09.2021-ci tarixlərdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Xidmət və satınalma müqaviləsi, zaminlik müqaviləsi, elektron qaimələr, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı MMC ilə Cavabdeh3 oğlu arasında bağlanmış 07.01.2020-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh3 oğlu istifadəsində olan Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsində, yarasız olduğuna görə yekun olaraq 12,5 hektar torpaq shaəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 ton olmaqla 437,5 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2020-ci ilin Xİİ ayının sonunadək təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam veriliibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə 2252,50 manat manat məbləğində xərc çəkmiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, İddiaçı MMC-yə 793,02 manat dəyərində şəkər çuğunduru təhvil vermiş, nəticədə 1459,48 manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 1459,48 manat borc Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı MMC ilə Cavabdeh3 oğlu arasında bağlanmış 07.01.2020-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin təminatı olaraq tərəflər arasında hər hansı bir zaminlik müqaviləsi ilə bağlı iddiaçı sübut təqdim etməmişdir. İddiaçı yalnız Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ilə X2 və Cavabdeh2 arasında bağlanmış 10.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin təminatı olaraq 10.11.2018-ci il tarixli zaminlik müqaviləsinə əsaslanmışdır. İddianın borcun zaminlər X3 və X1 əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədə olması göstərilmişdir. Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC ilə X2 və Cavabdeh2 arasında bağlanmış 10.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndinin tələbinə əsasən cavabdeh öz öhdəliklərini 2019-cu ilin Xİİ ayınadək icra etməyi öhdəsinə götürmüşdür ki, əsas öhdəliyin icra müddəti məhz 2019-cu ilin dekabr ayı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində onun verilməsinin müddəti göstərilmədiyindən hazırki münasibətlərə 477.0.4-cü maddəsinin ikinci cümləsi şamil edilməli və iddia tələbinə zamindən pulun tuulması hissəsində rədd edilməlidir. Belə ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti 2019-cu ilin dekabr ayı kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci ilin noyabr ayında bitmişdir. Qanunvericiliyin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş kəsici müddət ötdüyündən və artıq qanunvericiliyin tələbi baxımından zaminliyə xitam verildiyindən iddiaçı zaminlik müqaviləsinə istinadən zaminlərdən pul tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zaminlərdən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zaminlərdən pulun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi borc məbləğinə münasibətdə təmin edildiyindən və iddiaçı 30 manat dövlət rüsumunun ödənilməsini tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh olan əsas borclu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh3 1459,48 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar