Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-705/2023 02.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “021-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 19197,54 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Şəki rayonu Göynük kəndi ərazisində 20 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 60 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 60000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 17164 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 960,04 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 691 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X2” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, 9000 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 22448,80 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən məhsul əkini həyata keçirilməmiş, müqavilə ilə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini ümumiyyətlə yerinə yetirmədiyindən onun ödənilməmiş 19197,54 manat qalıq borcu qalmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında soya paxlası istehsalı və alqı-satqısı barədə 28 mart 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Şəki rayonu, Göynük kəndində 20 hektar torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3 ton olmaqla cəmi 60 ton məhsulun istehsal edilərək sifarişçi İddiaçı MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, sifarişçi tərəfindən Cavabdeh 13448,80 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 9000 manat nağd pul olmaqla, ümumilikdə 22448,80 manat məbləğində vəsait verilmişdir. Sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etmiş, lakin Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və sifarişçiyə müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, avans qismində ilkin ödəniş daxil olmaqla ümumilikdə ödənilmiş 22448,80 manat məbləğdə vəsaitin qarşılığında təhvil verilmiş məhsulun dəyəri 3251,26 manat təşkil etmişdir. Bununla da, müqavilə şərtlərinin pozulması nəticəsində Cavabdeh İddiaçı MMCyə 19197,54 manat borcu yaranmışdır. Qeyd edilən borcun və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili izahatına əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında bağlanmış müqavilənin 6.3-cü bəndində texnika ilə bağlı heç bir öhdəlikləri yoxdur. Onlar icraçı tərəfi ancaq toxum və gübrə ilə təmin edirlər. Müqavilənin 6.5-ci bəndinə əsasən isə, cavabdeh sığorta şirkəti ilə anlaşdığı təqdirdə onlar sığorta ödənişini etməlidirlər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı tərəf müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün borc yaranıb. Bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən iddiaçı tərəf sığorta ödəməli idi, ancaq ödəməyib. Müqavilənin 6.3-cü bəndinə əsasən isə iddiaçı tərəf biçin zamanı cavabdeh tərəfi texnika ilə təmin etməli idi. Ancaq iddiaçı tərəf kombayn vermədi, məhsul noyabr ayında biçildi. Bu səbəbdən də məhsul batdı. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Malların qəbul təhvil aktları, Elektron qaimələr, Ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli 021-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Şəki rayonu Göynük kəndi ərazisində 20 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 60 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 60000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 17164 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 960,04 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 691 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Sonda məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatında “iddiaçı tərəfindən məhsulun biçini üçün texnika verilməməsi və iddiaçı tərəfin sığorta ödəməli olması, lakin ödəməməsi” ilə bağlı etiraz dəilinə münasibətdə onu qeyd edir ki, əvvəla bu halı, yəni cavabdeh tərəfindən iddiaçıya məhsulun biçini və ya texnika verilməsi ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa sığorta ödənişi ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə iddia tələbi həddində 19197,54 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində həmin məbləği iddiaçıya qaytarmadığından 19197,54 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (19197,54 manat) ödənilməli dövlət rüsumu 147,59 manat olmalıdır ki, iddia təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin xərci cavabdehdən tələb etdiyindən 200 manat meidasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19197,54 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 147,59 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-705/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-705/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver