Məhkəmə qərarları › İş №e-2-2(117)-701/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-701/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-701/2023 29.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “9615,53 manat pulun və 106 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “9615,53 manat pulun və 106 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş üzrə iddia tələbi 10000 manatdan aşağı olduğu üçün sadələşdirilmiş icraat qaydasında qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz edilərək bildirilmişdir ki, tərəflər arasında mövcud olmuş xx.xx.2018-ci il tarixli üzləşmə aktındakı imza saxtadır və onun tərəfindən imzalanmamışdır. Həmçinin, həmin tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı istənilən üsulla sifariş verilmiş yataq, qonaq, yumşaq və digər mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə Alıcının mülkiyyətinə verməyi, Alıcı isə müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Satıcının təqdim etdiyi qaimə-fakturaya əsasən malların dəyərini Satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, Alıcı malların dəyərini X1 uyğun olaraq, təqdim olunmuş hesab-fakturaya əsasən Satıcıya ödəməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, Müqaviləyə əsasən malların dəyəri Satıcının təqdim etdiyi qaimə-fakturanı aldıqdan sonra 1 iş günü ərzində nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2015-ci il müddətinədək qüvvəsini saxlayır. Tərəflərdən hər hansı birinin narazılığı olmasa avtomatik olaraq eyni müddət və şərtlərlə uzadılmış hesab olunur. xx.xx.2018-ci il tarixli “X2”ndan görünür ki, həmin tarixə Cavabdeh 9615,53 manat məbləğində borcu mövcuddur. Qeyd edilən akt “İcraçı” "xxxx"MMC-nin rəhbəri Əliyar Əliyev tərəfindən imzalanmaqla möhür vurulmuş və “Sifarişçi” Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 470 manat ödəniş edilmiş və 9695,73 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə etdiklərini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.. İş üzrə sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2018-ci il tarixli “X2”və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə Mülki Məcəllə) maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə əvvəlcə qeyd etməyi zəruri hesab edir ki, iş məhkəmə icraatına qəbul edilən zaman iddia tələbi 10000 manatdan aşağı olduğu üçün sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz edilərək bildirilmişdir ki, tərəflər arasında mövcud olmuş xx.xx.2018-ci il tarixli üzləşmə aktındakı imza saxtadır. Həmçinin, həmin tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərə müraciət edilərək iddia tələbini təsdiq və ya təkzib edən sübutların təqdim edilməsi xahiş olunmuş, lakin cavabdeh tərəfindən ekspertiza keçirilməsi üçün imza nümunələri təqdim edilməmiş, məhkəmə baxışı iclasında cavabdeh iştirak etməmiş və digər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən cavabdehin mülahizəsi əsassızdır və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində və qarşılıqlı üzləşdirmə aktında cavabdehin adının qarşısında əks olunan imza ona məxsusdur. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı istənilən üsulla sifariş verilmiş yataq, qonaq, yumşaq və digər mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə Alıcının mülkiyyətinə verməyi, Alıcı isə müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş 9615,53 manat borcu qalmışdır ki, cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib edilmiş və cavabdeh tərəfindən də təsdiq edilmiş xx.xx.2018-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mövcuddur. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edilərək müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi xahiş edilmişdir. Mülki Məcəllənin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə üzrə iddiaçının hazırki tələbi 9615,53 manat həcmindədir ki, belə olan halda cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə ümumiyyətlə ödəniş edilməmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borcun yarandığı, yəni, tərəflər arasında tərtib və təsdiq edilmiş üzləşmə aktının tarixi ilə müəyyən edilir ki, üzləşmə aktı xx.xx.2018-ci il tarixdə təsdiq edilmişdir. Cavabdeh tərəfindən həmin tarixdən sonrakı dövrdə (hal-hazırki vaxta qədər) ümumiyyətlə ödəniş olmadığından iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud olmamışdır. İddia müddəti xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2021-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə və ya mediasiya sessiyası üçün müraciət etməmiş, sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Sonda məhkəmə tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olması və bu səbəbdən iddia müddəti tətbiq edilməsinin mümkünlüyü ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2015-ci il müddətinədək qüvvəsini saxlayır. Tərəflərdən hər hansı birinin narazılığı olmasa avtomatik olaraq eyni müddət və şərtlərlə uzadılması göstərilsə də, növbəti dövr üçün uzadılmanın hansı anlama gəlməsi, növbəti 1 il müddətinə və yaxud iddiaçının qeyd etdiyi kimi öhdəliklərin icra müddətinə uzadılması məlum deyildir. Müqavilənin bağlanma tarixi ilə qüvvədə olma tarixinin “xx.xx.2015-ci il tarixinin” qeyd edilməsi texniki səhv ola bilər, digər tərəfdən isə bu hal tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasını inkar etmir, həmçinin məsələnin mahiyyətinə hər hansı təsiri olmamaqla məhkəmənin hazırkı qətnamə üzrə gəldiyi nəticyə təsir etmir. Lakin müqavilə üzrə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ödəniş edildiyindən və xx.xx.2018-ci il tarixdə üzləşmə aktı bağlandığından məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdən etibarən tərəflər iddia müddətinin axımının kəsilməsinə səbəb olan hər hansı bir etirafedici hərəkətləri (sübutları) mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin tarixdən etibarən 3 il müddətində borcunu tələb etməmişdir ki, məhz həmin borcun tələb edilməsi üçün qanunvericiliyin tələbinə əsasən iddia müddəti ötmüşdür. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 116,16 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən həmin dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 100 manat məbləğində mediasiya xərcini ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin iddia tələbi rədd edildiyindən ödənilməmiş dövlət rüsumu MPM-in 119-cu maddəsinə əsasən iddiaçıdan tutulmalıdır. Həmçinin iddiaçının tələb etdiyi 100 manat mediasiya xərci iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “9615,53 manat pulun və 106 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 116,16 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar