Məhkəmə qərarları › İş №e-2-2(117)-713/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-713/2023

03.07.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-713/2023 03.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ surəti Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “fiziki şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan 2174,1 manat, İcbari Tibbi Sığorta Fonduna olan 201,93 manat borcunun ödənilməsini təmin etmək üçün xx.xx.1977-ci il təvəllüdlü, Göyçay rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA – *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan Maraqlı şəxs öhdəliklərini yerinə yetirmədiyindən onun Dövlət Sosial Müdafiə Fonduna 2174,1 manat, İcbari Tibbi Sığorta Fonduna 201,93 manat borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 2174,1 manat, İcbari Tibbi Sığorta Fonduna 201,93 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, toy paltarları satan mağaza işlədir. Pandemiya vaxtı toy olmadığına görə mağazada alver və gəliri olmamışdır. Bu səbəbdən vergi pulunu ödəyə bilməmış, nəticədə vergi borc yaranmışdır. Hazırki borcun bir hissəsini ödəmişdir və qəbzləri yanındadır. Borcun qalan hissəsini isə işləyib ödəyəcəkdir. Maraqlı şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 150 manat və xx.xx.2023-cü il tarixdə 150 manat ödəniş edilmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Vergi ödəyicisi olan fiziki şəxsin şəxsi hesab vərəqəsi, bildiriş, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifəsidir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan fiziki şəxs öhdəliklərini yerinə yetirmədiyindən Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 2174,1 manat, İcbari Tibbi Sığorta Fonduna 201,93 manat borcu yaranmışdır. Maraqlı şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən göründüyü kimi, xx.xx.2023-cü il tarixdə saat 14:55 və 14:56-da DSMF üzrə 100 manat, icbari tibbi sosial sığorta üzrə 50 manat, xx.xx.2023-cü il tarixdə DSMF üzrə 150 manat ödəniş edilmişdir. Hazırki ərizə xx.xx.2023cü il tarixdə saat 11:18-də elektron qaydada məhkəməyə daxil olmaqla maraqlı şəxs ərizə məhkəməyə göndərildikdən sonra ödəniş etdiyindən, qalan xx.xx.2023-cü il tarixdə edilmiş ödənişlər isə ərizə məhkəməyə təqdim edilənə qədər göndərildiyindən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə edilmiş ödənişlər nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fonduna 1924,10 manat, İcbari Tibbi Sığorta Fonduna 151,93 manat borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqqını və icbari tibbi sığorta haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Buna görə də ərizəçi dövlət rüsumunu ödəməkdən azad olunduğundan maraqlı şəxsdən 100 (yüz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü, Göyçay rayonunda doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AA – *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 1924,10 manat, İcbari Tibbi Sığorta Fonduna olan 151,93 manat borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar