Məhkəmə qərarları › İş №e-2-2(117)-72/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-72/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-72/2024 12.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ surəti Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən təbii qazdan istifadə edilməsinə görə yaranmış 616,91 manat əsas borcun və 40 manat ödənilmiş rüsumun məcburi qaydada tutularaq İddiaçı xeyrinə (hesabına) ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Tərəflər arasında Zaqatala rayonunda yerləşən və cavabdehə məxsus qeyri-yaşayış sahəsinə qazın verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə ASX-Zaqatala/1-19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, cavabdehə **********000000 və **********00001 nömrəli abonent kodu verilmişdir. Cavabdeh MMC istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 616,91 manat əsas borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması abonentin saldosu və üzləşmə aktı ilə təsdiqini tapır. Tərəflər arasında xx.xx.2023-cü il tarixə cavabdehin 762,31 manat məbləğində borcunun mövcudluğuna dair qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı tərtib olunmuş və tərəflər həmin aktı imzalayaraq hər iki tərəfin möhürləri ilə təsdiq etmişlər. Cavabdehin imza və möhürünün ölduğu bölmənin sonunda “proses məhkəmədə olduğu üçün razı deyiləm” şəklində qeyd mövcuddur. Cavabdehin **********000000 nömrəli kod üzrə abonent saldosunun “son borc” bölməsində 76,15 manat və **********00001 nömrəli kod üzrə abonent saldosunun “son borc” bölməsində isə 616,91 manat borcun mövcudluğu əksini tapmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən qazdan istifadəyə görə yaranmış 616,91 manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Socar İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Zaqatala rayonunda yerləşən və Zaqatala Broyler MMC-nin istifadəsində olan qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00001 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Zaqatala Broyler MMC arasında sonuncu dəfə xx.xx.2018-cü il tarixli ASX-Zaqatala/1-19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh Zaqatala Broyler MMC-nin istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının **********00001 saylı saylı qaz hesabında 616,91 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc G-100 markalı 80097874 nömrəli sayğacın ******* m mexaniki və ******* m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan 616,91 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. "xxxx" MMC-yə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. Odur ki, hazırki tələbə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya elektron kabineti vasitəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Üzləşmə aktı, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırılması zamanı müəyyən edildiyi kimi tərəflər arasında Zaqatala rayonunda yerləşən və cavabdehə məxsus qeyri-yaşayış sahəsinə qazın verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə ASX-Zaqatala/1-19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, cavabdehə **********000000 və **********00001 nömrəli abonent kodu verilmişdir. Cavabdeh MMC istehlak edilmiş qazın dəyərini ödəmədiyindən **********00001 nömrəli kod üzrə təbii qazdan istifadəyə görə hesabında 616,91 manat əsas borc yaranmış və yaranmış borc ödənilməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması abonentin saldosu və hər iki tərəfin imzalayaraq möhürlə təsdiq etdikləri üzləşmə aktı ilə təsdiqini tapır. Cavabdehin 616,91 manat məbləğdə borcunun olması abonentin saldosu və üzləşmə aktı ilə təsdiqini tapdığından məhkəmə qeyd edir ki, 616,91 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə, üzləşmə aktında “proses məhkəmədə olduğu üçün razı deyiləm” kimi qeydə münasibətdə qeyd edir ki, bu qeyd borcun mövcud olmamasını inkar etmir. Qeydi daxil edən tərəf razı olmamasının səbəbini işin məhkəmədə olması ilə əsaslandırır, lakin üzləşmə aktında olan borcu etiraf edərək təsdiq etmişdir. Bu səbəbdən də məhkəmə üzləşmə aktında olan qeydi borcun mübahisələndirilməsi və ya mövcud omamasının əsası kimi qiymətləndirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 40 manat mediasiya xərci ödənildiyindən və iddiaçı ödədiyi mediasiya xərcini cavabdehdən tələb etdiyindən ödənilmiş 40 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 616,91 manat borc və 40 manat mediasiya rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar