Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-70/2022 10.03.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh X3 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı “30 029,50 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC ilə cavabdeh X5 arasında 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə bağlanmış, müqavilə şərtlərinə görə 1 ədəd kombaynı ilkin olaraq 40% güzəşt tətbiq etməklə, qalan 19400 manat məbləği 31.12.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Həmin kənd təsərrüfatı texnikası cavabdeh tərəfindən təhvil alınmış və hazırda saz vəziyyətdə onun istifadəsindədir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə ödənilməmiş 17248 manat əsas borcu və həmin borca 12431,50 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanı ilə "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Tərəflər məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsi ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında bağlanan lizinq müqaviləsinə əsasən cavabdeh 1 ədəd kombaynı lizinqə götürmüşdür. Tələbat olmadığından texnikanı istifadə edə bilməmiş, ona görə də iddiaçıya olan borcunu ödəyə bilməmişdir. İddiaçı həm texnikanı, həm də borcu tələb edir. İddiaçının tələbi əsassız varlanmaya gətirib çıxardır. Ödəniləcək borcun əvəzinə texnikanın təhvil verilməsinə-qaytarılmasına razıdır. Texnika hazırda ssaz vəziyyətdə iddiaçının sahibliyindədir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə, həmin müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafiki, 26.08.2021-ci il tarixli maliyyə arayışı, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi; maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 747.2, 747.3.). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilmə barədə müqavilə bağlanmış, müqavilə şərtlərinə görə 1 ədəd kombayını ilkin olaraq 40% güzəşt tətbiq etməklə qalan 19400 manat məbləği 31.12.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdhin istifadəsinə vermişdir. Həmin kənd təsərrüfatı texnikası cavabdeh tərəfindən təhvil alınmış və hazırda saz vəziyyətdə onun istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020ci il tarixli 1137 nömrəli Fərmanı ilə hazırkı mübahisə üzrə "xxxx" ASC-nin hüquq və öhdəlikləri hazırkı iş üzrə iddiaçıya ötürülmüşdür. İş materiallarına əlavə edilmiş 26.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki,12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 17 248 manat əsas borcu mövcuddur. Odur ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin məhkəməyə 17.02.2022-ci il tarixdə ünvanladığı etirazına və məhkəmə iclasında verdiyi izahatına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Əvvəla, cavabdeh tərəfindən agentliyə lizinq obyektinin saz vəziyyətdə geri alınmasının təklif edilməsinə, lakin iddiaçı tərəfindən bu təklifin qəbul edilməyərək müqavilə üzrə yaranmış əsas və cərimə borclarının tələb edilməsinə münasibətdə məhkəmə bildirir ki, iddia tələbinin predmetini və həcmini müəyyənləşdirmək iddiaçının səlahiyyətindədir və hazırki iddia tələbi üzrə yaranmış borcun əvəzində lizinq obyektinin qaytarılması tələbi iddiaçı tərəfindən irəli sürülməmişdir; Həmçinin, tərəflər arasında bağlanmış lizinq müqaviləsində müqavilənin xitamı əsası kimi qeyd edilən hal ümumiyyətlə nəzərdə tutulmamışdır. Odur ki, cavabdehin etirazı əsaslı deyildir. İddia tələbinin müqavilə üzrə hesablanmış 12 431,50 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə cavabdeh X2 12.10.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 100 manat mələğində cərimənin tutulmalı olmasını işin hallarına və tərəflərin əmlak mənafelərinə uyğun hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Lakin iddiaçı ilkin olaraq mediasiya xərcini ödədiyinə görə dövlət rüsumundan azad olunduğundan və hazırkı tələbdə həmin xərci tələb etmədiyindən ödənilməli olan dövlət rüsumu bütövlükdə yəni 179,04 manat cavabdehdən dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 350 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etmə sayını, iddia tələbinin hazırlanıb məhkəməyə təqdim etməsinı, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 80 manat həddində tutulmasını ağlabatan hesab edir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. X1 17 248 manat əsas borc, 500 manat cərimə, 80 manat məbləğində hüquqi xidmət haqqı tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 179,04 manat dövlət rüsumu cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-70/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-70/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver