Məhkəmə qərarları › İş №e-2-2(117)-705/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-705/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-705/2024 28.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 3601,48 manat əsas borc, 1080 manat dəbbə pulu və 67 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 3601,48 manat əsas borc, 1080 manat gecikdirilmiş faiz borcu və 67 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən 1080 manat gecikdirilmiş faiz borcu” ifadəsinin müqavilədə qeyd olunan “dəbbə pulu” ifadəsilə eyni mahiyyətdə qəbul edərək Cavabdehndən “3601,48 manat əsas borc, 1080.44 dəbbə pulu və 67 manat dövlət rüsumu, cəmi 4748.92 manat tutularaq iddiaçıya ödənilməsi” məzmununda dəyişdirilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (Qiymət Cədvəlində) əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 5.4-cü bəndinə əsasən, alıcı gecikdirilən hər gün üçün vaxtında ödəmədiyi ödənişin 0,1%-i məbləğində dəbbə pulu ödəməlidir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 3601,48 manat əsas borcu yaranmışdır.Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə K2021-021 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən, satıcı bu müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən satıcı bu müqavilə qüvvəyə mindikdən sonra alıcının tələbatını və bu müqvilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı (malları) təhviltəslim aktı əsasında alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra satıcı tərəfindən alıcıya elektron qaimə-faktura göndərilir. 5.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malın hər bir vahidinin və ƏDVni nəzərə almaqla malın satış qiyməti Qiymət Razılaşdırma protokolu (Qiymət cədvəli) ilə müəyyən edilir. 5.3-cü bəndinə əsasən Alıcı qəbul etdiyi mal (malların) dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 (otuz) gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. 5.4-cü bəndinə əsasən razılaşdırılmış müddət ərzində mal (malların) dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etmə hüququna malikdir. Alıcı mal (malların) satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i məbləğində (ümumi məbləğin 30%-dən artıq olmamaq şərtilə) dəbbə pulu ödəməlidir. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı andan etibarən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməsi şərt ilə 1 il müddətində qüvvədədir. Müqavilə müddətinin bitməsinə qədər tərəflər müqaviləyə xitam vermələri barədə qarşı tərəfə hər hansı yazılı bildiriş göndərmədiyi halda müqavilə daha bir il müddətinə uzadılmış hesab edilir. İş materiallarına əlavə edilmiş borcların qarşılıqlı üzləşdirilməsi haqqında aktdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixi üçün 3601,48 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu akt iddiaçının və cavabdehin nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarına əlavə edilmiş Malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı elektron qaimələrə əsasən cavabdeh müxtəlif məbləğlərdə mallarla təchiz edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, elektron qaimələr, üzləşdirmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (Qiymət Cədvəlində) əks olunan malları alıcıya satmağı, alıcı isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 5.4-cü bəndinə əsasən, alıcı gecikdirilən hər gün üçün vaxtında ödəmədiyi ödənişin 0,1%-i məbləğində dəbbə pulu ödəməlidir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 3601,48 manat əsas borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 3601,48 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı cavabdehdən “1088.44 manat məbləğində dəbbə pulu tələb edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən alıcı mal (malların) satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i məbləğində (ümumi məbləğin 30%-dən artıq olmamaq şərtilə) dəbbə pulu ödəməlidir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də hazırki iş üzrə iddianın qiymətinə uyğun ödənilən dövlət rüsumu 67 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 3601,48 manat borc, 100 manat cərimə borcu və 67 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar