Məhkəmə qərarları › İş №e-2-2(117)-698/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-698/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-698/2022 17.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh iddiaçının xeyrinə 1945,74 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi : Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “Cavabdeh iddiaçının xeyrinə 1945,74 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında ödənilən 60 manatın cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, “X1” MMC ilə digər hüquqi şəxslərin qoşulması nəticəsində yenidən təşkil edilmiş və İddiaçı yaradılmışdır. İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 49 nömrəli alqı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndi ərazisində 5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3693,59 manat məbləğində vəsaiti avans olaraq götürmüş və həmin vəsaiti xx.xx.2018-ci il tarixədək "X1" MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqavilənin şərtləri daxilində İstehsalçı mülkiyyət hüququ özünə məxsus olan /icarəyə götürdüyü Yevlax rayonu Malbinəsi kəndində yerləşən 5 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib-becərəyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə "X1" MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə İstehslçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.4-cü hissəsinin d bəndinə əsasən istehsalçı “X1” MMC-nin dəstəyi ilə "xxxx" ASC-nin rayon aqroservis bölmələri tərəfindən göstərilən servis xidmətinin dəyərinin, nisyə aldığı mineral gübrənin, pestisidin, həmçinin X2 vəsaiti hesabına alınaraq ona nisyə verilmiş toxumun dəyərini müəyyən olunmuş müddətlərdə tam şəkildə ödəyir, əks təqdirdə ona verdiyi pambığa görə ona ayrılan subsidiyanın həmin borcların ödənilməsinə yönəldilməsini təmin edir. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 285 manat məbləğində şum, 70 manat məbləğində mala, 60 manat məbləğində çiyid səpini, 100 manat məbləğində dərman səpini, 324 manat məbləğində kultivasiya, 127 manat məbləğində əl yığımı, 680 manat məbləğində maşın yığımı, 180 manat məbləğində gübrə, 1300 manat məbləğində avans, 90 manat məbləğində toxum, 477,59 manat məbləğində dərman nəzərə alınmaqla, ümumilikdə 3693,59 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və təhvil verdiyi pambığın dəyəri çıxılmaqla nəticədə 1957,74 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, ödəmə tapşırıqları, qaimə fakturalar, iş və xidmətlərin göstərilməsi aktları, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə iddiaçının hazırkı tələblə çıxış etməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 56.2-ci maddəsində qeyd edilir ki, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Belə ki, İddiaçı MMC-nin “X1” MMC-nin hüquqi varisi olaraq hazırkı iddianı qaldırmaq hüququ mövcuddur. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərin xarakterinə hüquqi qiymət verərək tərəflər arasında qarışıq tipli podrat, xidmət, alqı-satqı müqavilələrindən əmələ gələn mübahisənin yarandığını müəyyən edir. MM-in: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə görə, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567- ci maddəsinə görə,, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752-ci maddəsinə görə, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 49 nömrəli alqı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndi ərazisində 5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3693,59 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Cavabdehin sifarişi əsasında 285 manat məbləğində şum, 70 manat məbləğində mala, 60 manat məbləğində çiyid səpini, 100 manat məbləğində dərman səpini, 324 manat məbləğində kultivasiya, 127 manat məbləğində əl yığımı, 680 manat məbləğində maşın yığımı, 180 manat məbləğində gübrə, 1300 manat məbləğində avans, 90 manat məbləğində toxum, 477,59 manat məbləğində dərman nəzərə alınmaqla, ümumilikdə 3693,59 manat məbləğində avans verilmiş işlər görülmüş xidmətlər göstərilmişdir. Cavabdeh 1747,85 manat dəyərində 2689 kq pambıq təhvil vermiş və həmin məbləğ avans məbləğindən çıxılmış, cavabdehin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməməsi nəticəsində 1957,74 manat ödənilməmiş borcu qalmışdır. Bu faktlar iş materiallarında olan tərəflərin imzalayaraq təsdiq etdikləri xx.xx.2019-cu il tarixli üzləşmə aktı, ödəmə tapşırıqları, qaimə faktura, iş və xidmətlərin göstərilməsi aktları ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 1945,74 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 1945,74 manat məbləğində borc və 60 manat mediasiya xərci tutulub İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 39,55 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar