Məhkəmə qərarları › İş №e-2-2(117)-736/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-736/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-736/2024 29.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1070 manat borcun və ödənilmiş 30,7 manat pulun tutulması” tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05\2023 nömrəli alğı-satqı müqaviləsinə əsasən təchizatçı kosmetoloji vasitələri ilə alıcını təchiz etməyi, sonuncu isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mal təhvil verilərkən qaimə, təhvil-təslim aktı, malın sertifikatı adlı sənədləri satıcı alıcıya təqdim edir. 4.2-ci bəndinə əsasən alıcı malları satışa qəbul etdikdən sonra, malların dəyərinin ödənişi realizasiya ilə həyata keçirilir. İddiaçı tərəfindən tələbin sübutu qismində xx.xx.2024-cü il tarixli 183150 nömrəli elektron qaimə-faktura məhkəməyə təqdim edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 1070 manat borcu yaranmışdır. Qeyd olunan məbləğdə cavabdehin borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 183150 nömrəli elektron qaiməfaktura ilə öz təsdiqini tapır. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya ilə müraciət olunmasına baxmayaraq borc ödənilməmiş qalmışdır. Borc ödənilmədiyindən tərəflər arasında mübahisə həllini tapmamış və bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqaviləyə əsasən İddiaçı MMC öhdəliyini icra edərək Cavabdeh ümumilikdə 1070 manat məbləğində mal ilə təchiz etmişdir. Hazırki vaxtadək Cavabdeh yuxarıda sözügedən müqavilə üzrə ona satılan malların 1070 manat məbləğində olan dəyərinin ödənilməsini təmin etməlidir. Beləliklə də cavabdehlə aralarında bağlanmış yuxarıda sözügedən müqavilədən yaranmış borc ümumilikdə 1070 manat təşkil edir, həmin borcun ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə EBD2 seriyalı, 183150 nömrəli elektron qaimə-faktura təqdim olunsa da, həmin qaimə cavabdeh tərəfindən icra olunmamışdır. Cavabdehlə olan mübahisənin məhkəmədənkənar həlledilməsi mümkün olmamışdır. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziyada borc məbləğinin 10 bank günü ərzində ödənilməsi xahiş olunmuşdur. Lakin cavabdeh həmin pretenziyaya bu və digər cavab verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Elektron qaimə-faktura, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05\2023 nömrəli alğı-satqı müqaviləsinə əsasən təchizatçı kosmetoloji vasitələri ilə alıcını təchiz etməyi, sonuncu isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mal təhvil verilərkən qaimə, təhvil-təslim aktı, malın sertifikatı adlı sənədləri satıcı alıcıya təqdim edir. 4.2-ci bəndinə əsasən alıcı malları satışa qəbul etdikdən sonra, malların dəyərinin ödənişi realizasiya ilə həyata keçirilir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 1070 manat borcu yaranmışdır. Qeyd olunan məbləğdə cavabdehin borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 183150 nömrəli elektron qaiməfaktura ilə öz təsdiqini tapır. Məhkəmə xx.xx.2024-cü il tarixli 183150 nömrəli elektron qaimə-fakturaya münasibətdə qeyd edir ki, həmin elektron qaimə-faktura orda adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni müqavilə şərti ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdeh iddia tələbinə etirazını və bunu əsaslandıracaq sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən 1070 manat məbləğində borcu qalmışdır ki, bu səbəbdən 1070 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1070 manat) ödənilməli dövlət rüsumu 30,7 manat təşkil edir ki, iddiaçı tərəfindən 30,7 manat dövlət rüsumu ödənildiyindən və həmin məbləği cavabdehdən tələb etdiyindən ödənilmiş 30,7 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1070 manat əsas borc və 30,7 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar