Məhkəmə qərarları › İş №e-2-2(117)-729/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-729/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-729/2021 28.10.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Talıbzadə Xəyal Eldəniz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “NDQ 009718 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 19066,32 manat elektrik enerjisi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 03.06.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları və istehlakçının nümayəndəsinin iştirakı ilə Şəki şəhəri, Şəki-Oğuz yolu şossesi 2 ünvanında yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hər gün 17:35-dən 17:45-ə və 08:13-dən 08:22-yə qədər sayğac sistemində yüklər demək olar sıfır olur. 6 kv-luq PQ-də “A” və “C” fazalarda araşdırılmış cərəyan transformatorlarının İİ tərəf sayğac dövrəsini qidalandıran sıxaclarda və vintlərdə müdaxilə izləri vardır. Aktla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək 19066,32 manat məbləğində pulun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə iki mənbədən elektrik enerjisi təchzatı həyata keçirilir, hər mənbədə sayğac vardır və hər iki sayğac üzrə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Lakin cavabdehin nümayəndələri tərəfindən onun məlumatı olmadan barəsində 03.06.2021-ci il tarixdə akt tərtib edilmişdir. Aktın tərtib edilməsində heç bir əsas yoxdur, bu səbəbdən akt əsasında hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdi. Cavabdeh iddia tələbinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sayğaclara vaxtaşırı müdaxilə olunmuş və enerji sərfiyyatı sayğacda qeyd edilməmiş, enerji itkisi baş vermiş, sayğac şəbəkədən ayrıldığından sayğacın göstəricisi bu sərfiyyatı müəyyən hissədə qeydə ala bilməmişdir. Odur ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki,iddiaçıya xidmət edən sayğacın yaddaşına daxil olarkən həmin sayğacdan keçən elektrik enerjisinin qeyd edilmədiyi hallar aşkar edilmiş, həmin cərəyan transfarmatoruna müdaxilə edildiyi, sayğaca daxil olan xətlərin ayrıldığını və elektrik enerjisinin birbaşa verildiyi müəyyən edilmiş, həmin naqillərin parlaq olması və üzərində cızıqların olması, tozlu olmaması və həmin ərazidə ayaq izlərinin olması buna əsas verir. Bundan əlavə cərəyan transfarmatorunun həmin hissədə qapısına plomb vurulduğu, plombun açılmadığı, arxa hissədən həmin əraziyə daxil olduqlarını bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Akt, abunə haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış işıq sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Qeyd edilən baxış keçirilən cərəyan transfarmatorunun yerləşdiyi ərazi iddiaçının inzibati ərazisinə aid olmasını tərəflər etiraf etmişlər. Ona görə də cavabdeh müəssisənin iddiaçının yerləşdiyi əraziyə daxil olub baxış keçirərkən mütləq yoxlamalar reyestrində qeydiyyata alınmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Əslində qeyd edilən halın ortada olması cavabdehin hazırkı mübahisələndirilən məbləğin iddiaçının hesabına yazılması ilə bağlı fəaliyyətinin qanunsuzluğunu təsdiq edir. Həmin yoxlama qanunvericiliyin tələbləri pozulmaqla və reyestrdə qeydiyyat aparılmadan keçirilmişdir. Bundan əlavə, məhkəmə işin mahiyyəti ilə tərəflər üçün aydın olması üçün qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “Elektrik enerjisindən İstifadə Qaydalarının” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş işıq sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş elektrik enerjisindən dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Qaydaların: 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Hazırkı mübahisənin mövzusu cərimənin hesablanması qaydası deyil, sayğacda mövcud olan qüsurlarla bağlı iddiaçının təqsirinin olub-olmamasıdır ki, hazırkı vəziyyətdə də iddiaçının təqsiri sübut olunmur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən Şəki şəhəri, Şəki-Oğuz yolu şossesi 2 ünvanında yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstində yoxlama aparılmış, yoxlama zamanı sayğaclara müdaxilələr müəyyən edilərək, bununla bağlı 009718 nömrəli akt tərtib edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı iki mənbədən elektrik enerji təchizatı həyata keçirilir (şəhər xətti və sənaye xətti). Tərəflər bunu etiraf edirlər. Belə ki, iddiaçıya iki sayğac vasitəsilə elektrik enerjisi ötürülür. Onların biri **********50 abonenet kodu altında olan **********M13048823 nömrəli sayğac, digəri isə **********9 nömrəli abonent kodu altında **********1M6013993 nömrəli sayğacdır. Günün müəyyən saatlarında (səhər və axşam) şəhər xəttində gərginlik az olduğundan tam elektrik enerjisi həyata keçirilə bilmədiyindən sənaye xəttinə qoşulma edilir. Bu isə xəsmi elektrik enerji təminatı mənbəyi olduğundan belə qoşulma qeyri-qanuni deyildir. Hazırkı akt isə **********9 nömrəli abonent kodu üzrə olan 6 kv-luq enerji xətti üzrə tərtib edilmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi və məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş şəxs də etiraf edir ki, cərəyan transfarmatoruna baxış (qapı) hissəsi plomblanıb və həmin plomb pozulmamışdır. Qeyd edilən transfarmatorun arxa hissəsindən daxil olmaqla açılma baş verdiyi qeyd edilir. Məhkəmə bu halla da razılaşmır, çünki qeyd edilən akt tərtib edilərkən ən azı iki bitərəf hal şahidi iştirak etməli və keçən elektrik enerjisinin həqiqətən sayğacda qeyd edilməməsi faktı təsdiq edilməlidir. Hər iki tərəf etiraf edir ki, bir elektrik xətt mənbəyindən digərinə qoşulma zamanı açılmanın olması mütləqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmin aktlar isə sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işıq sayğacına müdaxilədə iddiaçının (istehlakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən və aparılmış yoxlama qanunvericiliyin tələblərinə uyğun olmadan aparıldığından həmin akt əsasında hesablanmış 19066,32 manat borc məbləği silinməlidir. Bundan əlavə iddiaçının tələbinin aktın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən akt öhdəlik yaradan və hansısa məsuliyyət müəyyən edən sənəd olmadığından, yalnız hər hansı faktn baş verməsi ilə bağlı sənəd olduğundan bu tələbin təmin edilməsinin hər hansı bir hüquqi nəticəsi olmayacaqdır. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı 200 manat mediasiya xərci ödədiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən ödənilməli dövlət rüsumundan azad edildiyindən, dövlət rüsumu iddia təmin edildiyi üçün cavabdehdən tutulmalıdır. Bundan əlavə qeyd edilən iş 10.09.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan tutulmalı olan dövlət rüsumunun məbləği 30 manatdan çox olmamalıdır. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 03.06.2021-ci il tarixli NDQ 009718 nömrəli akt əsasında itirilmiş elektrik enerjisinin sərfiyyatı kimi hesablanmış 19066,32 manat borc iddiaçı “X5” ASC-nin hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar