Məhkəmə qərarları › İş №e-2-2(117)-714/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-714/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-714/2025 04.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq ödəmədiyi 525.19 manat, cərimə məbləği 98.25 manat, ümumilikdə 623.44 manat məbləğdə və əlavə olaraq ödənilmiş dövlət rüsumu məbləğdə pul vəsaitini Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, 0782 saylı Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı MMC-nin(Satıcı) istehsal etdiyi süd və süd məhsulları Cavabdeh (Alıcıya) satmağı, Alıcı isə öz növbəsində həmin Malları qəbul etməyi və Müqavilənin şərtlrinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 525.19 (beş yüz iyirmi beş manat 19 qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3. bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 14 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəfimizdən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və halhazırda cavabdehin borc məbləği 525.19 AZN təşkil edir. Həmin Müqavilənin 8.1. bəndinə əsasən - Tərəflər arasında bu Müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (yazılı xəbərdarlıq (Pretenziya) xx.xx.2023cü il tarixində təqdim edilmişdir), cavabdeh yaranmış borcunu bu günə kimi ödəməmişdir. Həmin Müqavilənin 5.1. bəndinə əsasən - Alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişietmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 12 aprel 2023-cü il tarixinə olan cərimənin məbləği 98.25 (doxsan səkkiz manat, 25 qəpik) manat təşkil edir. Beləliklə cavabdehin ümumi borcu – 623.44 (altı yüz iyirmi üç manat, 44 qəpik) manat təşkiledir. İİ. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Məhkəmənin mövqeyi:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “Satıcı” İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2024-cü il tarixli M2024 0782 nömrəli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında istehsal etdiyi malları alıcıya satmağı, alıcı isə öz növbəsində malları qəbul edib, bu müqaviləyə əlavə 2 də göstərilən şərtlərdə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödəniş etmədikdə satıcı alıcıdan gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1 % həcminə cərimə tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılma protokolundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə əsasında satılacaq malların adları və hər birinin qiyməti tərəflər arasında razılaşdırılmışdır. Həmin protokol iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli M2024 0782 nömrəli müqaviləyə 2 nömrəli əlavə olaraq imzalanmış sazişdən görünür ki, tərəflər arasında satılacaq malların yuxarı həddi 1700 manat müəyyən edilmişdir. Qeyd olunan saziş iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

9. İş materiallarında olan EQF735018 nömrəli xx.xx.2024-cü il tarixli, EQF752026 nömrəli xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə satılan mallar Cavabdeh məxsus “Rofruit” marketə təhvil verilmişdir.

10. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 10918676 nömrəli, xx.xx.2024-cü il tarixli 10088823 nömrəli elektron qaimələrdə də iddiaçının cavabdehə verdiyi mallara görə qeyd olunan borc məbləği öz əksini tapmışdır.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli M2024 0782 nömrəli “Alqı- Satqı Müqaviləsi”-dən irəli gələn 1317,25 manat borcunun 792,06 manat hissəsi ödənilmiş, 525,19 manat hissəsi ödənilməmiş qalmışdır. Nəticədə cavabdehin iddiaçıya 525,19 manat əsas və müqavilədən irəli gələn 98,25 manat cərimə borcu yaranmışdır.

12. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

13. Məhkəmə ilk öncə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməlidir.

14. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etmiş müqavilə üzrə malları cavabdehə təhvil vermişdir. Cavabdeh isə öz növbəsində malları qəbul edib, onun dəyərinin bir qismini ödəməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və cavabdehdən xx.xx.2024-cü il tarixli M2024 0782 nömrəli müqavilə əsasında yaranmış 525,19 manat borc tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə həmçinin hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 26,25 manat məbləğində cərimə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.

17. Qeyd olunanlara və yuxarıda sadalanan normaların tələblərinə əsasən məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli M2024 0782 nömrəli müqavilə əsasında yaranmış 525,19 manat əsas borc və 26,25 manat cərimə borcu olmaqla cəmi 551,44 manat məbləğində pul cavabdehdən tutlaraq iddiaçıya ödənilməlidir.

18. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq 30 manat dövlət rüsumu ödənilmiş, bu barədə iddiaçı tərəfindən iş materiallarına qəbz əlavə edilmişdir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

20. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli M2024 0782 nömrəli müqavilə əsasında yaranmış 525,19 manat əsas borc və 26,25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 551,44 manat məbləğində pul və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçın xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar